/Aran Agentliyi
Belə bir qanunun qəbul edilməsi günün tələbidir
HaqqYolu - İlahiyyatçılar İlqar İbrahimoğlu və Namiq Babaxan İslam Əməkdaşlıq Təşkilatı rəhbərliyinin küfrü qadağan edən beynəlxalq qanun çıxarılması təklifinə münasibət bildiriblər.
Təklifi ötən həftə “Müsəlmanların məsumluğu” filmini şərh edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekməllədin İhsanoğlu səsləndirib. O deyib ki, dünya ictimaiyyəti söz azadlığı ritorikası arxasında gizlənməyə son qoymalıdır, söz azadlığından qəsdən başqa məqsədlərlə istifadə etmək dünyada sabitlik üçün təhlükə yaradır.
İlqar İbrahimoğlu:
- Belə bir qanunun qəbul edilməsi günün tələbidir. Bəşəriyyət onu məhvə aparan dağıdıcılıq memarlarından effektiv qorunma mexanizmləri işləməlidir. Küfrü qadağan edən qanunun qəbulu məhz belə mexanizm rolunu oynaya bilər.
Məsələ təkcə təhqirə görə cəzanın şiddətində deyil. Təhqirə olan münasibətdən, onun qınanmasından, “ifadə azadlığı” kimi sırınmasına etirazdan söhbət gedir. Bəşəriyyət elə bir duruma yetişib ki, insanın heysiyyətini və ləyaqətini dövlət müdafiə etməlidir. Bu missiyanı dövlət öz üzərinə götürməlidir. Təbii ki, beynəlxalq miqyasda bir məhdudlaşdırıcı norma olmalıdır ki, dövlətlər buna əsasən qanunu pozmuş vətəndaşlarını təqib etsin, özünü görməzliyə vurmasın. Bu, günün tələbidir. Qanuni təqib olmayanda emosiyalar ön plana çıxır.
Təhqiri məhdudlaşdıran belə bir qanunun söz azadlığı ilə ziddiyyət təşkil etməsi söhbətləri spekulyasiyadan başqa bir şey deyil. Bu barədə ən çox o ölkələrdə danışılır ki, holokostun inkarına, hətta holokostun rəqəmləri barədə araşdırmalar cəhdinə, bədnam “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb etmək barədə normalar mövcuddur. Nədənsə bu hallarda söz azadlığı və özünüifadə, habelə məlumat əldə etmək azadlığı yada düşmür. Amma milyard yarım insanın inancı təhqir olunanda riyakarcasına bunu “ifadə azadlığı” kimi sırımağa cəhd edirlər. “Qurani-Kərim” yandırılanda, atəş açmaq üçün hədəf seçiləndə, müsəlman toyları bombardman və ya gülləbaran ediləndə, müsəlman əsirlərinə işgəncə veriləndə, müsəlmanların cəsədlərinə həqarət edib videosunu internetdə yerləşdirəndə müvafiq ölkələrin rəsmiləri bununla bağlı ancaq “təəssüf bildirmək”lə kifayətlənirlər. Sonra bu rəzilliklərə qarşı etiraz edən insanların emosiyaları çuğlayanda nəzarətdə olan “azad və müstəqil” KİV-lər vasitəsilə dünya ictimaiyyətinə “dözümsüz və radikal müsəlman” obrazı yeridilir.
Dünya vicdanları imkan verməməlidir ki, söz azadlığı, özünüifadə azadlığı kimi yüksək dəyərlər bir ovuc beynəlxalq qumarbazın əlində əhəmiyyətsiz və ikrah doğuran bir nəsnələrə çevrilsin. Söhbət tək müsəlmanlardan getmir. Bu gün müsəlmanların üzərinə ümumiyyətlə ləyaqəti, izzəti müdafiə etmək, bəşəriyyəti məhvə sürükləyən ünsürlərin qarşısında durmaq, bütün dünya dinlərini, inanc adına olan hər bir dəyəri deqradasiyadan xilas etmək missiyası düşür. Bu gün müsəlmanlar inancla küfrün mücadiləsinin ön sıralarındadırlar. Dağıdıcılıq memarları yaxşı bilirlər ki, müsəlmanları təhqirlərə alışdırsalar, onların qarşısında dayanacaq, onları durduracaq daha heç kəs qalmayacaq. Odur ki, dörd tərəfdən hücuma keçiblər.
Namiq Babaxan:
- Fikrimcə, azadlıqlar məsələsinin ümumi ölçüləri bəllidir - insan başqasının azadlığını pozmayana qədər azaddır və söz azadlığı məsələsi də belədir, başqasını təhqir etməyənə qədər insan söz azadlığında azaddır. Sadəcə, buna riayət olunmur. Məsələn, Qərbdə bu məsələyə həddən artıq göz yumurlar. Çox maraqlıdır ki, konkret olaraq müsəlmanlar təhqir olunanda söz azadlğı önə çəkilir. Belə təhqirlər xristianlar və ya xristian dini ilə bağlı baş verəndə ABŞ başda olmaqla hamı buna etiraz edir. İndi isə aparıcı ölkələrin rəhbərləri özlərini elə aparırlar ki, sanki elə belə də olmalıdır.
İslam Əməkdaşlıq Təşkilatı rəhbərliyinin təklifi, məncə, zərurətdən doğur və bir çarə yolu kimi təqdim olunub. Əlbəttə, müsəlman ölkələr həmrəylik göstərsələr, bu qanunun qəbuluna nail olmaq olar. Məncə, küfrü qadağan edən qanun söz azadlığı ilə ziddiyyət təşkil etməz, əksinə, onu dəstəkləyər və söz azadlığının sərhədlərini daha qabarıq şəkildə göstərər. Amma bu qanunun gələcəkdə nə qədər təsirliolacağını demək çətindir. Çünki bu kimi problemli məsələlər yüksək dairələrdən idarə olunur.(mediaforum)