Elxan Şahinoğlu: “Faktlar təsdiqlənsə, demək, Təl-Əviv Azərbaycanı Türkiyə ilə üz-üzə qoymaq istəyir”
m/Aran Agentliyi
Türkiyənin “Yeni Şafak” qəzeti PKK yaraqlılarının istifadə etdiyi rabitə cihazlarının Azərbaycan üzərindən bir şirkət vasitəsilə İsraildən alındığını yazıb. Qəzet iddia edib ki, terrorçular Türkiyə təhlükəsizlik qüvvələrinin rabitə əlaqələrini və telefon danışıqlarını izləmək üçün İsrail istehsalı olan ən son texnologiyalar əsasında hazırlanmış dinləmə cihazları tətbiq edib.
Məlum olub ki, PKK-çılar hücum ərəfəsində həm GSM rabitəsini, həm ratsiya danışıqlarını dinləməyə imkan verən dinləmə qurğularından istifadə ediblər. Terror təşkilatı bu cihazları əldə etmək üçün Azərbaycanda şirkət qurub və həmin şirkət vasitəsilə İsrailin “Tadiran Telekom” şirkəti tərəfindən istehsal edilən dinləmə qurğularını alıb. Bildirilir ki, aviyonik sistemlərlə (aviasiya elektronik sistemi) təchiz edilmiş casus cihazları İsraildən alındıqdan sonra Azərbaycana gətirilib, buradan İrana ötürülüb, oradan isə PKK-nın İraqın şimalındakı Hınare düşərgəsinə çatdırılıb.
Qeyd edək ki, Türkiyə hakimiyyətinə yaxın mətbuat orqanının kəşfiyyata istinadən belə bir məlumatı yayması Bakı ilə Ankara arasında münasibətlərin pisləşməsinə gətirə bilər. Mümkündür ki, artıq Türkiyə hökuməti Bakıdan izahat istəyib və ya bu günlərdə izahat tələb olunacaq. Ancaq böyük ehtimalla bu müzakirələr qapalı davam edəcək.
İndi ortada olan əsas sual İsrail istehsalı olan bu texnikanın hansı şəkildə Azərbaycana və oradan da İrana, nəhayət PKK-ya çatdırılmasıdır. Azərbaycanla İsrail arasında münasibətlərin isti olması heç kimə sirr deyil və tamamilə realdır ki, Azərbaycan İsraildə istehsal olunan bu vasitələrdən öz ehtiyacları üçün alsın. Ancaq hansısa bir şirkət üzərindən alınan bu cür strateji məhsulun İsrailin ən ciddi rəqibi hesab olunan İrana keçirilməsi və burdan terror təşkilatına çatdırılması hələlik cavabı tapılmayan sualdır.
Mövzu ilə bağlı qəzetimizə danışan təhlükəsizlik eksperti ümumiyyətlə, ilk növbədə informasiyanın özündə çatışmazlıqların olduğunu deyir: “Bu texnikanın Azərbaycana gətirilməsi mümkündür - ölkəmiz son dövrlər İsraildən böyük məbləğdə müxtəlif təyinatlı silahlar alıb. Amma qurğuların çıxarılması ilə bağlı bir qədər aydınlaşmalı məqamlar var. Cihazlar Azərbaycandan çıxarılıb İrana aparılıbsa demək, bu, gizli olub. Gizli ötürülməsi isə bu prosesin arxasında böyük bir şəbəkənin olduğunu göstərir”.
Ekspertin fikrincə, istənilən halda məsuliyyət Gömrük Komitəsinin və Sərhəd Xidmətinin üzərinə düşür.
Zahid OrucMilli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bu xəbərin maraqlı qüvvələr tərəfindən yayıldığını düşünür. Onun fikrincə, hazırkı şərtlərdə Azərbaycan üzərindən PKK-ya sursat göndərilməsi mümkün deyil: “Bu cür xəbərlərin mediaya çıxarılaraq tirajlanması bu məsələdə maraqlı dairələrin olduğunu göstərir. Türkiyə dünyada təhlükəsizlik strukturlarının peşəkarlığına görə, qabaqcıl yerlərdən birini tutan və öz milli təhlükəsizlik maraqlarını kifayət qədər yüksək səviyyədə qoruyan bir dövlətdir. Bu mənada Azərbaycan və Türkiyənin müvafiq strukturları təhlükəsizlik və kəşfiyyat sahəsində yaxından əməkdaşlıq edərək bu kimi hadisələrin qarşısını ala bilər”.
Elxan ŞahinoğluAncaq bununla belə Z.Oruc ortaya çıxan bu kimi sualların cavabsız qalmaması üçün müvafiq açıqlamaların olmasını zəruri hesab edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə mediasında yayılan bu xəbərin sıradan informasiya olmadığını deyir: “Faktlar təsdiqlənərsə, onda belə çıxır ki, İsrail ölkəmiz üzərindən PKK-ya dinləmə cihazları ötürməklə Azərbaycanı Türkiyə ilə üz-üzə qoymaq istəyir. Hələ ki, qəzetdə yazılanlara nə İsrail, nə də Azərbaycan rəsmiləri reaksiya bildiriblər. Bu isə o deməkdir ki, qəzetdə yazılan faktları qəbul edirlər”.(müsavat)