Tarix : 2012 Sep 14
Kod 32697

İSLAM ƏLEYHİNƏ TƏXRİBATÇI FİLMİN MÜƏLLİFİ ORTAYA ÇIXDI

Aktyorlar yəhudi əsilli rejissorun onları aldatdığını deyir; Amerika hərbi gəmiləri Liviya sahillərinə yaxınlaşdı; Yəməndə və İranda da etirazlar başladı...
m/Aran Agentliyi

ABŞ-ın Liviyanın Benqazi şəhərində yerləşən konsulluğuna təşkil olunan hücum əvvəlcədən planlaşdırılıbmış. “Azadlıq” radiosunun məlumatına görə, bu barədə Ağ Ev hökuməti bəyanat yayıb. Bildirilir ki, hücumda silahlı “Ənsar əş-Şəriə” və “əl-Qaidə İslam Məğribində” (“Məğrib” ərəbcə “qərb” deməkdir, daha çox Şimali Afrika mənasında işlədilir - K.) qruplaşmalarının iştirakı istisna olunmur.

 

Barak ObamaƏgər məlumatlar təsdiqlənsə, o zaman bölgədə ABŞ-ın “əl-Qaidə”yə qarşı yeni əməliyyatları başlayacaq. ABŞ prezidenti Barak Obama bəyan edib ki, hücum edənləri “ədalətin qarşısına çıxaracaq”. Obama hücumun Liviya ilə münasibətlərə zərər vurmayacağını da bildirib. Eyni zamanda Ağ Evdən yayılan məlumatda prezidentin bütün dünyadakı ABŞ səfirliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı tapşırıq verdiyi əksini tapıb. Dünən xarici media iki ABŞ döyüş gəmisinin Liviya sahillərinə yaxınlaşdığı ilə bağlı məlumat yayıb. Gəmilərin yüksək səviyyəli döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir.

Xatırladaq ki, ABŞ-da İslam dinini aşağılayan filmin nümayişinə etiraz olaraq sentyabrın 11-də bu ölkənin Misirdə və Liviyada yerləşən diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirilib. Qahirədəki Misir səfirliyində Amerika bayrağı endirilərək yandırılıb. Liviyanın ikinci böyük şəhəri olan Benqazidə yerləşən ABŞ konsulluğu qarşısında baş verən insident zamanı isə silahlı şəxslər qumbaraatanlarla konsulluğa hücum ediblər. Hücum zamanı konsulluqda olan ABŞ-ın bu ölkədəki səfiri Kristofer Stivens və səfirliyin 3 əməkdaşı ölüb. Konsulluq isə yandırılıb.

Qeyd edək ki, ötən gün dünya mətbuatında qalmaqala səbəb olan film barədə məlumatlar yayılıb. “Azadlıq” radiosunun məlumatında qeyd olunur ki, 5 milyon dollara başa gələn film “Müsəlmanların günahsızlığı” adlanır. Həvəskar tərəfindən çəkilmiş filmdə Məhəmməd Peyğəmbərin (s.ə.s) obrazı aktyor tərəfindən canlandırılıb, eləcə də İslam Peyğəmbəri (s) ağıl göstəriciləri aşağı olan, qadın düşkünü olan qaniçən şəxs qismində təqdim edilir.

Məlum olub ki, qalmaqalı filmin rejissoru Sem Besil adlı bir amerikalıdır. Amerikada hələlik cəmi bir dəfə nümayiş olunan filmin müəllifinin hazırda gizləndiyi deyilir. “The Wall Street Journal” qəzetinə müsahibə verən S.Besil filmi bilərəkdən müsəlmanlara və İslama qarşı nifrətindən çəkdiyini etiraf edib (milli.az). Sitat: “Bəli, etiraf edirəm ki, filmi qəsdən, bilərəkdən çəkdim. Məqsədim provokativ bir lent, kütlələri hərəkətə gətirəcək əsər hazırlamaqdı. Bu film İslama və müsəlmanlara qarşıdır. Çünki İslam bəşəriyyətin vücudundakı xərçəng yarasıdır, müsəlmanlar isə məhv edilməsi gərəkən murdar həşəratlar”. “Rejissor” bildirib ki, filmin çəkilişi üçün 100 nəfərə yaxın yəhudi sponsordan 5 milyon dollar toplayıb. “Filmimi İsrail üçün çəkmişəm”, - əslən yəhudi olan Sem Besil belə deyib.

O da məlum olub ki, S.Besil kino sahəsi ilə əlaqəsi olmayan birisidir, onun daşınmaz əmlak biznesi ilə məşğul olduğu bildirilir. 2 saatlıq filmi bu ilin əvvəli bircə dəfə Hollivuddakı kinoteatda da göstəriblər. Bacile deyir ki, zal demək olar, boş olub. Filmə daha bir islamafob, iki il əvvəl Florida ştatında Quranı nümayişkaranə şəkildə yandırmış rahib Terri Cons dəstəkçi olub.

Qalmaqallı filmdə rol alan 80-ə yaxın aktyor bəyanatla çıxış edərək aldadıldıqlarını, filmin bu şəkildə hazırlanacağını bilmədiklərini bəyan ediblər. Yerli mətbuata açıqlama verən aktyorlar hadisədən kədərləndiklərini və prodüserin onlardan istifadə etdiyini söyləyiblər.

faktxeber.com saytının məlumatına görə, açıqlamada, aktyorlar “yüz faiz deyə bilərik ki, filmi müdafiə etmirik. Filmin məqsədləri barəsində səhv məlumatlandırılmışıq”, - deyə bildiriblər. Onlar “aldadıldıqlarını və filmdəki obrazların dublyajla orijinalından fərqli hala gətirildiyini” iddia ediblər. Daha sonra ssenaridə yer alan səhv ifadələrə görə heyrətləndiklərini bildirən aktyorlar baş verən hadisələrdən kədərləndiklərini deyiblər. Qeyd edək ki, ötən il “Backstage” jurnalında filmin məzmunu “Tarixi ərəb səhrasında macəra” kimi təqdim edilmiş, film “Səhra döyüşçüləri” adıyla verilmişdi.

Ötən gün İsrail hökuməti də qalmaqallı filmə münasibət bildirib. İsrail XİN sözçüsü Yigal Palmor deyib ki, ABŞ-ın yəhudi əsilli vətəndaşı Sam Basilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı filmlə heç bir əlaqələri yoxdur (deyerler.org). Palmor həmçinin qeyd edib ki, Liviyadakı ABŞ səfirliyinə edilən hücumdan sonra onlar da təhlükəsizlik tədbirlərini artırıb.

Əlavə edək ki, İslam dinini təhqir edən filmə etiraz olaraq ötən gün Tehranda və Yəmən paytaxtında yerləşən ABŞ səfirliyi qarşısında etiraz nümayişi keçirilib. BBC-nin xəbərinə görə, səfirlik qarşısına toplaşan minlərlə sakin qalmaqallı filmə etirazlarını bildirib. Aksiya insidentlə başlayıb. Belə ki, səfirlik qarşısında yerləşən avtomobillər yandırılıb. BBC müxbiri Yəmən polisinin havaya atəş açmaqla aksiyaçıları dağıtmağa çalışdığını yazıb. Ancaq buna baxmayaraq, bir neçə aksiya iştirakçısı səfirlik binasına daxil ola bilib. Yalnız polisin göz yaşardıcı qazdan istifadə etməklə həyata keçirdiyi müdaxilədən sonra aksiyaçıları səfirliyin həyətindən çıxarmaq mümkün olub. Ancaq səfirlik qarşısında aksiya davam edib.

Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursi isə islamiyyəti və Peyğəmbəri təhqir edən filmi qınayan açıqlama ilə çıxış edib. Ancaq eyni zamanda o, xaricdən gələn qonaqların qorunmasının Misir dövlətinin vəzifəsi olduğunu qeyd edərək, aksiyaçıları şiddətdən uzaq olmağa çağırıb. Türkiyə mətbuatının yazdığına görə, Misir Prokurorluğu ABŞ-da yaşayan və Hz. Peyğəmbəri (ə) təhqir edən filmin çəkilişində iştirak edən 9 qibti barədə həbs qərarı çıxarıb. Prokurorluğun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Markoz Əziz, İsmət Zəlqamə, Moriz Sadiq, Nəbil Bisadə, İhab Yaqub, Cek Ataulla, Nahid Mütəvali, İlya Basiyli, Adil Riyad və amerikalı keşiş Terri Cons Misir torpaqlarına daxil olacağı təqdirdə həbs ediləcəklər.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Sep 14