Tarix : 2012 Sep 28
Kod 33020

RÜŞV-ƏT defisnən olsun

Alanlar, verənlər yorulmasın
g/Aran agentliyi

 

Elmlər Akademiyasının Dilçilik İnstitutu yeni orfoqrafiya lüğətimizi hazırlamışdır. Məsələn, “supermarket” sözünü bundan sonra “super-market” kimi yazmalıyıq. Böyük, inqilabi dəyişiklikdir. Xalqımıza xeyirli-uğurlu olsun.

Özü də bu “super-market” məsələsinin rüşvət haqda qalmaqallı video ilə eyni vaxtda ortaya çıxması olduqca sevindiricidir. Çünki qabaqlar superlə market bitişik yazılırdı, xalqda çaşbaşlıq yaranırdı, ancaq indi ortaya defis qoyulmaqla bilinəcək market ayrıdır, super ayrı. Ayrıca bir deputatın təyinatı marketdirsə, bütün deputatxananın təyinatı super-marketdir. Bunlar cəmiyyət-dövlət münasibətlərində vacib detallardır. Yapokratların ulu babası Lenin müəllim demişkən, dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Körpü də yolun bir hissəsidir, təbii ki. Bunu bilirsiniz.
Həmçinin, supermarketdə defis qoyulması onu balaca dükanlardan fərqləndirəcəkdir. Axı balaca dükanda piştaxta olur, satıcı da durur bunun, türkün sözü, dalında və alıcıya malı özü götürüb verir. Super-marketdə isə alıcı ortada gəzib istədiyi malı zənbilə doldurmaq kimi müstəsna insan hüququna malikdir. Burada defis, boşluq işarəsi məhz marketin içindəki gəzmə arealını nəzərdə tutur. Politoloji baxımdan desək, defis işarəsi məlum videodakı Sevinc Babayevadır.
Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov cümə axşamı Trend-ə deyib ki, yeni lüğətə “diskresiya”, “toparlamaq”, “transsərhəd”, “aksessuar”, “ağır-cəngi”, “kimlik” (şəxsiyyət vəsiqəsi kimi), super-yaxta, super-market, ober-şturmbannfürer, ober-ştrumfürer, ober-leytenant, ober-zabit və s. daxil ediləcək. Bunun özü də çox maraqlıdır. Məsələn, xalq fikirləşir ki, görəsən bu ober-şturmbannfürer nə deməkdir və orfoqrafiya lüğətinə indi dürtüşdürülməsinin mənası nədir. Cəhənnəmə fikirləşsin... Ancaq biz izahat verək, peşə borcumuzu yerinə yetirək.
Ober-şturmbannfürer Hitlerin vaxtında faşist ordusunun rütbələrindən biri idi, təxminən bizim indiki ordudakı polkovnik-leytenanta bərabər sayılırdı. Güman edirik Səfər Əbiyevin təşəbbüsü ilə Ali Baş Komandana raport yazılıb və ordumuzda bu gözəl səslənişli rütbənin tətbiqinə qərar verilibdir. Arzu edərdik ştandartenfürer də lüğətimizə salınsın, Ştirlisin ruhu şad olsun. Hər şey fürerə layiq olmalıdır. Yeri gəlmişkən, alman dilində “fürer” sözünün mənası “ümummilli lider” deməkdir. Bunu da yazın izahlı lüğətə, yatanlar ayılıb oxusunlar.
Sənə boş şey kimi görünər, ancaq orduda dilçilik çox vacibdir. Məsələn, bizim orduda “gün növbətçisi” anlayışı var, hərbi bölmənin qapısında-zadında durub keşik çəkən əsgərə deyilir. Bunu rus-sovet termini “dnevalniy”dan hərfi tərcümə ediblər. Ancaq yanlış anlaşılır, məsələn, mən əsgərlikdə olanda çavuşlar bəzən hansısa yetimi bütün günü növbətçi qoyurdular, dəyişmirdilər, adam “bütün günü burdayam” deyəndə gülürdülər ki, gün növbətçisisən da bə. Məncə, polkovnikə şturmbannfürer deyəndən sonra ordumuzda belə problemlər olmayacaqdır.
Deputatxana binamızın adı yoxdur, fikrimizcə, bunu da Reyxstaq deyə lüğətə salmaq olar. Dövlətçilik belə möhkəmlənir. Vaxtilə prezident ensiklopediya müşavirəsində İsmayıl Vəliyevin üstünə qışqırıb otaqdan qovandan sonra bizdə ensiklopediya hərəkatı necə gücləndi, görmədinizmi? Bu saat hər kolumuzun dibində 7-8 Didro yatır.
İndi, göz dəyməsin, bütün alimlərimiz bilir ki, “ensiklopediya” sözünün kökü “siklop” sözündən gəlir. Qədim türk sözü olub, “ən siklop dedi ya” ifadəsindən yaranmışdır.
Sonda “super-market” sözünün düzgün yazılışını tapdıqları üçün Dilçilik İnstitutunun kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Zamin Hacı 

  • Yazılıb
  • da (də) 2012 Sep 28