Tarix : 2012 Sep 16
Kod 32756

Hacı İlqar: “Yol qəzaları ona görə artır ki...”

Hər gün çoxlu sayda yol qəzalarının baş verməsi barədə məlumatlar yayılır
/Aran Agentliyi

 - Hər gün çoxlu sayda yol qəzalarının baş verməsi barədə məlumatlar yayılır. Artıq bu sahədə statistikanın günü-gündən pisləşməsi barədə danışmaq olur. Bəs bunun səbəbi nədir?

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu məsələni “Dəyərlər”ə belə şərh etdi:

 

- Yol qəzalarının artmasının əsas səbəbi – yolların yarıtmaz vəziyyəti, logistikanın formal tətbiqi, əsassız sürət və hərəkət məhdudlaşdırılmaları və bəzi sürücülərin məsuliyyətsiz yanaşmalarıdır. Bunların hər biri barədə saatlarla danışmaq olar, amma əksər insanlar söhbətin nədən getdiyini bilir. Ortada olan budur ki, yollarda güclü stress vəziyyəti hökm sürür və bu amil, bir sıra hallarda yol situasiyalarını qəza tutumlu edir və bunun da ağır nəticələri olur.

Qeyd edək ki, uzun müddətdən bəri DYP məsulları israr edirdilər ki, yol qəzalarının artımının qarşısını almaq üçün yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh normaları sərtləşdirilməlidir. Lakin, qanunvericiliyin silsiləvi sərtləşdirilməsinə baxmayaraq, vəziyyət ancaq pisləşir. Çünki, istənilən obyektiv ekspert təsdiq edər ki, hər hansı bir normanın sərtliyinin birbaşa məhdudlaşdırıcı effekti olmur. Fikir versəniz, məmurlar cərimələrin artımından sonra pozuntuların artımını heç cür şərh etmirlər. Belə ki, hər hansı şərh onların əleyhinə işləyəcək. Aydındır ki, hələ dünyada heç kəs qanunu sərtləşdirməklə lazımi nəticə əldə etməyib. Burada bir etidal həddi var: qanun nə lazımından yumşaq, nə də qeyri-adekvat sərt olmalıdır. Təbii ki, cərimələrin bugünkü səviyyəsi orta azərbaycanlının büdcəsindən qat-qat artıqdır. Amma yol hərəkəti qaydalarının əsas pozucuları üçün bu cərimələrin 10 dəfə də artıq məbləği heç bir əhəmiyyət daşımır.

Reallıq budur ki, yol qəzalarının azalması kompleks tədbirlərə bağlıdır. Və bu tədbirlər qısamüddətli kampaniya halında deyil, ciddi və davamlı səciyyə daşımalıdır.

Bu sahədə maarufçiliyə önəm vermək lazımdır. Kinolar çəkilməli, davamlı verilişlər hazırlanmalıdır. Avtoxuliqanlığın cəzzabiyyəti aradan qaldırılmalıdır. Qadağalar gücləndikcə, avtoxuliqanlığın saxta “romantikası” da güclənir.

Yollarla bağlı durum artıq hər bir tənqiddən kənardır – sözün pis mənasında. Dünya standartı budur ki, yolun hansısa hissəsi təmir edildikdə, mütləq alternativ yollar təklif edilməlidir. Bizdə isə yol təmiri zamanı sanki heç kəs sürücülərin durumu ilə maraqlanmır, nəticədə təmirlər mütləq ağlasığmaz tıxaclarla müşayiət olunur.

Nəqliyyatın logistikası barədə də danışmağa dəyməz. Bu sahədə durum acınacaqlı olaraq qalır. Şəhərimiz bir neçə dəfə böyüyüb, amma indi də əksər hallarda 70-ci illərin nəqliyyat marşrutları qüvvədədir.

Ən əsas həll edilməli məsələlərdən biri də - qarşı-qarşıya gələn nəqliyyat axınlarının arasında məhdudlaşdırıcı konstruksiyaların qurulmasıdır. Ən dəhşətli qəzalar qarşı-qarşıya gələn nəqliyyat vasitələri arasında baş verir. Çünki, bu zaman sürətlərin toplanması effekti yer alır.

Vəziyyət o zaman düzələcək ki, müvafiq qurumlar cərimələri artırmaq siyasətindən imtina edərək, bu sahədə real dəyişikliklər etmək istəyəcək.

Deyerler.org

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 16