Tarix : 2012 Sep 22
Kod 32908

AR müsəlmanları mənəvi terrora etiraz edir

ABŞ-da istehsal olunan İslam dini və Həzrət Məhəmmədi (s.ə.s) təhqir edən filmə etirazlar Azərbaycan Respublikasında da davam edir
/Aran Agentliyi

ABŞ-da istehsal olunan İslam dini və Həzrət Məhəmmədi (s.ə.s) təhqir edən filmə etirazlar Azərbaycan Respublikasında da davam edir.

21 sentyabrda Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı ilə Bakıda  “mənəvi terrora etiraz” konfransı keçirildi.

300 nəfərə yaxın vətəndaşın iştirak etdiyi konfransda din xadimləri, ictimai fəallar və media nümayəndələri iştirak edib.

Amerikada çəkilən filmi müsəlmanlara qarşı aparılan mənəvi terror adlandıran DEVAMM sədri Hacı İlqar İbrahimoğlu   dünyada maraqlı güclərin islamiyyətə, müsəlman dünyasına qarşı gizli mübarizə apardığını bildirdi.

DEVAMM sədri deyib : “Əziz Peyğəmbərimizə qarşı rəzil, çox eybəcər, qeyri-insani hərəkətlər baş verir. Biz də dünyada baş verən etirazlara qoşuluruq.  Bu hadisələrin bir adı var: 11 sentyabr hadisələrindən sonra İslama, Qurana, Peyğəmbərimizə qarşı baş verənlər mənəvi terrordur. Əlbəttə, terror aksiyası, partlayışlar pisdir, hər kəs onu pisləyir. Amma bu cür terrorun,rəzil filmin  fəsadı daha böyükdür.  Bu təxribat bir milyarddan artıq insanın heysiyyətini, mənəvi hisslərinə toxunan hadisədir. Biz hesab edirik ki, bu, partlayışlardan daha pisdir”.

“Bu gün İslam və Peyğəmbərinə qarşı baş verənlər bilavasitə Azərbaycana da aiddir”, - deyən Hacı İlqar İbrahimoğlu bayrağında İslamın yaşıl rəngini daşıyan Azərbaycanda bütövlükdə dindar olmayan insanları da İslamın aşağılanmasına etiraza çağırdı.

Hacı İlqar İbrahimoğlu vurğulayıb : “Azərbaycanın bayrağının bir rəngi də İslama aiddir. Bu təkcə namaz qılan, oruc tutan insanın məsələsi deyil, bu Azərbaycan xalqının məsələsidir. Çünki bayraq bu millətin bütün üzvlərinə məxsusdur. Biz bu Ramil Səfərov məsələsində gördük ki, bayraq bu xalq üçün necə əzizdir. Bu, Azərbaycan insanını sıradan çıxarmağa yönəlmiş hadisə idi”.

Hacı İlqar ABŞ hökumətinin baş verən olaylarda məsuliyyət daşıdığını, baş verən təhqirin qarşısını almağa cavabdeh olduğunu qeyd etdi: “Bu mənəvi terror Amerika ərazisində baş verir. Birilərini təhqir etmək, aşağılamaq nə zamandan özünüifadə azadlığı olub? Bir milyard insanı aşağılamaq nə vaxtdan söz azadlığı olub? Bu cinayətdir. Belə görünür bu məsələ bu əsrin ən mühüm hadisəsi olacaq. Bizim üçün Rəbbimiz, Peyğəmbərimiz, Məsumlarımız, Həzrət Fatimə hər şeydən üstündür. Onların yolunda hər şeyimizdən keçməyə hazır olmalıyıq”.

  • Yazılıb
  • da (də) 2012 Sep 22