Azərbaycan İslam Partiyası ABŞ-da baş verənlərə qarşı etiraz bildirən bəyanat verdi
/Aran Agentliyi
İlin əvvəlində ABŞ-da müsəlmanların, həmçinin bütün bəşəriyyətin fəsadlardan qurtuluş və müqəddəs kitabı Qurani-Kərimin yandırılmasına cəhdlər edildi. Keşişin bu addımı hər yerdə, o cümlədən Amerikada pislənildi. Niyyəti, əlbəttə, müsəlmanların emosiyalarını coşdurmaq, qarışıqlıq və xaos yaratmaq idi.
İslam cəmiyyətlərinin sabit idarə olunmasına var qüvvəsi ilə əngəllər törətməkdə, islamofob hərəkətlərində maraqlı olan qüvvələr vaxtaşırı ekstremal situasiyalardan yararlanaraq sivilizasiyalararası münasibətlərin gərginləşməsinə cəh edir, xalqların dinc yanaşı yaşamasını pozmağa çalışırlar.
Amerikada əziz İslam Peyğəmbəri Mühəmməd (s) haqqında aşağılayıcı filmin çəkilişi də məhz bu məqsədə xidmət edir. 11 sentyabr ərəfəsində belə bir addımın atılması siyasi anlamda bəşəri cinayət, insanlığa qarşı təhqir kimi qiymətləndirilməlidir. Bir ölkə daxilində yaradılmış dəhşətli mənəvi-psixoloji uçurum və onun faciəvi təzahürlərinin təkrarı və ixrac olunması onu göstərir ki, bu hallara və onun yaranma mühütünə qarşı yüksək səviyyədə mübarizə və ya etiraz yoxdur.
AİP İslama qarşı, Peyğəmbərə( s) qarşı təhqirlərin bu gün Liviyada, Misirdə törətdiyi arzuolunmaz situasiyaların daha ağır nəticələr verəcəyindən narahatlıq keçirdiyini bəyan edir və dünya ictimaiyyətini, beynəlxalq tərkibli təşkilatları təxribatlara qarşı ciddi tədbir görməyə və təpki göstərməyə çağırır. Azərbaycanın mömin insanları, bütün müsəlmanları adından bildiririk ki, dövlətimiz bu hallara qarşı biganə qalmamalı, üzv olduğumuz İslam Konfransı Təşkilatı, BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə rəsmi etiraz notası ilə çıxış etməli, mövqe sərgiləməlidir.
Dünya nizamını pozmaq istəyənlər İslam dinini alətə çevirmək istəyirlər. Eyni zamanda müsəlmanlarınn heysiyyatına toxunmaqla onların dinimizə olan sevgi və məhəbbətini bilərək insanları dözümsüzlüyə təhrik edir və sərt addımlar atmalarına nail olmaq istəyirlər. Əlbəttə biz bacı və qardaşlarımızı bu təxribatlara uymamağa, düşmənin niyyətini anlamağa və düzgün qiymətləndirməyə çağırırıq.