Tarix : 2012 Sep 23
Kod 32939

Ya Rəsulallah (s), səni “sevirik” deməklə, sevməkmi olar?

Gərək insan sevdiklərinə sahib çıxsın. Sevdiklərimizə sahib çıxmadıqca isə başımıza bundan da pis hadisələr gələcək...
m/Aran Agentliyi

Əziz İslam Peyğəmbəri (s) haqqında sionist İsrail rejiminin sifarişi ilə ABŞ-da təhqiramiz “film” yayımlandıqdan sonra, öz-özümə belə bir sual verdim. Niyə bu, baş verdi? İslam müqəddəsatına qarşı bu kimi şeylər niyə baş verir?

Bir az düşündükdən sonra belə bir yekdil qərara gəldim ki, məhz İslam müqəddasatına qarşı olan bu çirkin işlərin baş tutmasında bizlərin, yəni müsəlmanların da suçu var. Deyərdim ki, rəzil film və onun ardınca Fransada çıxan karikatura olayı baş verənlərin üzdə olan tərəfidir. Sən, mən, biz - həqarətin baş verməsinə qədər, ümumiyyətlə bu kimi işlərin baş verməməsi üçün nə etmişik? Başımız özümüzə, ailəmizə qarışıb. Türklər demişkən “Kendi dünyamızı yaşıyoruz”. Düşmən əlbəttə boş oturmur, səni və məni çox gözəl kənardan izləyir. Durumumuzu çox gözəl görür.

Bu kimi şeylərin baş verməməsi üçün özümüz ilk növbədə müqəddəsatımıza hörmətlə yanaşmalıyıq. Gəlin bir özümüzə sual verək: Sonuncu dəfə oturub, Rəsulullah (s) haqqında nə zaman bir məqalə oxumuşuq, sonuncu dəfə kiminlə bu mövzuda müzakirə aparmışıq? Sonuncu dəfə Peyğəmbər (s) və onun övladlarını nə zaman ziyarət etmişik? Məncə, elə bu suallarla baş verənlərin səbəblərini tapa bilərik.

Ya Rəsulallah, səni sevirik deməklə sevməkmi olar? Gərək insan sevdiklərinə sahib çıxsın. Sevdiklərimizə sahib çıxmadıqca isə başımıza bundan da pis hadisələr gələcək...

O ki, qaldı film və karikatura olaylarına, onu deyim ki, bunlara görə Rəsulullah (s) narahat deyil. Çünki bu kimi şeylər onun üçün adidir artıq. O Həzrət (s) hələ sağlığında bu kimi şeylərlə, amma ayrı tərzdə qarşılaşardı. Başına kül tökər, onu daşlayardılar...

İndi baş verənləri törədənlər elə Peyğəmbərin (s) zamanında olan nütfəsi xarab insanların ardıcıllarıdır ki, onlar hər zaman olub və olacaq.

Biz özümüz üzərimizdə işləməli və düşünməliyik. Mən Rəsulullahı (s) necə sevirəm? Bu sevgi nə qədərdir? Yalnız sıxıntıda olan zamanmı Rəsulullah (s) yadımıza düşür və yalvara-yalvara təvəssül edib, dua edirik? Təəssüflər olsun ki, əksər vaxt belə olur.

Bir neçə il bundan əvvəl hansısa İslam mütəfəkkirinin belə bir fikrini eşitmişdim. “İnsan bəzən Allahı unudur. Allahı yaddan çıxarır. Məhz bu səbəbdəndir ki, insanın Allahı unutması nəticəsində başına müxtəlif müsibətlər gəlir. İnsan Allahı unutduğundan günah işi icra edir”.

İndi biz əksər vaxt Peyğəmbərimizi (s) unuduruq. Həm fərdi, həm də ictimai davranışımızda, o cümlədən də işimizdə... Məhz unutqanlığımızdandır ki, bir gün biriləri bizim yadımıza Peyğəmbəri (s) salır. Amma bu, çox vaxt müsbətlə deyil, mənfi şeylərlə baş verir. Təhqirlər kimi...

Bu gün dünyanın müxtəlif yerində müsəlmanlar küçələrə axışıb, təhqirlərə qarşı etirazlar edirlər. Bir müddət sonra bu etirazlar yatacaq... Amma bir şey dəyişəcəkmi? Müsəlmanlar özünə gəlib, Peyğəmbərinə (s) vaxtında sahib çıxmağı öyrənəcəkmi?

  • Yazılıb
  • da (də) 2012 Sep 23