Tarix : 2012 Oct 09
Kod 33290

QMİ-dən təəssüfləndirici bəyanat

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təhsil Nazirliyinin qarşısında keçirilən ''Hicaba azadlıq'' aksiyası ilə bağlı bəyanat yayıb
/Aran Agentliyi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq" aksiyası ilə bağlı bəyanat yayıb.

QMİ-dən SalamNews-a verilən məlumata görə, bəynayada deyirilir:

"Azərbaycan Respublikasında Ali Qanunun - Konstitusiyanın hər bir vətəndaşımıza dini etiqad azadlığı hüquqları təmin etdiyi, milli-mənəvi dəyərlərə, tarixi dini abidələrə böyük dövlət qayğısı mövcud olduğu, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə özünü din təəssübkeşi kimi qələmə verən bir qrup şəxsin Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiya ilə bağlı narahatlığımızı bildirərək bəyan edirik:

Azərbaycanda hicab qadağası olmadığı halda bu məsələnin süni şəkildə qabardılması dini mərkəz olaraq bizi narahat etməyə bilməz. Orta məktəblərdə vahid şagird geyimində başörtüyünün nəzərə alınması ilə bağlı müvafiq tövsiyəmizi də zamanında bildirmişik.

Hesab edirik ki, «hicaba azadlıq» şüarı altında aksiyanın keçirilməsi xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bunda məqsəd ölkəmizdəki sabitliyə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal bəzi qüvvələr tərəfindən İslam adından sui-istifadə etmək yolu ilə həyata keçirilir. Hicab məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanə, Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaq vasitəsidir.

Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Görünən odur ki, bu uğurlar, ölkəmizin gün-gündən yüksələn nüfuzu bəzi daxili və xarici qüvvələri qane etmir, qıcıqlandırır. Etiraz aksiyalarnın ölkəmizdə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində və ya zamanında keçirilməsinə cəhdlərin edilməsi də qərəzdən xəbər verir.

Cəmiyyətdə qarşıdurma yaratmaq və bununla özlərinin mənfur məqsədlərinə yetmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətin mövcud sabitliyini pozmaq cəhdlərinə qətiyyən haqq qazandırmır.

Biz Azərbaycan dindarlarını, ziyalıları və ictimaiyyət nümayəndələrini bu məsələlərə diqqətli yanaşmağa, ictimai qınaq mövqeyində durmağa çağırırıq. Müstəqillik dönəmində dövlətimizin dindarlar üçün yaratdığı mövcud şəraiti, milli-mənəvi dəyərlərə, dini abidələrə yüksək qayğını nəzərə alaraq, dövlətin qanunlarına hörmətsizlik nümayişi kimi hallara yol verilməməsi üçün hamımız səfərbər olmalıyıq. Din xadimlərinin moizə və xütbələrində bu həqiqətləri insanlara çatdırmalarını vacib sayırıq.

İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman zorakılıq çağırışlarına yol verməz, Vətənin mənafelərinə zərər gətirməz. Vətəni sevmək, onun təəssübünü çəkmək imanın göstəricisidir. Heç bir məram öz ölkəsinin nüfuzuna xələl gətirmək niyyətinə haqq qazandıra bilməz. Qarabağ kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdiyi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düşmənlərimizin işinə yaraya bilər.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaş qarşıdurmasına rəvac verən halları qətiyyətlə pisləyir, bütün məsələlərin yalnız sivil yolla - həm dinimizin buyurduqlarına, həm də dövlətimizin qanunlarına ehtiramlı yanaşma ruhunda həllinin tərəfdarı kimi çıxış edir. Əminik ki, Azərbaycan dindarları, inşallah, dövlətçiliyimizin qorunması yolunda bütün maneələr və təxribatları layiqli şəkildə dəf edəcəklər".

"Dəyərlər"dən: Təəssüf ki, Qafqaz Müsəlmanlar İdarəsi hicab problemini həll etmək, 2 il öncə məktəbli formasına hicabın əlavə olunmasına dair verdiyi tövsiyənin həyata keçməsinə nail olmaq əvəzinə, ənənəvi növbətçi bəyanatlarla kifayətlənməyi rəva bilir. Qəribəsi odur ki, əgər insan haqları təmin olunursa, 2 il bundan öncə QMİ-nin verdiyi tövsiyənin nə səbəbdən qəbul olunmaması sualına cavab verilmir. Bundan əlavə, qeyd olunmalıdır ki, hicab məsələsinin gündəmə gətirilməsi deyil, əksinə bu qadağanı aradan aparmamaq və bunun aradan aparılmamasına laqeyd yanaşmaq - az qala Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaq vasitəsinə çevrilib. Əslində QMİ-ni dini mərkəz kimi artıq ikinci ildir ki, bir sıra məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması və bu məsələnin üstündən keçərək, süni şəkildə təhsil hüququndan məhrum edilməsi problemi hamıdan çox narahat etməlidir.

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 09