Tarix : 2012 Sep 21
Kod 32890

Elxan Şahinoğlu: “Fransa ilə əlaqələri müəyyən səviyyədə saxlamağa çalışmaq lazımdır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə gedib
/Aran Agentliyi

 

 Deyerler.Org: Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə gedib. Səfəri çərçivəsində İlham Əliyev fransalı həmkarı Fransua Olandla, sabiq Fransa prezidenti Nikolya Sarkozi və digər görüşlər keçirib.  

Prezidentin Fransa səfərini politoloq Elxan Şahinoğlu Deyerler.Org-a şərhləndirib: “Fransa Azərbaycan üçün bir neçə baxımdan maraq kəsb edən dövlətlərdəndir. Birincisi, Avropa Birliyinin iki lider dövlətindən biridir. Bu baxımdan əlbəttə ki, Fransa ilə əlaqələrə önəm verilməlidir. Çünki Avropa Birliyində sözü keçən ölkədir. Digər tərəfdən də Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Amma çox təəssüf ki, Fransanın bir çox hallarda ermənipərəst mövqeyi onu Azərbaycanın problemlərinə baxışında müəyyən problemlər yaradır. İndiki və keçmiş prezidentlər hər zaman erməni lobbisinə dəstək verirlər və onlara verdikləri vədləri yerinə yetirməyə çalışırlar. Ermənistana Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasına heç bir təsir etmirlər. Buna baxmayaraq hesab edirəm ki, Fransa ilə əlaqələri müəyyən səviyyədə saxlamağa çalışmaq lazımdır. Amma burada bir problem çıxa bilər. Yeni prezident erməni lobbisinə dəstək verib və Sarkozinin həyata keçirə bilmədiyi “soyqırımı” qanunu yenidən parlament gündəliyinə gətirə bilər. əgər belə bir addım atarsa, o, nəinki Türkiyə, eləcə də Azərbaycanla da münasibətləri korlamış olacaq”.

“İlham Əliyev Fransaya səfər edəndən sonra erməni lobbisi orada aksiya keçirdi. Bundan sonra Türkiyə və Azərbaycan lobbisi də Ermənistan əleyhinə aksiya keçirdi. Bundan əvvəl Azərbaycan lobbisinin bu addımları nəzərə çarpmırdı. Demək olarmı ki, Azərbaycan hökuməti Fransada lobbiçilik fəaliyyətini genişləndirir?” sualına müsahibimiz belə cavab verib: “Fransada, digər Avropa ölkələrində, o cümlədən ABŞ-da lobbiçilik fəaliyyətlərini çoxdan başlamaq lazım idi. Əslində türk lobbiləri fəaliyyətdədir. Belə bir qərar da verilmişdi ki, Türkiyə və Azərbaycan lobbiləri birgə hərəkət edəcək. Çox təəssüf ki, bunu çox az müşahidə edirik. Amma çox yaxşı haldır ki, Fransada biz bunun nümunəsini gördük. Bu fəaliyyəti davam etdirmək lazımdır.

Bu, həm də onun üçün olmalıdır ki, bu ölkələrdə yalnız erməni lobbisinin olduğu və həmin ölkələrin hökumətinə təsir etdiyi düşünülməsin. Azərbaycan və Türkiyə lobbisi də fəal olmalıdır ki, onların səsləri də eşidilsin və Azərbaycan əleyhinə bu ölkələrdə qərarlar qəbul edilməsin”.    

 

  • Yazılıb
  • da (də) 2012 Sep 21