Həqiqətən də bütün müəllimlər Mustafayeva Tamillanın olduqca nizam-intizamlı, fəal və çalışqan şagird olduğundan bəhs etdilər
/Aran Agentliyi
Həqiqətən də bütün müəllimlər Mustafayeva Tamillanın olduqca nizam-intizamlı, fəal və çalışqan şagird olduğundan bəhs etdilər
Xebername.az İnternet qəzeti Milliyet.az saytına istinadən xəbər verir ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin direktor Tünzalə Salahova həmin məktəbin 11 sinif şagirdi Mustafayeva Tamilla Faiq qızını baş örtüyü bağladığı üçün məktəbə buraxmır. Dərs ilinin başlandığı gündən cəmisi üç gün məktəbə getməyə imkan tapmış Tamilla Mustafayeva məktəbli forması geyindiyinə baxmayaraq, baş örtüyü geydiyinə görə direktorunun qəzəbinə tuş gəlib.
Məktəbin direktoru Tünzalə Salahova onu şagirdlərin qarşısına çıxararaq baş örtüyü ilə dərsə gəldiyi üçün danlayıb, onu digər məktəblilərin gözü qarşısında lağa qoyaraq “məktəbə gəlmək istəyirsə, başı açıq gəlməlisən” əmrini verib .
Maraqlıdır ki, adıçəkilən şagird 2010-2011-ci və 2011-2012-ci illərdə rayonda keçirilən təhsil olimpiadalarının qalibi olub. İki dəfə riyaziyyat fənnindən, bir dəfə də Azərbaycan dilindən birinci yeri qazanıb. Hətta Tamilla Mustafayeva ən çalışqan şagirdlərdən biri kimi Rayon Təhsil Şöbəsi tərəfindən həvəsləndirici diploma da layiq görülüb. Məktəb müəllimlərinin ən sevimli şagirdi olan Tamilla bu il dərs ilinin ilk günündən siniflərində divar qəzetini belə hazırlayaraq həvəslə sinif otağına gələndə Tünzalə Salahovanın hədəfinə çevrilib.
Onu da qeyd edək ki, məktəb direktoru təkcə Tamillanı şagirdlərin qarşısında alçatmaqla kifayətlənməyərək onların evinə adam göndərib, ona aid bütün dərs kitablarını da əlindən alıb.
Mustafayeva Tamilla isə ürək ağrısı ilə “mən məktəbə həmişə məktəbli geyimi ilə getmişəm, dərslərimdə də müvəffəqiyyətlər qazanmışam. Bəs niyə məni bircə dənə baş örtüyü bağladığıma görə məktəbə buraxmırlar?! Axı o məktəbdə kim necə gəldi, elə də geyinir” deyə gileylənir.
Məktəb müəllimləri ilə apardığımız söhbət zamanı məlum oldu ki, həqiqətən də bütün müəllimlər Mustafayeva Tamillanın olduqca nizam-intizamlı, fəal və çalışqan şagird olduğundan bəhs etdilər. Onlar da bu cür şagirdin baş örtüyü bağlamasına görə məktəbə buraxılmamasından təəssüfləndiklərini bildirdilər. Adının çəkilməsinin istəməyən müəllimlərdən biri “Axı iki il bundan qabaq məktəb direktorunun yaxın qohumlarından birinin qızı bu məktəbə hicab örtərək gəlirdi. O vaxt da Tünzalə xanım bütün məktəbə elan etmişdi ki, bu qızdan başqa heç kəsə baş bağlamaq olmaz. Heç adını belə güclə yazan bu qıza niyə heç nə demirdilər?! Bu cür əlaçı şagirdi isə bircə baş örtüyünə görə məktəbə buraxmamaq heç bir normaya sığışmır”.Xebername.az İnternet qəzeti
islamazeri.az