Bu günlərdə Masallıda Abuzər Axundov adlı daha bir dindar həbs olunub və beləliklə, həbs olunanların sayı 9 nəfərə çatıb
/Aran Agentliyi
Bu günlərdə Masallıda Abuzər Axundov adlı daha bir dindar həbs olunub və beləliklə, həbs olunanların sayı 9 nəfərə çatıb
Masallıda beynəlxalq folklor festivalına etiraz etdiyinə görə həbs olunan dindarların ailələri narahatdır. Həbs olunan “Xeber44.com” saytının rəhbəri Araz Quliyevin qardaşı Azər Quliyev “Media forum” saytına deyib ki, görüş üçün müraciət eləsələr də, mənfi cavab alıblar: “Tutulandan bu yana heç bir məlumat ala bilməmişik. Dəfələrlə görüşmək istəsək də, icazə verilməyib”. Dindarlar sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır. Rəsmi məlumata görə, dindarların işini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparır. Azər Quliyev “Media forum” saytına bildirib ki, dindarların heç birinə vəkil tutulmayıb. Səbəb ailələrin buna maddi imkanlarının olmamasıdır. “Xeber44.com” saytında dərc olunan məlumata görə, bu günlərdə Masallıda Abuzər Axundov adlı daha bir dindar həbs olunub və beləliklə, həbs olunanların sayı 9 nəfərə çatıb.
“Media forum” saytının sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, həmin iş üzrə 8 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və onların barəsində həbs qətimkan tədbiri seçilib: “Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev. Abuzər Axundovun həmin iş üzrə həbs edilməsi məlumatını təkzib edirik”.
Xeber44.Com