Tarix : 2012 Oct 07
Kod 33221

Lənkəran məktəblərində pul yığımı

Audit yoxlaması ilə əlaqədar direktorlara “tas” qoyulub
/Aran Agentliyi

Audit yoxlaması ilə əlaqədar direktorlara “tas” qoyulub

HaqqYolu - Lənkəranda orta məktəb direktorlarından pul yığılır. Bu barədə qəzetimizə adının gizli qalmasını istəyən direktorlardan biri məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə Lənkərana Hesablama palatasından audit yoxlamasına gələcəklər. Bu yoxlamadan təmiz çıxmaq üçün isə bütün məktəb direktorlarından pul toplanır. Oktyabrın 5-da rayon Təhsil Şöbəsinə dəvət olunan direktorlara rəhbərlik etdikləri məktəblərin böyüklüyündən asılı olaraq qısa müddət ərzində 3 mindən 10 min manata qədər pul gətirmək tapşırılıb.

Qeyd edək ki, Müəllim Günündə bu “hədiyyə” direktorlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Bəziləri tələbdən açıq-aşkar imtina edib. İmkanı olmadığını söyləyən direktorlara isə “gedin bankdan kredit götürün” məsləhəti verilib.

Mənbə əvvəllər də belə yığımların olduğunu bildirir: “Lakin o zaman yoxlamalar sırf tədris ilə bağlı idi və direktorlar nöqsanlarını ört-basdır etmək üçün xərcə düşməyi qəbul edirdilər. Hesablama Palatasının auditi isə əsasən təmir-tikinti işləri ilə bağlıdır. Bunun pulunu başqaları yeyir, direktorlara bir şey çatmır. O səbəbdən də budəfəki yığıma qarşı kəskin etiraz var”.

Dünən iş günü olmadığından məsələyə rayon təhsil şöbəsinin münasibətini öyrənə bilmədik.(musavat)

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 07