Tədbir Qurani-Kərimin Əhli-Beytə (ə) haqqında olan ayələrinin tilavəti və təfsiri ilə İbrahimova Əzəmət tərəfindən açıq elan olundu
/Aran Agentliyi
Tədbir Qurani-Kərimin Əhli-Beytə (ə) haqqında olan ayələrinin tilavəti və təfsiri ilə İbrahimova Əzəmət tərəfindən açıq elan olundu
HaqqYolu - İçərişəhər "Cümə" məscidinin dini icmasının xanımlar heyəti İmamət səmasının 8-ci günəşi olan Əli ibn Musanın (ə) mövlüd gününə həsr olunmuş seminar keçiriblər. Tədbir Qurani-Kərimin Əhli-Beytə (ə) haqqında olan ayələrinin tilavəti və təfsiri ilə İbrahimova Əzəmət tərəfindən açıq elan olundu. Seminarın aparcısı Babayeva Günay xanımları salamlayaraq, mövlud günlərindən, İmam Rzanın (ə) təvəllüdündən bəhs açdı. Sonra söz Şahverdiyeva Zeynəbə verildi.
Zeynəb xanım seminar iştirakçılarına İmamətin vacibliyi, həyatımızdakı rolu və vəzifələri haqqında genış məlumat verdi. Sonrakı çıxışçı Bağırova Ramilə isə İmam Rzanın (ə) əxlaqı, fərdi və ictimai həyatindan danışaraq o uca şəxsin daxili aləmindən söz açdı. Sadə və izzətli yaşam tərzindən bəhs etdi. Aparıcı Günay xanım İmamın "Ali-Muhammədin alimi" olduğunu, minlərlə tələbələrin onun elmindən faydalandığını, hətta nəsranilərin də ondan bəhrələndiklərini vurğulayaraq, iştirakçıları video-çarxa baxmağa dəvət etdi. Video-çarxda yaşlı bir inanclı nəsraninin ölüm səhnəsi və onun İmam Rzanın (ə) köməyilə son nəfəslərində hidayət olunması və s. canlandırılmışdır.
Tədbirin davamında Elşadə İbrahimova kəramətin nə olduğundan və İmam Rzanın (ə) kəramətlərindən danışdı. Öz çıxışında bir xanımın İmam Rzanın (ə) hərəmində şəfaət tapmasından rəvayət etdi. Aparıcı İmam Rzanın (ə) xain Məmun tərəfindən zəhərləndirilərək şəhadətə çatmasından, və pak cisminin Məşhəd şəhərində torpağa tapşırılmasından danışdı.
Sonrakı çıxışcı Masiyeva Leyla Məşhəd şəhərinin tarixindən danışdı. İmam Rzanın (ə) dəfn olunduğu mükəmməl və əzəmətli kompleks olan Rövzeyi-Münəvvərə haqqında ətraflı məlumat verərək, hərəmin vizual təsvirini canlandırdı.
Seminarın davamında Mirzəxanova Günel ümumilikdə qəbirləri, müqəddəs şəxslərin, övliyaların, məsum İmamların və Əziz Peyğəmbərimizin (s) hərəminin ziyarət etməyin fəlsəfəsindən bəhs etdi. Bir çox hədislərə toxunaraq, ziyatərin yalnız elmi deyil, mənəvi yönündən danışdı: "Ziyarətdə fəlsəfə və dəlil-sübutdan əvvəl eşq və məhəbbət gizlənmişdir. Dində ən üstün məşuqlar Allah, Rəsulu, məsum İmamlar, salehlər, siddiqlər, şəhidlərdir. İmam Cəfər Sadiq (ə) buyurub: "Din - məhəbbətdən başqa bir şey deyil"".
Sözlərinin sonunda İmamın (ə) ziyarətnaməsi oxunuldu, Peyğəmbərimizə (s) uzanan mənfur əllərin cəzalandırılması üçün dualar olundu. Seminar "Fərəc" duasının cəm halda oxunması ilə başa atdı.(deyerler)