ABŞ-da casusluq ittihamı ilə həbs olunmuş 8 nəfərdən daha biri - Lyudmila Baqdikyan Azərbaycan vətəndaşı kimi təqdim olunub.
/Aran Agentliyi
ABŞ-da casusluq ittihamı ilə həbs olunmuş 8 nəfərdən daha biri - Lyudmila Baqdikyan Azərbaycan vətəndaşı kimi təqdim olunub. Modern.az saytı “Associated Press”ə istinadən bildirir ki, bu barədə Hyuston şəhər Məhkəməsinin dünən çxardığı qərarda göstərilib. Məhkəmənin yaydığı açıqlamada deyilir: “Məhkəmə Azərbaycanda doğulmuş və ABŞ vətəndaşı olan Lyudmila Baqdikyanı heç yerə getməmək barədə iltizam alaraq azad edib”.
Baqdikyanın oğlu və qızı 100 min dollar məbləğində girov ödəyərək onun azadlığa çıxmasına imkan yaradıblar. Məhkəmə bildirib ki, əgər L.Baqdikyan ev dustaqlığı qaydalarını pozsa, o zaman bu məbləği ödəməlidir.
Qeyd edək ki, ötən həftə ABŞ təhlükəsizlik orqanları 8 nəfəri Rusiya xeyrinə casusluqda şübhəli hesab edərək saxlayıb. Onlardan 4 nəfəri Rusiya vətəndaşı, digərləri isə Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır. İki nəfərin - Sevinc Tağıyevanın və Aleksandr Posobilovun Azərbaycan vətəndaşı olduğu bildirilir.
Lyudmila Baqdikayının azərbaycanlı kimi qeyd olunması maraqlı faktdır və araşdırılma tələb edir.
Saxlanılanlar ABŞ-dan Rusiyaya mikroelektronikanın qanunsuz daşınmasında ittiham olunurlar və oktyabrın 2-də Hyustonda tutulublar. Onlara qarşı cinayət sövdələşməsi və ümumi məbləği 50 mln. dollara yaxın yüksək texnoloji avadanlığın lisenziyasız ABŞ-ın hüdudlarından kənara çıxarılmasını qadağan edən qanunun pozulması ilə bağlı ittiham irəli sürülüb. Daşınan avadanlıq yeni MİQ-35 hərbi təyyarələri və yeni sualtı qayıqlar üçün nəzərdə tutulub. Amerikalı müstəntiqlər üç il həmin şəxslərin elektron yazışmalarını izləyiblər və telefon danışıqlarını dinləyiblər.
musavat.com