Tarix : 2012 Sep 28
Kod 33025

ÜSYAN EDƏN NEFTÇİLƏRİN VƏZİYYƏTİ AĞIR OLARAQ QALIR

Mirvari Qəhrəmanlı: “Balaxanı NQÇİ-də problemlər üst-üstə yığılaraq fəhlə üsyanına səbəb olub”
m/Aran Agentliyi

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 200-dən artıq işçisi etiraz aksiyası keçirib. Aksiya iştirakçıları maaşlarının azlığından, iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə pis münasibətindən şikayətləniblər. Ötən sayımızda aksuya haqda geniş reportaj dərc etmişdik.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında Balaxanı neftçilərinin vəziyyətin ağır olduğunu söylədi: “Onlar iş şəraitindən, təhlükəsizlik və əmək haqlarına qədər bir çox şeydən şikayətçidirlər. Xüsusən onlar ölümlə üz-üzə işləyirlər. Bir müddət əvvəl hesabat da hazırlamışdıq. Orada qeyd olunur ki, qəza nəticəsində həyatını itirən 23 nəfərdən 20-si Dövlət Neft Şirkətinin işçiləridir. Ölüm faktları yenə də qeydə alınır. Hazırda həmin faktların dəqiqləşdirilməsini aparırıq. Dövlət Neft Şirkəti bir müddət əvvəl bəyan etdi ki, mühəndislərin əmək haqları artırılıb. Az keçmədi ki, ARDNŞ kütləvi ixtisarlara başladı. Neftçilərin hüquqları kobud sürətdə pozulur və bu cür hallar Balaxanı, Bahar və digər neft-qaz çıxarma idarələrində də yaşanır”.

M.Qəhrəmanlı deyir ki, neft şirkətlərində çalışan fəhlələrin vəziyyəti acınacaqlı həddə çatıb: “Gününün çoxunu neft çıxarmağa sərf edən fəhlələrin maaşı 300 manatdır. Həmin məvacibin bir qədəri qeyri-qanuni şəkildə kəsilir. Balaxanı NQÇİ-də iş şəraitinin nə şəkildə olduğunu hər kəs gördü. Həmin idarədə problemlər üst-üstə yığılaraq fəhlə üsyanına səbəb olub”.

M.Qəhrəmanlının sözlərinə görə, bu cür neft şirkətlərində rəhbərlik dəyişilən zamanı işçilərin ixtisarı ilə paralel onların məvaciblərinin aşağı salınması tendensiyaları tez-tez yaşanır: “Biz bütün bu qanunsuz olayları fakt şəklində toplayıb yaxın günlərdə lazımı dövlət orqanlarına müraciət edəcəyik”.(müsavat)

  • Yazılıb
  • da (də) 2012 Sep 28