Teymur Abdullayev: “Zabitlərin əsgərlərə qarşı xoşagəlməz davranışlarının baş verməməsi üçün ciddi tədbirlər görülür və görüləcək”
m/Aran Agentliyi
Müdafiə Nazirliyinin Naxçıvandakı N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmətdə olmuş əsgəri İsmayıl İbayevin ölümü ilə əlaqədar cinayət işinin istintaqı Naxçıvan Hərbi Prokurorluğunda davam etdirilir. Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, əsgər İsmayıl İbayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Ekspertizanın rəyinə əsasən müəyyən olunub ki, mərhum İ.İbayevin ölümünə səbəb baş beyin toxumasının dağılması, massiv qan itirmə, kəllə qapağı sümüklərinin sınığı ilə müşayiət olunan, başın bir ədəd dəlib keçən odlu silah-güllə yaralanması olub. Aparılmış istintaqla müəyyən edilib ki, N saylı hərbi hissənin bölük komandiri kapitan Rövşən Ataşov Hərbi Nizamnamə qaydalarını pozaraq tabeliyində olan mərhum əsgər İsmayıl İbayevi bir neçə dəfə sillə ilə vuraraq döyüb. R. Ataşov CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Zabitin əsgərin ölüm işi ilə bağlı həbs edilməsinə Müdafiə Nazirliyinin mövqeyini öyrənmək üçün mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevlə danışdıq. O bildirdi ki, bəzi qəzetlərdə Hərbi Prokurorluğun rəsmi açıqlaması ixtisar edilərək verilib: “Hərbi Prokurorluğun açıqlamasında bildirilib ki, əsgər İbayevin meyiti 7 sentyabrda qəbirdən çıxarılıb müayinə olunarkən, meyitin daxili orqanlarının yerində olduğu təsdiq edilib, onun daxili orqanlarından nümunələr götürülərək məhkəmə-tibbi ekspertizası təyin edilib. Amma meyitin daxili orqanlarının çıxarılaraq satılması barədə xüsusatlar öz təsdiqini tapmayıb. Nədənsə, bu cür ciddi açıqlamanı bir sıra mətbu orqanlar dərc etməyib. Hərbi Prokurorluğun həm bu məsələ, həm də zabit Rövşən Ataşovun həbs olunması barədə açıqlamasından əlavə biz nə isə deməyə ehtiyac görmürük”.
T.Abdullayev qeyd etdi ki, hərbi hissələrdə zabitlərin əsgərlərə qarşı xoşagəlməz davranışlarının baş verməməsi üçün Müdafiə Nazirliyi ciddi tədbirlər görür: “Naxçıvandakı hərbi hissədə baş verən hadisəyə bənzər hadisələrin təkrarlanmaması üçün nə lazımdırsa edilir, ciddi tədbirlər görülür. Bundan sonra daha da ciddi tədbirlər həyata keçiriləcək”.(musavat)