Tarix : 2012 Sep 22
Kod 32904

Sivilizasiyaları kim toquşdurur?

İslam dinini, Həzrət Məhəmməd peyğəmbəri (s) təhqir etməklə milyard yarımlıq müsəlman dünyasının dini hisslərini aşağılayan “Müsəlmanların məsumluğu” adlanan film sözün həqiqi mənasında bir fitnə...
g/Aran Agentliyi

 

Təxribatçı film: xristian Qərbini «islam təhlükəsi» ilə qorxutmaq istəyənlər və onların hədəfləri
Elşən Mustafaoğlu - Fəlsəfə doktoru, teoloq-islamşünas, Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, «Yeni Şərq» Elmi-Tədqiqat Mərkəzinin direktoru
(Xüsusi olaraq «Bizim Yol» üçün)

İslam dinini, Həzrət Məhəmməd peyğəmbəri (s) təhqir etməklə milyard yarımlıq müsəlman dünyasının dini hisslərini aşağılayan “Müsəlmanların məsumluğu” adlanan film sözün həqiqi mənasında bir fitnə, bir təxribatdır. Həm də təkcə müsəlmanlara qarşı yox. Bəşəriyyətə qarşı. İnsanın dini heysiyyətinə toxunmaq, onun dini əqidəsini aşağılamaq bütövlükdə insanlığa qarşı törədilmiş bir təxribatdır!
Əvvəla nəzərə alaq ki, din - müqəddəsdir! İnsanların dini etiqadına, inancına ehtiramla yanaşmaq lazımdır. İkincisi isə, hazırkı həssas bir dövrdə dinlər və sivilizasiyalar arasında münaqişələrə, nifaqa yol açacaq bu kimi filmlər dünyada sülh və əminamanlığın pozulmasına, Qərb dünyasıyla İslam dünyasını qarşı-qarşıya qoymağa xidmət edir.
Bu baxımdan, sözügedən filmi artıq ənənə halını almış islamofob xarakterli təxribat silsiləsinin növbəti həlqəsidir. Həzrət peyğəmbərə qarşı təhqiramiz karikatura, İslamı aşağılayan “Fitnə” filmi, müqəddəs “Quran”ın yandırılması aksiyası, indi də bu film. Bu silsilənin əvvəlki həlqələrinin müəllifləri layiqli cəzalarını alsaydılar, bəlkə də bu gün biriləri qalxıb belə bir təxribata qol qoymazdı.
Hadisələri müşahidə etdikdə belə bir qənaətə gələ bilərik ki, İslama qarşı ardıcıl və davamlı təxribatların gerçək müəllifləri xristian Qərbi ilə İslam dünyasını qarşı-qarşıya qoymaq niyyəti güdən dairələrdir. Məqsəd müsəlmanların dini heysiyyətinə toxunmaqla onları qızışdırmaq, emossiyaları coşdurmaq və yeni çaxnaşmalara zəmin yaratmaqdır. Xristian Qərbi ilə İslam dünyasını qarşı-qarşıya qoymaq, yeni-yeni münaqişələrə yol açmaqdır. Bütün bunları sıradan bir hadisə kimi qəbul etmək sadəlövhlük olardı.
Nəzərə alaq ki, hazırda bütün dünya İslami oyanışın şahididir. Müsəlman xalqları yeni dövrün şəraitini anlayaraq, çağdaş dünyada özlərinə layiqli mövqe tutmağa, son əsrlərdə düçar olduqları ətalətdən xilas olmağa çalışırlar. Müsəlman toplumlarda azadlığa, fikri irəliləməyə, elmi-texniki inkişafa, tərəqqiyə doğru addımlar atılmaqdadır. Bu günün İslam ümmətinin düşüncəsi bir əsr öncəkindən köklü şəkildə fərqlənməkdədir. İslam ümməti heç bir sivilizasiyaya, heç bir dinə, heç bir xalqa qarşı ədavət bəsləmir, heç kəsin torpağını zəbt etmir, kimsənin dəyərlərini alçaltmır, əksinə, dinlər və sivilizasiyalar arasında dialoqa, qarşılıqlı əməkdaşlığa çağırışlar edir. Belə bir gedişat müəyyən dairələri bərk narahat edir və onlar bu oyanışı sarsıltmağa, İslam ümmətini dünyaya ekstremist və dağıdıcı ünsür kimi tanıtmağa çalışırlar. Xristian Qərbini “İslam təhlükəsi” ilə qorxutmağa cəhd edirlər. Odur ki, müntəzəm olaraq fitnəyə səbəb olacaq təxribatlar törədirlər ki, ara qızışsın, müsəlmanların emossiyaları coşsun. Beləcə, suyu bulandırıb balıqlarını rahat tuta bilsinlər.
Aydın məsələdir ki, bu qara niyyətlər yalnız İslam dünyasına qarşı yönəlmir, həm də Qərbin, xristian dünyasının özünə qarşı yönəlir. Müsəlmanlarda Qərbə qarşı nifrət hissi aşılayır, sivilizasiyaları üz-üzə qoyur. Odur ki, zənnimcə, bu kimi təxribatlara qarşı bütün bəşəriyyət səfərbər olmalı, əl-ələ verib birlikdə öz kəskin etirazını bildirməlidir. Təxribat müəllifləri layiqli cəzalarını almalıdırlar ki, dinlərarası, sivilizasiyalararası münaqişəyə yol açan bu tendensiyaya son qoyulsun! Bu gün dünyada sülh tərəfdarı olan hər bir kəs, eyni zamanda hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün dinlərin davamçıları ayağa qalxıb bu təxribata etirazını bildirməli, “yox!” deməlidir. İlk növbədə isə Qərb cəmiyyəti ayağa qalxıb belə təxribatçı ünsürlərə öz toplumlarında yer olmadığını ortaya qoymalıdır. Bəşəriyyəti faciələrə, fəlakətlərə sürükləyən belə halların təkrar olunmasına bir daha imkan verməməlidirlər.
Əlbəttə, dini heysiyyətləri təhqir olunmuş müsəlmanların bu təxribata qarşı etiraz etmək haqqı var, bu təbiidir. Amma eyni zamanda, müsəlman toplumları da son dərəcə diqqətli olmalıdır ki, fitnə müəlliflərinin təxribatlarına uymasınlar. Etirazlar zamanı həddi aşmağa yol vermək olmaz. Elə olmasın ki, insanlıq düşməni olan təxribatçıların fitnəsinə, təxribatına uyub qan töksünlər, dağıdıcı əməllərə əl atsınlar. Mənəviyyatın keşiyində mənəviyyatla dayanarlar! Əxlaqsızlığa, mənəviyyatsızlığa mənəviyyatsızlıqla cavab verilməz. Zatən təxribatçıların məqsədi də elə fitnə salmaqdır. Onların fitnəsinə uymamaq lazım.
Doğrudur, insanların emosiyası coşduqda bu selin qarşısını almaq çətin olur. Amma nəzərə alaq ki, filmi ərsəyə gətirən fitnəkarlar da öz planlarını elə buna hesablayıblar. İnanc sahibləri belə hallarda ayıq-sayıq olmalıdırlar. Kəskin etiraz bildirilməlidir, bu fitnəkarların cəzalandırılması tələb edilməlidir, amma durub kimlərisə qətlə yetirmək, binaları dağıtmaq kimi aşırı əməllər də İslama qarşı təxribatın davamıdır. Zənnimcə, müsəlman dini liderləri İslamı təhqir edən bu filmə etiraz bildirməklə bərabər, bəyanatlarla çıxış edib emosiyası coşmuş etirazçılara diqqətli olmağa, fitnəyə uymamağa, təxribat planlarına alət olmamağa da çağırışlar etməlidirlər.
Bu gün inancından asılı olamayaraq bütün bəşəriyyət əl-ələ verib birlikdə baş vermiş fitnəyə qarşı etirazını bildirməli, dini hissləri təhqir edilmiş müsəlmanların yanında olduğunu bildirməlidir. İnsanlıq əleyhinə törədilən bu təxribata qarşı insanlıq birlik nümayiş etdirməli, bununla da təxribat müəlliflərinin bəd niyyətlərini puça çıxarmalıdırlar. Bu rəzalətə birdəfəlik son qoyulmalıdır.
Bəşəriyyət bu kimi çirkin əməllərdən artıq bezib. Bu gün dünyanın insanları, toplumları, sivilizasiyaları bir-birindən uzaq salan belə fitnələrə yox, onları yaxınlaşdıran sülhə, səmimi münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa ehtiyacı var. Bu fitnə səsləri susdurulmayınca, yer üzündə silah səslərini də susdurmaq çətin olacaq. Bunlar bir mərkəzdən idarə olunan proseslərdir ki, bəşəriyyəti çaxnaşmalar, ədavət, nifrət, qan bataqlığı içində boğsun. Xristian Qərbi İslam dünyasıyla həmrəy olub, bu rəzalətin qarşısının alınmasına nail olmalıdır.
Bizlər də sülhsevər və ədalətsevər bir insan kimi bütün bəşəriyyəti bu şər qüvvələ qarşı birləşməyə çağırırıq. Dünyada sülh və əminamanlığın bərqərar olması naminə. Allah bəşəriyyəti hər cür fitnə-fəsaddan və fitnəkarlardan-təxribatçılardan qorusun və xilas etsin!..  

  • Yazılıb
  • da (də) 2012 Sep 22