«Deputat Ülvi Quliyev hamıdan imza topladı, seçildi gəldi, hamıya ət payladı., amma indi tapa bilmirəm…»
m/Aran Agentliyi
“Sovetski” ərazisində Abdulla Şaiq küçəsi, ev 215-də yaşayan iki ailənin evi hər an uça bilər. Həmin ərazidə “Gilan” MMC-nin binası yerləşir. Şirkət binanı su ilə təmin etmək üçün bir neçə evi söküb və həmin ərazidə su anbarı tikir. Evlər sökülərkən qonşuluqda yaşayan Sevda Aslanovanın da evi zədələnib. Söküntü işləri bu ilin 13 iyununda aparılıb. “217-ci mənzili sökəndə mənim evimi zədələdilər. Bu həyət mənim babamın qardaşının həyətidir. Evləri sökəndə uşağı qucağıma alıb həyətə qaçırmışam. Səsdən oturmaq olmurdu. Ekskavator sökəndə divarımı zədələdilər, divar tavandan aralandı”.
Bundan sonra qaz idarəsinin işçisi sakindən xahiş edir ki, qaz xəttini onun damının üstündən keçirməyə icazə versin. S. Aslanova tikinti işinə mane olmamaq üçün razılıq verir. Amma 10-15 gün ərzində 4-5 nəfər işçinin damın üstündə o baş bu başa getməyi örtüyü zədələyib. “Gecə ilə mənim divarımı zədələdilər. İki gündən sonra yağış yağdı. Mən də televizora baxırdım, birdən xış-xış səs gəldi, bir də baxdım televizorun, mebelin üstü palçıq oldu. Tavan uçdu, bütün mebelimi korladı. Sahə müvəkkili də elə evə yaxın idi, çağırdım, gəlib baxıb, getdi”.
Sakin evinin yararsız hala düşməsi ilə bağlı FHN-nin tikinti təhlükəsizliyi idarəsinə müraciət edir. Bundan sonra evinin damına şiferlər vurulur. “Hər vaxt bu tavan uça bilər. “Gilan” a gedib-gəlirəm, rəis məni qəbul eləmir. Divarın yarısı sudur, qışda nə olacaq... Allah qorusun!”
Sevda Aslanova bizi tavanı çökən otağa aparır. Burada tavan laylanıb və içərisindəki taxta qırıntıları evə səpələnir. Otağın mebelləri sökülüb və bir küncə yığılıb. Divarlar da çat verib. Ev sahibi deyir ki, 2005-ci ildən bura köçüb, amma o vaxtdan evini təmir elətdirməyib. “Bütün günü əllərində metrə gəzirlər ki, evi sökəcəyik. Evi təmir etmirik ki, köçəcəyik. Əvvəl 48 kvadrat metr ölçdülər, sonra 51... 5 gün əvvəl ölçdülər, dedim mənim evim bəzəkli gəlin evi idi, hər bir mebelim vardı, indi heç nəyim yoxdur”.
Sakin deyir ki, evin hər kvadrat metrinə 1500 manat verirlər. O, bu qiymətləndirmə ilə razılaşmır. “Mən bu pulla “Xruşovka” dan 2 otaqlı mənzil ala bilərəm, amma oğlumun ailəsi ilə orada bir yaşaya bilmərəm. Mən ombudsmana müraciət etmişəm. FHN-dən cavab gəlib ki, o biri həyətdə yaşayanlar razılaşma ilə gedib, siz də elə gedəcəksiniz, narahat olmayın. Mən heç evimi satmıram. Sən gəlmisən mənim evimi almağa, amma bu mənim şəxsi mülkümdür. Sən də özəl şirkətsən, hökumət deyilsən. Sən mənim evimə heç nə vermirsən. Evimə qiymət qoymaq mənim haqqımdır”.
S. Aslanova sökülən evlərin yerində “Gilan” MMC-nin bina tikəcəyini deyir. “Əvvəl evimə 76 min manat təklif elədilər, sonra 78 min manat... Biz burada yaşamışıq, heç qonşunun həyətinə keçməmişik. İndi biz tikintiyə hücum edirik. Traktorçu özü yerə düşdü ki, mənə dar bir yer vermisiniz, mən camaatın divarın uçuracam, indi mən türməyə düşüm, axı mənim körpə uşağım var. Mən gedib 27-ci polis bölməsinə ərizə yazmaq istəyirəm ki, səhər əsəbiləşib bir şey eləsəm, məni tutmasınlar”.
S. Aslanovanın evinin damını təmir edəndə onun bacısı Zərnişan Ağabəyovanın damını zədələyiblər. “Divarı tikiblər, bacımın damında novalça yoxdur, su yığılıb qalıb. Bu da onun tavanını uçurub”.
Sakin deyir ki, öz evində bomj kimi yaşayır. 5 nəfər ailə üzvü evdə rahatlıqlarını itiriblər. Yağış yağan kimi evlərini su basır. Ev sahibəsi dərdini demək üçün seçdiyi deputatı axtarır. “Bizim seçdiyimiz deputat Ülvi Quliyevdir. Hamıdan imza topladı, seçildi gəldi, hamıya ət payladı. İndi mən onu tapmıram ki, gedib şikayət eləyim. Mən səni seçmişəm ki, mənim problemimi parlamentdə deyəsən. Onun üçün imza toplamağa gələn oğlandan soruşmuşam ki, haradadır deputatımız? Deyir ki, istirahətdədir”. (bizimyol)