/Aran Agentliyi
Torpaq komitəsinin müdiri kəndlilərə məxsus torpaqları varlılara icarəyə verir
HaqqYolu - Masallıda torpaq böhranı davam edir. Problemin yaranmasının səbəbkarı isə rayonda “torpaqyeyən” ləqəbi ilə tanınan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəhbəri Hamid Hadıyevdir. Kənd sakinlərinə məxsus torpaq sahələrini başqalarına satmaqla pul qazanmağa çalışan H.Hadıyev insanların əsəblərini tarıma çəkib. Elə bu səbəbdən də 10-a yaxın kəndin sakinləri prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Rayonun Xəlfələr, Yeyənkənd, Tatyanoba, Güllütəpə, Yelağac, Yeni Zuvand, Oncakələ, Təzə Alvadı və Köhnə Alvadı kənd sakinləri bildirirlər ki, torpaq şöbəsinin müdiri Hamid Hadıyev rayonda özbaşınalıqla məşğuldur. “Vətəndaşlara məxsus torpaqların zorla başqalarına icarəyə verən şöbə müdiri insanlar arasında ciddi narazılıq yaratmaqla yanaşı, həm də dövlətin yürütdüyü siyasətə qarşı çıxır” - deyə, kəndlilər qeyd edib.
Onların sözlərinə görə, bu ilk müraciət deyil. Hələ bir müddət əvvəl də dövlət qurumlarına və prezidentə müraciət ünvanlanıb. Lakin həmin müraciətin üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, cavab verilməyib.
Sakinlər deyiblər ki, Hamil Hadıyev əslində qisas hissi ilə yaşayır. “Edilən müraciətlərdən sonra həmin şəxslər barəsində bir-bir məlumat toplayan sözügedən şəxs onları polis vasitəsi ilə qorxudaraq, niyyətlərini həyata keçirməyə başlayıb. Qorxutduğu adamların torpaqlarını isə imkanlı adamlara satmaqla məşğuldur”.
Onlar belə davam edərsə, Bakıya yürüş edəcəklərini də vurğulayıblar.(musavat)