Əslində, bu problemin Milli Məclis tərəfindən müzakirə olunub müsbət nəticə əldə olunması gözlənilirdi
/Aran Agentliyi
Əslində, bu problemin Milli Məclis tərəfindən müzakirə olunub müsbət nəticə əldə olunması gözlənilirdi
HaqqYolu - Təhsil Nazirliyi qarşısında keçirilən aksiya ilə bağlı “Şərq dünyası” birliyinin sədri, ilahiyyatçı Kəmalə Mahmudova birlik.az saytına münasibət bildirib:
“Avropa düşüncəsi ilə yaşayan, lakin Avropa təhsil sisteminin yaxınından belə keçməyən Azərbaycan Təhsil Nazirliyi ilə bağlı hicab qalmaqalının bu günə qədər öz həllini tapmaması təəssüfdoğurucu haldır. Əslində, bu problemin Milli Məclis tərəfindən müzakirə olunub müsbət nəticə əldə olunması gözlənilirdi. Adı çəkilən qurumun ətrafında baş verən biabırçı olay millət vəkillərinin bu məsələdən uzaq olduğunu bir daha üzə çıxardı. Ölkədə korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi zamanda məhz, qadın millət vəkilinin bu olayda qurban getməsi Azərbaycan qadınına olan münasibətin təzahürüdür. Qadın millət vəkilinin özünün düşünmədən bu cür çirkin əmələ qurşanması onun bütövlükdə Azərbaycan qadının adına gətirdiyi ləkədir. Bu hadisə bir daha bizim milli- mənəvi dəyərlərdən nə qədər uzaq düşdüyümüzdən xəbər verir. Dəyərlərimizi isə İslam dinindən ayırmaq mümkün deyil. Mərhum prezidentimiz cənab Heydər Əliyev öz çıxışlarının birində bunu gözəl ifadə etmişdir: “ Biz azərbaycanlılar öz tariximizlə, mili- mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli- mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.” Haqq dünyasına qovuşmuş mərhum prezidentin bu sözlərini qulaqardına vuranlar onun arxasınca getdiyini iddia etsələr də, bunu öz həyat və fəaliyyətlərində sübuta yetirmirlər. Bu gün ölkənin dini kəsiminin hüquqlarını tapdayıb, onları öz hökuməti ilə qarşı- qarşıya qoyanlar başa düşməlidir ki, bu inanclı insanlar da Azərbaycan dövlətinin vətəndaşlarıdır. Onları dinləmək, etimad göstərmək və ehtiram etmək lazımdır. İnaclı kəsimə məxsus və damarlarında azərbaycanlı, müsəlman qanı daşıyan bir vətəndaş və Azərbaycan qızı kimi ümidvar olmaq istərdim ki, ölkə rəbərliyi bu hadisələrlə bağlı müdrik davrancaq, süni şəkildə yaradılmış və problemə çevrilmiş hicab mövzusuna birdəfəlik son qoyacaq. “
Kəmalə Mahmudova
“Şərq dünyası” birliyinin sədri,
ilahiyyatçı
birlik.az