Tarix : 2012 Sep 23
Kod 32925

AZƏRBAYCAN DİNİ AZADLIQLARIN MƏHDUDLAŞDIRILDIĞI ÖLKƏLƏR SİYAHISINDA

o ölkələrdəki dini etiqad azadlığı daha çox məhdudlaşdırılır və gərginlik daha yüksəkdir, həmin ölkələrdə inqilablar qaçılmaz olur
m/Aran Agentliyi

Pew” Araşdırmalar Mərkəzi dünyada dini dözümlülüklə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Məlum olub ki, planetin əhalisinin 75 faizi dini etiqad azadlığını çox məhdudlaşdıran rejimlərdə və ya cəmiyyətlərdə yaşayır. Amerikan mərkəzinin hesabatında dünyada dözümlülüyün son illərdə daha da artdığı qeyd olunur.

Dünyanın 197 ölkəsində aparılan sorğular nəticəsində dini etiqad azadlığını ən çox məhdudlaşdıran 18 rejimin olduğu müəyyən edilib, onlardan biri də Azərbaycandır. Azərbaycan hesabatda 6.9 balla qiymətləndiilib. Daha bir məqam isə hesabatda ikinci indeks olan sosial düşmənçilik indeksidir. Cəmiyyətin dini dözümsüzlüyünü ölçən bu indeksdə - Azərbaycan daha yaxşı yerdə sıralanıb. Sosial Düşmənçilik İndeksində Azərbaycanın balı ancaq 2.2- dir.

Hesabata görə, rəqəmlər göstərir ki, o ölkələrdəki dini etiqad azadlığı daha çox məhdudlaşdırılır və gərginlik daha yüksəkdir, həmin ölkələrdə inqilablar qaçılmaz olur. Hesabatda maraqlı başqa bir tendensiya isə Qərb dövlətlərində də dini dözümsüzlüyün ildən ilə artmasıdır. Məsələn, İsveçrə, Fransa, Britaniya və ABŞ-da müəyyən qadağalar qoyulur və əsasən müsəlmanların azadlığı məhdudlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda dini durum və dindarlara münasibət son iki ildə daha da sərtləşib. 2011-ci ilin yanvarında İslam Partiyası rəhbərliyinin həbsləri ilə başlayan dalğa son günlərə qədər ardıcıl olaraq davam edib. Ötən müddətdə bəzi məlumatlara əsasən 70 nəfərdən artıq dindar həbs olunub. Bir çoxları həbsxanada cəzalarını çəkərək artıq azadlığa buraxılıb. Ancaq AİP rəhbərliyi də daxil olmaqla bir çox dindar barəsində 10 ildən artıq müddətə həbs cəzaları verilib. Eyni zamanda AİP sədrinin müavini Vaqif Abdullayev və Lökbətan qəsəbəsi sakini olan və bu ilin əvvəlində həbslər dalğasında saxlanılmış Füzuli Novruzov adlı dindar dünyasını dəyişib.

Həbslər isə hələ də davam edir. Son iki həftə ərzində Masalı rayonunda fəal dindarların həbsləri davam edir. Bu müddətdə xeber44.com saytının baş redaktoru Araz Quliyev, eləcə də Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev, Əbuzər Axundov adlı yerli dindarlar həbs olunub. Cümə günü saat 15:30 radələrində jurnalist Araz Quliyevin evində axatarış aparılıb. 30-a yaxın polis və mülki geyimli şəxs 8 sentyabrda polis tərəfindən saxlanılmış jurnalist Araz Quliyevin evində axtarış əməliyyatı keçiriblər. Yaxınlarının verdiyi məlumata görə, polis işçiləri iddia ediblər ki, evdə axtarış zamanı 2 ədəd F1 əl qumabarası və həmin qumbaralar üçün nəzərədə tutulan 2 ədəd alışqan aşkaralanaraq götürülüb. Rəsmi məlumata görə, Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən “Masallı Folklor-2012 Beynəlxalq Festivalı” zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılmış Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.

Qeyd edək ki, hazırda A.Quliyev və Ziya Tahirov barələrində həbs qətimkan tədbiri seçilib, onlar Kürdəxanı təcridxanasına gətiriliblər.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Sep 23