Tarix : 2012 Oct 08
Kod 33244

Yükümüzü çəkənlərə xəyanət (5 oktyabr aksiyası)

İman əhli ilə küfr əhli arasında mühüm bir fərq var: son hədəf iman əhli üçün axirət, küfr əhli üçün dünyadır
/Aran Agentliyi

İman əhli ilə küfr əhli arasında mühüm bir fərq var: son hədəf iman əhli üçün axirət, küfr əhli üçün dünyadır. İman əhli axirət yolunda dünyasını verər, şəhid olar. Çünki dünyanı yuxu kimi qısa sayır. Küfr əhli dünya yolunda çalışar, vuraşar, amma hər nəyindən keçsə, canından keçməz. Çünki dünyadan sonranı boş görür. Bu boşluq küfr əhlini qorxudur. İman əhli bir-biri ilə vuruşmaz. Bu küfr əhlinin sifətidir. Bir-biri ilə vuruşanlar ən azı imanı küfrə qatmışdır. İman əhli birdir, küfr əhli dağınıq. Dağınıqlığı salan ad-san, var-dövlətdir. İman əhli üçün vəzifə də, şöhrət də, sərvət də zərrəcə dəyərə malik deyil. Bu halda nə üçün vuruşalar?! Əgər vuruşsalar, demək iddiaları var. İddia isə iman əhlinin şənində deyil. Qurana nəzər salaq:

Onlar hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə, yaxud divar arxasında  olarkən döyüşərlər. Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır. (Həşr, 14)

Allah, din, İslam, hicab düşmənləri dünya boyu möminlərin üzərinə hücuma keçib. Hücuma keçib ki, bu qövmün axırına çıxıb, sərvətinə, namusuna sahib olsun. Neçə yüz il şeytan bayrağı altında müsəlmanları, ədalətsevər insanları əzib, nəşi üstündə “hanı sizin Allahınız”, deyə meydan sulayıblar. Allah-Taala bəşəriyyəti imtahana çəkdiyi üçün möhlət verib, hər fərdin kimliyini onun özünə sübuta yetirib.

İranda inqilab oldu. Xəyanətkar şah hər an güclənən Allahu Əkbər sədalarının fırtınasında saman çöpü kimi ölkədən bayıra atıldı. Üzərindən üç on il ötmüş hamının daşlaşmış saydığı ərəb dünyasının qəlbi döyünməyə başladı. Diktatorlar bir-birinin ardınca xalqa qazdıqları quyuya yumbalandılar. Dünya İslama doğru gedir – küfr əhli istəsə də, istəməsə də!

Dünyanın diqqəti Azərbaycan adlı kiçik, amma varlı bir məmləkət üzərində cəmləşib. Bu məmləkətdə bir ovuc quldur hakimiyyətə sahib durub xalqın iliklərini içinə çəkir, millətə vəkillik mandatını bazarda satır. Dünya gözləyir ki, Azərbaycan xalqı ayağa qalxıb taleyini öz əlinə alacaq. Dünya gözləməkdə olsun.

1988-ci ildə meydana çıxan, zalımların ürəyini silkələyən xalq idi. Onda nə müxalifət partiyaları vardı, nə dini təşkilatlar, nə də “xilaskarYAP”. O zaman təkcə xalq vardı. Xalq arasında milli, demokratik, dini dəyərlərə söykənən mübariz insanlar bilmirdi ki, güc elə bu birlikdədir. Parçalandılar. Müxalifət partiyaları yarandı, dini təşkilatlar, cəmiyyətlər meydana çıxdı. Əliyev Heydər Əlirza oğlu 1988-də meydanda olmasa da hamıdan fərasətli çıxdı. Xalqın, müxalifətin, dindarların başı üzərindən birbaşa şahlıq taxtına sıçradı. İranı da aldatdı, Turanı da. Demokrata da yalan yedirtdi, dindara da. Mübariz insanları əfi məharəti ilə məhv edib Azərbaycan hakimiyyəti və xalqını nimçədə qoydu oğlunun qabağına.

İyirmi ildir vətən torpaqları işğalda, xalq da Heydər Əliyevin nimçəsində parçalanır, gəmirilir, yeyilir. Dünyanın ən varlı xalqı dilənçi kökündə can verir, səsi çıxmır. Arabir qımıldanmaq istəsə də elə bir zərbə alır ki, ayağa qalxmağı neçə il çəkir. Amma…

Amma son iki ildə bu nimçədə qandan baş çıxarıb Allahu Əkbər deyənlər tapılıb. Bu adamlar neftdən, qızıldan pay istəmir, Allahın dünyasında Heydər Əliyev yox, Allah uludur deyir. İki ilə yaxındır DİNDARLAR adlanan bu zümrə şərlənir, həbsə alınır, min bir işgəncəyə məruz qalır, öldürülür. Bu insanların mütləq qorxu, dəhşət sükutunu yaran səsi 1988-ci ildə Azadlıq meydanını dolduran və qətlinə fərman verilmiş xalqın səsidir. Bu səs müxalifətdən özünə yol tapa  bilmədi, Allah qullarının sinəsini özünə yol seçdi.

DİNDARLAR adlanan bu qövmü qorxutmaq, susdurmaq Əliyev qruplaşması üçün qeyri-mümkün bir iş olub. Narkotikada şərləyirlər, xaricə bağlayırlar, həbsə alıb işgəncə verirlər, ürəyini partladırlar, amma çarə olmur.

DİNDARLAR adlanan bu zümrə olsun ki, hələlik üç ya beş mindən artıq deyil. Amma bu üç-beş min mübariz insan milyonların yükünü çəkir, milyonların içində boğulmuş arzuları dilə gətirir, zalıma zalım deməyə cürət edir.

Sənin milli sərvətdən olan payını yeyirlər, şəxsiyyətini alçaldırlar, ağzına qıfıl vururlar. Fərqi yoxdur sən kimsən – müxalifətsən, İslam Partiyasısan, ya sadəcə bir vətəndaşsan. Son dəfə 5 oktyabrda 500 civarında DİNDAR Azərbaycan adlanan, daş atılmış qurbağa gölünü xatırladan üstüaçıq zindandan  Allahu Əkbər deyə haray çəkib, zopalı polisə üz bozartdı. Döyüldülər, qanlarına qəltan oldular, həbs edildilər, təqibdədirlər. Canlarından keçdilər ki, zalım rejimə bu xalqın ölmədiyini göstərsinlər. Göstərdilər də.

Sən nə edirsən? Müdafiələrinə qalxmısan? Yox, buna cürətin çatmır. Onların fədakarlığından danışırsan? Buna da gücün yox. Ürəyində onlara təşəkkür edir, Allahdan yardım diləyirsən? Yoxsa bu da səni qorxuya salır?

Əsil XALQ, heç bir siyasi iddiası olmayan sadə insanlar məmnundur, ləzzət alır bu beş yüz möminin qəhrəmanlığından. Amma müxalifətli-dindarlı, intiligentli-çinovnikli söz sahibləri, televiziya-radiosu, qəzet-jurnalı, bir sözlə tribunası olan bir dəstə qorxaqlığını, paxıllığını ortaya qoydu.

Biri dedi xaricə işləyirlər, o biri dedi cahildirlər. Başqa biri dedi ki, hakimiyyətin öz oyunudur. Elələri tapıldı ki, bu adamlara cəza istədi. Ən ağrılısı budur ki, Azərbaycan İslam Partiyasının bəzi yetkililəri, bəzi dini simalar, icma başçıları, din çörəyi yeyənlər ağız büzdü canından keçmiş Müqavimət Əsgərlərinə. Anlamadılar ki, bu gənclər onların işini görür, onların yükünü çəkir. Anlamadılar ki, onlar da 5 oktyabrda meydanda olmalı, zülmə etiraz etməli idilər. Anlamadılar…

 

Quran-Kərimdə buyurulur:

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Hucurat, 9)

Nə düşünürsünüz? Necə olacaq bu xalqın taleyi? 5 oktyabr son haray olacaq? Olmayacaq, QARDAŞLAR, BƏYLƏR, CƏNABLAR!

O beş yüz fədai bir gün beş min, əlli min yumruq, dəyənək, kim bilir, bəlkə də Zülfüqarla meydana girəcək və bu son olacaq mafioz Əliyev qruplaşması üçün. Onlar Allahın əmrini yerinə yetirir:  Fitnə aradan qalxana qədər və din  ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur. (Bəqərə, 193)

Axır söz hakimiyyət adlanan qrupadır: Son qoyun bu fitnəkarlığa, küfrə. And olsun şəhidlərin ruhuna, odla oynayırsınız. Bu od gec-tez hər birinizi ağuşuna alacaq. Peşmançılığınız fayda verməyəcək.

Ağlınıza belə gəlməsin ki, din, hicab problemini unutdura biləcəksiniz cəmiyyətə. Bu sizin üçün satdığınız Qarabağ olmayacaq. Şeytanın qucağından düşün və məntiqlə fikirləşin. Bu harayın kökü  Azərbaycanda deyil ki, onu baltalaya biləsiniz. Bu haray göydən gələn çağırışa LƏBBEYK cavabıdır. Allah bu torpaqdan həmin cavabı almayacağı gün son fürsəti əldən verəcəksiniz. Tövbə yolu açıqdır. Allahın dünyasında Allahla vuruşmaqdan çəkinin. 5 oktyabr son deyil. Qarşıda qəfil və zəliledici bir zərbə var. Tələsin! Kənardan seyr edən dindarlar, siz də!

İsgəndər Hüseynzadə

“Nur” Nəşriyyat Evinin təsisçisi və direktoru

  • Yazılıb
  • da (də) 2012 Oct 08