Tarix : 2012 Oct 03
Kod 33154

AİP bəyanat yaydı: Parlament buraxılmalıdır

Oxucularımıza həmin toplantıdan geniş məlumatı və qəbul olunmuş bəyənatı çatdırırıq
/Aran Agentliyi

İslaminsesi.az xəbər portalının ötən gün verdiyi xəbərdə göstərilirdi ki, Azərbaycan İslam Partiyasının idarə heyəti ölkədə ictimai-siyasi vəziyyəti müzakirə etmiş, ölkə vətəndaşlarını narahat edən bir sıra məsələlərə mövqe sərgiləyərək neqativlikləri kəskin tənqid etmişdir.

Oxucularımıza həmin toplantıdan geniş məlumatı və qəbul olunmuş bəyənatı çatdırırıq.

AİP idarə heyəti diqqəti ilk növbədə əziz Peyğəmbərimiz haqqında ABŞ və Fransada təhqiramiz hərəkətlərə yol verilməsi və dünyanın hər yerində, o cümlədən də ölkəmizin paytaxtı, və ayrı-ayrı- bölgələrində buna qarşı insanların etirazına yönəltmişdir.

Partiya funksionerləri bu antibəşəri, insanlığa zidd, bütün müsəlmanları təhqir anlamına aid olan addımı pisləyən və ittiham edən bəyənatlarını bir daha xatırlayaraq bəşəri cinayətlərin təkrar olunmamasından ötrü ilk günlərdən tələb etdikləri kimi bütün ölkələrdə dinlərin və səmavi kitabların, peyğəmbərlərin təhqirini yasaq edən, toxunulmazlığını təmin edən qanunların qəbul edilməsi, cinayət işinin qaldırılması tələblərini müdafiə etmişlər.

İslamçılar həmçinin bildirmişlər ki, inanclara qarşı baş verən vəhşilikərə ölkəmizdə həyata keçirilən bütün və hər növ etiraz aksiyalarını dəstəkləmiş, bu aksiyalara qoşulmuş və bundan sonra da qoşulmaq niyyətindədirlər. "Amma təəssüflər olsun ki, bütün islam aləminin, dünya müsəlmanlarının etirazını, hətta ABŞ və Fransanın müsəlman əhalisinin həyata keçirdikləri etiraz aksiyalarını qiymətləndirməyi bacarmayan, mənəviyyatdan uzaq inzibati bürokratik mahiyyətdən kənara çıxa bilməyən, azad söz, sivil aksiya formasını, demokratik, hüquqi prinspləri qulaqardına vuran Bakı Şəhər İcra Hakimiyyəti güc strukturları vasitəsi ilə vətəndaşları onların konstitusion hüquqlarından məhrum etməyə çalışmış, sentyabrın 29-da Fransa səfirliyinin qarşısında AİP-in təşkil etdiyi dinc piketin baş tutmamasından ötrü 21-ci polis bölməsinə gizli tapşırıqlar vermişdir.

Səbayel Rayon Polis Şöbəsinin əməkdaşları isə peyğəmbərin təhqirinə etiraz edənləri xüsusi canfəşanlıqla susdurmaqdan, onlara hər cür fiziki zor göstərməkdən çəkinməmişlər” – deyə toplantı iştirakçları Bakı meriyasının və bütövlükdə hakimiyyətin neqativlikləri polis gücü ilə ört-basdır etməyə çalışdıqlarını tənqid etmişlər.

AİP funksionerləri son günlər ölkə ictimaiyyətini ciddi narahat edən, mövcud hakimiyyət üçün ölkədaxili sarsıdıcı zərbə vuran, beynəlxalq aləmdə isə dövlətimizin imicini ləkələyən hadisəyə - Milli Məclisin üzvü, millət vəkili Gülər Əhmədovanın rüşvət və korrupsiya əməllərinə mənəvi və siyasi qiymət verərək bunun təsadüfi hal olmadığını qeyd etmişlər.

Çıxış edənlər bildirmişlər ki, ölkədə rüşvət və korrupsiya qanunauyğun hal almışdır.

“Gülər Əhmədova kimilər istər qanunverici, istərsə də icra hakimiyyəti və hətta məhkəmə orqanlarında kifayət qədər çoxdur və bu dövlət qurumlarında dərin kök salmış problemdir. Heç kəsə sirr deyil ki, Azərbaycan dünyada korrupsiya və rüşvət göstəricilərinə görə, öncül sıralardadır” – açıqlamaları ilə toplantı iştirakçıları rüşvət və korrupsiyanı əxlaqsızlığın qabarıq forması kimi qiymətləndirmişlər.

Qeyd edilmişdir ki, hazırkı millət vəkillərinin böyük əksəriyyəti xalqın maraqlarını nəinki Azərbaycanda, beynəlxalq təşkilatlarda belə lazımınca qoruya bilmir, xalqımızı layiqincə təmsil etmirlər.

Səbəbini islamçılar əksər millət vəkillərinin seçicilərin səsi ilə deyil, məhz əyri yollarla kürsüyə gətirilmiş, xalqın qanunvericilik hakimiyyətinin taleyi əlləri korrupsiya çirkabına bulaşmış, insanlara tapşırılmasında görürlər.

AİP funksionerləri beynəlxalq təşkilatların ölkəmizdə baş verənləri, xüsusən AŞ PA-nın korrupsiyaya bulaşmış bir parlamentin hazırkı vəziyyətini müzakirə etməyini və onun legitimliyini rədd etməyinin zəruri olduğunu bəyan etmişlər. İslamçılar onu da bildirmişlər ki, partiya sədri Hacı Mövsüm Səmədovun 2010-cu ilin yanvar ayının 2-də qurumun Baş Məclisdəki çıxışında məhz ölkədəki rüşvət və korrupsiya hallarını kəskin tənqid etmişdi, ona görə də o, hakimiyyətin təqibinə məruz qalmış və siyasi sifarişlə həbs olunmuşdur.

AİP idarə heyətinin üzvləri sonda qurumun bəyənatını qəbul etmişlər.

 

Bəyanatda deyilir:

“Sosial şəbəkədə yayımlanan və artıq ölkənin bütün informasiya vaistələrində öz əksini tapan Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili Gülər Əhmədovanın rüşvət və korrupsiya əməlləri ölkə ictimaiyyətinin təəssüf və təəccübünə səbəb olmuşdur. Respublikanın ali qanunvericilik hakimiyyətinin rüşvətə, korrupsiyaya uğramasını Azərbaycan İslam Partiyası dövlətə, dövlətçiliyə xəyanət kimi qiymətləndirir.Görüntülərin etirafı, G.Əhmədovanın mandatından imtina etməsi onu göstərir ki, istər təhsil sistemində, istərsə də hakimiyyət orqanlarında rüşvətxorluq və korrupsiya halları yeni deyil, həm də çoxlarını bu çirkaba bulaşdırmışdır. Bəlli məsələdir ki, milyonların sahibləri bu sərvəti nə halal yolla, nə də gizli şəkildə toplamışlar. Bunu biz indiki siyasi sistemin mahiyyəti kimi başa düşürük. Ümumiyyətlə rüşvət və korrupsiya hər bir dövlətin təməlini laxladan amil olmaqla , eyni zamanda hər bir xalqı mənəvi tənəzzülə aparan əxlaqsız vərdiş kimi dəyərləndirilməlidir. Nə xalq, nə də Azərbaycanın mövcud hakimiyyəti ilə müxtəlif aspektlərdə əlaqələr quran beynəlxalq təşkilatlar, xüsusən də AŞ PA-sı belə neqativ hallara qarşı susmalıdır.

Biz Gülər Əhmədovanın timsalında əksər millət vəkillərinin təmsil etdikləri seçicilərin etimadını qazanmaq, maraqlarını yüksək tribunadan ifadə etmək əvəzinə şəxsi mənafelərinə xidmət etdiklərinin, Milli Məclisə özlərinin gəlir mənbəyi kimi baxmalarının şahidi olmuşuq. Son hadisələr bu ehtimalı bir daha sübut etdi, təsdiqlədi. Uzun illər belə neqativ hallara qarşı mübarizə aparan pak insanları susdurmağa çalışmış, zindanlara atmışlar. Belələrindən biri də məhz təhsildə rüşvət və korrupsiya hallarının olduğunu dilə gətirən, bu neqativliklərin diqqətdən yayınması üçün ortalığa süni problemlər atanları, bütövlikdə bunlara cavabdehlik daşıyan indiki hakimiyyəti kəskin tənqid edən AİP sədri Hacı Mövsüm Səmədovdur.

Mövcud acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan İslam Partiyası mövcud Milli Məclisin buraxılması və prezident seçkilərinə kimi qanunverici orqanın yenidən formalaşdırılması üçün seçkilərin keçirilməsində görür. Yalnız obyektiv, demokratik və şəffaf seçkilər xalqımızı, dövlətimizi bu bəlalardan qurtara bilər”.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 03