/Aran Agentliyi
Ötən gün Azadxeber.org saytının müxbiri məktəblərdə növbəti monitorinq keçirib.
İlk monitorinq Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbdə baş tutub. Qapıda bizi qarşılayan nəzarətçi direktorun dərsdə olduğunu və çəkilişə icazə olmadığını bildirib. Müxbirimiz məktəb şagirdləri ilə söhbətləşən zaman bildiriblər ki, hicablı şagirdlər dərsə buraxılmır. Əvvəllər hicablı şagirdlər dərsə gəlirdisə, indi məktəbdə hicablı şagirdlər yoxdur.
Monitorinq üçün Akif Abdullayev adına 211 saylı məktəbə yaxınlaşdıq. Burada qapıda dayanan bir xanım məktəbə girişin mümkün olmadığını, direktorun məktəbdə olmadığını deyib. Biz də öz növbəmizdə məktəb şagirdlərindən mövcud vəziyyətlə bağlı soruşduq. Şagirdlər dedilər ki, məktəbə hicabla gəlmək icazə verilmir. Ötən il məktəbdə bir neçə şagird var idisə, bu il artıq məktəbdə hicablı şagird yoxdur.
Bu dəfə 240 nömrəli məktəbdə monitorinq aparmaq üçün məktəbə daxil olduq. Qapıçı bizi direktorun otağına girməyə imkan verdi. Məktəb direktoru Esmira Məmmədova suallarımızı cavablandırdı. Xanım direktor bildirdi ki, yeni tədris ilində məktəbdə hicablı şagird yoxdur. Ötən il isə, bir hicablı şagird məktəbdə oxuyub.
Monitorinq davam edir. Növbəti monitorinq 266 saylı orta məktəbdə aparılıb. Məktəblilərlə söhbət zamanı məktəbə hicablı şagirdlərin buraxılmaması məlum olub.
133 saylı orta məktəb və Bakı Atatürk litseyində də vəziyyət ağırdır. Hicablı şagirdin dediyinə görə, o dərsə girəndə məcburən hicabı açır, dərsdən çıxanda yenidən hicablanır.
Azadxeber.org saytı son 3 gün ərzində məktəblərdə aparılan monitorinqi yekunlaşdırdı.