Diskotekaya etiraz edən inanclılar içəridə fiziki təzyiqə məruz qalıblar; onları iki ildən beş ilədək həbs cəzası gözləyir
m/Aran agentliyi
Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Masallıda bir qrup dindar həbs olunub. Yerli xeber44.com saytının məlumatına görə, Masallı Şəhər Gənclər Mərkəzində təşkil olunmuş diskotekaya etiraz edən dindarlara polis hücum edib. Bundan sonra “xeber44.com” saytının redaktoru Araz Quliyev də daxil olmaqla, 10 nəfərə yaxın dindarı həbs edərək rayon polis şöbəsinə aparıb.
Saxlanılanlar daha sonra azad edilsələr də, A.Quliyev, Rza Ağalı və Ziya Tahirov adlı dindar saxlanılıb. Sentyabrın 10-da onlar məhkəməyə çıxarılıblar və barələrində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
“Media forum” saytının sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə xəbəri təsdiqləyib. Şöbə rəisi bildirib ki, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: “Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə cinayət işi açılıb”. Qeyd edək ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən törədilən xuliqanlıq iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ötən gün Masallı olayları ilə bağlı qəzetimizi bilgiləndirən xeber44.com saytının əməkdaşı bildirdi ki, həbs edilən dindarların durumu ilə bağlı onlarda məlumat yoxdur. Eyni zamanda saxlanılanların vəkilinin olmadığı, yalnız hökumətin təyin etdiyi vəkilllə təmin edildiyini bildirdi: “Biz onları məhkəməyə gətiriləndə gördük. Yaxınlaşmaq istəyəndə polis qovurdu. Vəkilimiz də yoxdur, vəkillərə inanmırıq, hökumətin təyin etdiyi vəkildir. Uzaqdan gördük, üzlərində döyülmə izləri hələ də qalırdı. Əsasən Araz Quliyevi və Ziya Tahirovu döyüblər, vəhşicəsinə. Ziya Tahirov rayon dindarlarındandır, bazarda cehiz əşyaları satırdı. Dindar, təqvalı insandır. Rza Ağalı da yerli möminlərdəndir, Masallı Cümə məscidində Quran dərsi keçirdi, dini məclislərdə rövzə, mərsiyə deyirdi”.
Sentyabrın 10-da Araz Quliyev və Rza Ağalı barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə “Media forum” saytına Araz Quliyevə dövlətin təyin etdiyi vəkil Qəhrəman Əliyev məlumat verib. O bildirib ki, Araz Quliyev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) təqsirləndirilir: “Araz Quliyev məhkəmə çıxışında bildirdi ki, festivala aid tədbirdə diskotekanın, yarıçılpaq rəqqasələrin yığışdırılmasını tələb edib, milli adət-ənənələrə, milli mentalitetə hörmət etməyə çağırıb. Heç bir xuliqanlıq etmədiyini, sadəcə etiraz etdiyini söylədi”. (musavat)