Meriya bildirişsiz, kompensasiyasız söküntülərə başlayıb, polis sakinlərə qarşı zor tətbiq edir
m/Aran Agentliyi
Paytaxtın mərkəzində “mülkiyyət terroru” davam edir. Sıra Mirzağa Əliyev küçəsi 190 ünvanının sakinlərinə çatdı. Dünən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yerləşən mülkləri dağıtdılar. Həm də öncədən bildiriş vermədən, konpensasiya ödəmədən.
Ərazidə yaşayan sakinlərə bu günlərdə şifahi xəbərdarlıq edilib ki, evlər söküləcək. Vətəndaşlar bildiriş olmadan, kompensasiya ödənmədən mülklərinin sökülməsinə etiraz etsələr də, icra hakimiyyəti evləri sökməkdə davam edir. Rəsmi qurumlara edilən şikayətlərə isə baxılmır.
Sözügedən ərazinin dövlət əhəməiyyətli olması barədə sakinlər arasına məlumat ötürülsə də, bu haqda rəsmi bir sənəd yoxdur. Sakinlər bildirirlər ki, ərazi dövlət əhəmiyyəti kəsb edərsə, bu barədə onlara rəsmi bildiriş verilərdi. Bildiriş yoxdursa, deməli ərazi kiminsə şəxsi marağına hesablanıb.
Sakinlər Prezident Adminitrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər. Burada da məsələyə baxılmazsa, mülkiyyət hüquqlarını məhkəmə vasitəsi ilə təmin etməyə çalışacaqlar. Nəhayət, ölkənin məhkəmə instansiyalarında pozulmuş hüquqları bərpa olunmazsa, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəklərini deyirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfəli İsmayılov sakinlərə deyib ki, sökülən evin hər kvadratmetrinə görə müəlkiyyətçiyə 1500 manat veriləcək. Sakinlər isə bununla razılaşmırlar, bu pulu kompensasiya hesab etmirlər. Bəyan edirlər ki, evlərin yerləşdiyi əraziyə dövlətin tələbatı varsa, mülklər bazar qiymətində dəyələndirilməli və mülkiyyətçilərlə razılaşdırılmalıdır, belə olan halda bu kompensasiya hesab oluna bilər.
Z.İsmayılov söküntüyə səbəb kimi ərazidə müasir tipli yaşayış binaları tikiləcəyini bildirib. Bu isə o deməkdir ki, söhəbt dövlət tələbatlı məsələdən getmir.
““Qış bulvarı” adı altıdna Füzuli və Şəmsi Bədəlbəyli küçələrini sökdülər. Orada yüzlərlə vətəndaşın evi qanunsuz olaraq söküldü və mülkiyyət hüquqları pozuldu. Həmin vətəndaşların əksəriyyəti mülkiyyət hüquqları ilə bağlı məhkəmələrə müraciət etdilər. Məhkəmənin qərarı var ki, söküntü dayandırılsın. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini davam etdirdi. Həmin ərazilər dövlət ehtiyacı üçün alınmayıb. Dövlət ehtiyacı olsa, onu məhkəmədə sübüt edərdilər”, -deyə vətəndaş Fuad Əliyev əməkdaşımıza şikayətləndi.
Hazırda sökünütü Topçubaşov küçəsinin Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində başlayıb. Daha doğrusu, bu ərazidə yerləşən “Pekarni” deyilən yerdən başlayıb.
Bildirək ki, BŞİH-in 76 saylı sərəncamı ilə paytaxtın daha bir neçə küçəsindəki evlərin sökülməsi planlaşdırılır. 16.02.2011-ci il tarixli sərəncamda S.Vurğun, M.Əliyev, D.Əliyeva, R.Rza, Ş.Əzizbəyov, S.Rəhimov, İ.Səfərli, T.Xəlil Rza oğlu və M.İbrahimov küçələrindəki evlərin sökülməsinin vacibliyi vurğulanır. Deməli, şəhərin mərkəzində “mülkiyyət terroru” bundan sonra da davam edəcək.