Tarix : 2012 Sep 26
Kod 32999

«80 nəfərədək inanclı insan həbsxanadadır»

«İslamofobiya, bütün hüquq və azadlıqların məhdudlaşdırılması ölkədə etirazların daha da kəskinləşməsini gücləndirib»
m/Aran Agentliyi

“Azərbaycanda və dünyada müsəlmanlar arasında “İslamın məsumluğu” filminə qarşı ciddi etiraz var. Biz və dünyada yaşayan müsəlmanlar öz inancının təhqir olunmasını yolverilməz hesab edir. Amerika rəhbərliyindən isə tələbimiz filmi çəkənləri, sifarişçiləri və icraçıları cəzalandırmaqdır”, - Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu “Obyektiv” televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, filmin fikir və ya özünü ifadə azadlığı məsələlərinə aidiyyatı yoxdur. Film təhqirlərdən ibarətdir.  

“Bir milyard yarımdan çox insanın daşıdığı inanc təhqir edilib. Bu, mənəvi terrordur. Dini ədavəti qızışdırdıqlarına, insanlar arasında ictimai əxlaqı pozduqlarına görə bunun bir cəzası olmalıdır”, - İ.İbrahimoğlu vurğulayıb. DEVAMM-ın rəhbəri son zamanlar Azərbaycanda da antiamerika əhval-ruhiyyənin artdığını bildirib.

“Ölkədə sərbəst toplaşma azadlığı təmin edilməsə də hər kəs öz istədiyi səviyyədə narazılığını bildirir. Biz bununla bağlı geniş konfrans keçirdik və bu pisləndi. İctimai-siyasi qurumların əksəriyyəti etiraz bəyanatları yayıb. İctimai Palata olaraq biz də filmi və ümumiyyətlə islamofobik cəhətləri pisləmişik. Ölkədə sivil etirazlar da olub, polis zorakılığına məruz qalanlar da var”, - o bildirib. Ekspert hesab edir ki, Azərbaycanda radikalizm güclənməkdədir. “Radikalizmi bu cür filmlər deyil, hüquq və azadlıqların məhdudlaşdırılması gücləndirir. İslamofobiyanın artması, bütün hüquq və azadlıqların məhdudlaşdırılması ölkədə etirazların daha da kəskinləşməsini gücləndirib. Amma bu hadisələr ümumilikdə insanlarda antiamerika əhval- ruhiyyəsini artırır”, - o qeyd edib.

DEVAMM-in rəhbəri həmçinin Azərbaycan rəhbərlərinin islamofobik filmləri pisləməsini müsbət sayır: “Azərbaycanın Luvr muzeyində islam guşəsinin açılışında iştirakı da müsbət haldır. Amma həm daxili, həm də xarici siyasətdə bir ardıcıllıq olmalıdır. Hazırkı rəhbərlərin özləri Azərbaycan daxilində bir islamofobik siyasət aparır. Bir neçə məscid sökülüb, bir neçəsi bağlanıb, inanclı insanların hüquqları pozulub, 80 nəfərədək inanclı insan həbsxanadadır. Bütöv bir harmoniya olması üçün bunlar dayandırılmalı və insanların hüquqları və azadlıqları təmin edilməlidir”.

Ekspert hesab edir ki, ərəb dünyasında baş verənlər dünyada yeni eranın başlanğıcından xəbər verir: “Azadlıq” və Allahu-Əkbər! şüarlarının yanaşı səslənməsi göstərir ki, insanlar həm ruhi, həm də fiziki harmoniyanı istəyir. Məhz, islam da belə bir dindir. Qərbin özündə də bu, çox ciddi böhrandır. Məncə, belə davam etməyəcək. İnsanın hərtərəfli inkişafı, eyni zamanda insanların mənəvi duyğularının ödənilməsi istiqamətində dünya inkişaf edəcək”. (bizimyol)

  • Yazılıb
  • da (də) 2012 Sep 26