Tarix : 2012 Oct 08
Kod 33242

Hacı Mehdi Şamilinin həbs müddəti uzadıldı

Cavad Cavadov: “Təqdimat qanun pozuntusu ilə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən icraata qəbul edilib”
/Aran Agentliyi

Cavad Cavadov: “Təqdimat qanun pozuntusu ilə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən icraata qəbul edilib”

HaqqYolu - Avqustun 6-da Sabunçu polisi tərəfindən həbs olunmuş Hacı Mehdinin istintaq müddəti daha iki ay uzadılıb. Bu barədə qəzetimizə onun vəkili Cavad Cavadov məlumat verib. Açıqlamada vəkil bildirir ki, Hacı Mehdi Şamillinin barəsində məhkəmə narkoloji ekspertizasının rəyi açıqlanıb və bu rəyə əsasən, onda hər hansı narkotik maddənin qəbul etməsinin əsər-əlaməti tapılmayıb. Eyni zamanda vəkil istintaqın Hacı Mehdinin həbs müddətinin uzadılması ilə bağlı qanunsuzluğa yol verdiyini deyir. Onun qənaətincə, ekspertizanın nəticələri Hacı Mehdi barəsində qaldırılmış cinayət işinin qondarma olmasını bir daha sübut edir.

Vəkilin sözlərinə görə, müstəntiqin həbs müddətinin uzadılması ilə bağlı təqdimatı tamamilə qanunsuz olub. Belə ki, Azərbaycan CPM-in 159,3 maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edərsə, o zaman müstəntiq saxlanılma müddətinin keçməsinə ən geci 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir, prokuror isə şəxsin müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir.

Vəkil qeyd edir ki, müstəntiq Cinayət Məcəlləsinin bu tələbini pozaraq Hacı Mehdi barəsində çıxarılmış həbs qərarının iki ayı tamam olmasına bir gün qalmış məhkəməyə həbs müddətinin uzadılması ilə bağlı müraciət edir: “Ancaq təqdimat qanun pozuntusu ilə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən icraata qəbul edilib. Bu qanun pozuntusu ilə bağlı vəkilin məhkəmədə vəsatət qaldıraraq prosessual müddətlərin hamı üçün ciddi olduğunu bildirib və eyni zamanda Hacı Mehdinin azadlığa buraxılmasını tələb edib”.

Vəkilə görə, istintaqın qanunsuzluqlarını nəzərə alaraq məhkəmə Hacı Mehdini bazar günü azad etməli olsa da, bunu etməyib: “Hakim Elşən Kazımov bu qanunsuzluqlara göz yumaraq qanunsuz təqdimatı təmin edərək həbs müddətini uzadıb”. C.Cavadov baş verən qanunsuzluqlarla bağlı müvafiq instansiyalara şikayətlər hazırlayacağını dedi.

Xatırladaq ki, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Mehdini polis yaşadığı evindən aparıb. Ertəsi gün Sabunçu polisi ona qarşı CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başladıb. Polis Hacı Mehdinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edildiyini elan edib.

KƏNAN/musavat

  • Yazılıb
  • da (də) 2012 Oct 08