Xəbər verdiyimiz kimi, qalmaqallı video görüntü ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə...
/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, qalmaqallı video görüntü ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.
Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Mövzuyla bağlı hüquqşünas Anar Qasımlı Deyerler.org-a öz münasibətini bildirib: “Məni bu məsələnin hüquqi tərəfi maraqlandırmır. Əlbəttə ki, bu, adi dələduzluq məsələsi deyil. Doğrudur o əlamətlər də görünür. Amma söhbət təkcə dələduzluqdan getmir. Burada zərər çəkmiş və zərər vuran tərəf var. Hələ ki, demək olmaz ki, şəxs cinayətkar deyil. Bunun üçün məhkəmənin qərarı olmalıdır. Sözün açığı məni məsələnin hüquqi tərəfi maraqlandırmır. Mənim üçün bu məsələnin siyasi tərəfi önəmlidir. Videoda deyilir ki, hansısa siyahı olub. Məni o, maraqlandırır ki, öncədən siyahı olubsa, seçki niyə keçirilirdi? Görüntü üçün seçki kimə lazım idi? Seçkiyə bu qədər pul vəsaiti xərclənir. Məsələyə bu baxımdan yanaşmaq lazımdır. Hüquqi tərəfi az əhəmiyyətlidir. Əvvəldən də mənim fikrim bu, olub ki, hökumət məsələnin siyasi mahiyyətini pərdələmək üçün hansısa hüquqi bir addım atacaq. Amma bu məsələnin hüquqi tərəfindən çox, siyasi tərəfi qabardılmalıdır. Niyə bu siyahı olmalıdır? Siyahını kim müəyyən edir? Siyahıya düşmə kriteriyaları nədir? Bir kriteriyanı gördük ki, bu siyahıya pul müqabilində düşürlər. Amma mən inanmıram ki, 125 nəfərin 125-i də bu kriteriya əsasında ora düşür. Bu kimi sualların hökumət cavabını verməlidir. Əgər siyahı metodudursa, onda konstitusiya nəyə görə lazımdır, seçkilər nə üçün keçirilir? Seçicilər aldadılırsa və əgər doğurdan da siyahı əsasında müəyyən edilirsə, deməli, bu parlament xalq tərəfindən seçilməyən parlamentdir. Bu qeyri-legitim parlamentin qəbul etdiyi bütün qanunlar artıq öz hüquqiliyini itirmiş sayılır. Legitim olmayan bir qurumun qəbul etdiyi qaydalarla mən niyə yaşamalıyam? Məsələn, yol qaydalarını pozmağa görə qaydalar müəyyən edirlər. Bu yaxınlarda da cərimələrlə bağlı dəyişikliklər edilib. Mən tutaq ki, yol hərəkət qaydasını pozmuşam və mən niyə qanunla müəyyən olunmuş qaydada seçilməyən insanların müəyyən etdiyi şəkildə cərimə ödəməliyəm. Mən vətəndaş kimi artıq bu maraqlandırır. Gülər Əhmədova Elşad Abdullayevin pullarını mənimsədi-mənimsəmədi məni maraqlandırmır, bu, onların öz işidir. Məsələnin bu tərəfi isə məni çox maraqlandırır”.
Deyerler.org