m/Aran Agentliyi
Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin zəbti davam edir. Səbail rayonunun keçmiş icra başçısı Rüstəm Məmmədov geri çəkilmək niyyətində deyil.
1995-ci il yanvarın 27-də Səbail rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb.
Torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1338 saylı sahədə yerləşir. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi onun ailəsinin mülkiyyətində qalıb. A.Laçınlı 2007-ci ilin sonlarında vəfat edib. 2008-ci ildə şairin ailəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən "Torpaq sahəsinin planı və ölçüsü" və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” alıb.
Məlum olub ki, torpaq sahəsi Səbailin icra başçısı işləmiş Rüstəm Məmmədov tərəfindən 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncamla zəbt olunub.
Göründüyü kimi, sözügedən sərəncam (15 mart 1995-ci il, 885 saylı) Ağa Laçınlıya torpaq sahəsinin ayrılması haqqında sərəncamdan (27 yanvar 1995-ci il, 373 saylı) sonra verilib.
Sabiq icra başçısının anasına verilmiş sənəddə ona ayrılan torpaq sahəsinin sıra nömrəsi yanlışdır
Bu sənədləri şairin ailəsi 2008-ci ildə alıb. Sabiq icra başçısının anası Biliy Məmmədovaya isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən "Torpaq sahəsinin planı və ölçüsü" və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” 2011-ci ildə verilib. Bu sənədlər alınan kimi, yəni 2011-ci ildə torpaq sahəsində işlərə başlanılıb, qazıntı aparılıb, hasar çəkilib, darvaza qoyulub. Məmmədovlar ailəsi “Əgər sizin 1995-ci ildən burada torpaq sahəniz var idisə, nə əcəb indiyədək burada heç bir iş görməmişdiniz?” sualına ağlabatan cavab verə bilməyiblər.
Daha bir maraqlı fakt: B.Məmmədovaya verilmiş sənəddə ona ayrılan torpaq sahəsinin sıra nömrəsinin 1898x olduğu göstərilib. Halbuki ərazidəki sahələrin sıra nömrələri 1335, 1336, 1337 və Ağa Laçınlının ailəsinə məxsus olan 1338 saylı sahədir. 1898x saylı sahə bu ərazidə necə yerləşə bilər?
2011-2012-ci illərdə, faktiki il yarım ərzində şairin ailəsi qarşı tərəfə qeyri-qanuni inşa olunmuş daş hasarın sökülməsi barədə dəfələrlə xəbərdarlıq etsə də, buna məhəl qoyulmayıb.
2012-ci il sentyabrın 5-də “Azərbaycan” qəzetində bu hadisəni kəskin pisləyən yazı dərc olunub. “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı məqalədən sonra məsələ başqa KİV-lərdə də geniş işıqlandırılıb. Bundan bir neçə gün sonra sabiq icra başçısı qanunsuz çəkdirdiyi hasarın 2 metrini sökdürüb və bunu zəbtin aradan qaldırılması kimi təqdim etməyə çalışıb.
9 metrə yaxın ərazini keçmiş icra başçısı zəbt edib
Dünən Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edib dəqiq göstərmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi Badamdar qəsəbəsinə gəldi. Prosesi jurnalistlər də müşahidə etdilər.
Yerində təftiş prosesi zamanı müəyyən olundu ki, sabiq icra başçısının çəkdirdiyi daş hasarın 8 metr 50 santimetr hissəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə keçir. R.Məmmədovun çəkdirdiyi hasarın 6 metr yarımdan çox hissəsi hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin hüdudlarındadır. Jurnalistlərin, hal şahidi Əfqan Həsənovun və Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadənin iştirakı ilə yerində akt tərtib olunub.
Keçmiş icra başçısından şikayət olundu
Torpağın zəbt olunması ilə bağlı Ağa Laçınlının ailəsi Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də müraciət edib. Müraciətdə Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsi xahiş edilib.
“Zəbt etdiyimiz ərazi çoxdursa, buyursunlar məhkəməyə”
Torpağı zəbt olunmuş ailə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə prosesi sentyabrın 26-da saat 12-də Səbail Rayon Məhkəməsində başlayacaq. İşə hakim Nurəddin Bağırov baxacaq.
Məsələ ilə bağlı keçmiş icra başçısının qardaşı Zülfüqar Məmmədovla telefon əlaqəsi yaradıldı. Z.Məmmədov bildirdi ki, onlara müəyyən güzəşt olunub: “Biz 3 metrə yaxın zəbt olunmuş ərazidən çıxdıq. Zəbt etdiyimiz ərazi çoxdursa, buyursunlar məhkəməyə. Məhkəmə ərazini zəbt etməyimlə bağlı qərar çıxarsa, ərazini tərk edəcəm”.