İranın “Səhər” televiziyasının Azərbaycan müxbiri, məhbus Anar Bayramlının qardaşı Yaşar Bayramlı oktyabrın 7-də jurnalistə baş çəkib
/Aran Agentliyi
İranın “Səhər” televiziyasının Azərbaycan müxbiri, məhbus Anar Bayramlının qardaşı Yaşar Bayramlı oktyabrın 7-də jurnalistə baş çəkib. “Media forum” saytına danışan Yaşar Bayramlının sözlərinə görə, qardaşının saxlanma yerindən və səhhətindən heç bir şikayəti yoxdur.
“Anar Bayramlı vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edəcəkmi” sualını Yaşar Bayramlı belə cavablandırıb: “Anarın belə bir müraciət etmək hüququ var. Amma o, belə bir müraciət etməyib. Bu barədə fikirləşir, qəti qərar verməyib”.
Jurnalist Bakı Apellyasiya Məhkəməsinin 2 avqust qərarından kassasiya şikayəti verib-verməyəcəyi məsələsini də dəqiqləşdirməyib. Yaşar Bayramlının sözlərinə görə, bu barədə də qəti qərar yoxdur.
2012-ci il fevralın 17-də həbs edilən jurnalist Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunub.
Binəqədi Rayon Məhkəməsi iyunun 11-də Anar Bayramlını 2 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsi jurnalistin bəraət istəyi yer alan şikayətinə baxıb, onun cəzasının 1 ilə endirilməsi barədə qərar çıxarıb.
"Media forum"