Tarix : 2012 Oct 12
Kod 33356

İctimai Palata yürüş qərarını dəyişdi

13 oktyabr aksiyasının təxirə salınması etirazlara yol açdı
/Aran Agentliyi

Bu barədə “Yeni Müsavat”a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusibov bildirib. Ə.Yusibov qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yürüşə razılıq vermədiyindən Koordinasiya Şurası məsələni müzakirə edib və qərara gəlib ki, ilkin olaraq məsələ hüquqi müstəvidə mübahisələndirilsin. Artıq İctimai Palatanın üzvləri Gülağa Aslanlı, Asəf Quliyev və Azər Canıyev BŞİH-i məhkəməyə verib. İddia ərizəsi 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.Qeyd edək ki, oktyabrın 13-də yürüş keçirilməsi üçün İP adından BŞİH-ə həmin şəxslər rəsmi müraciət etmişdilər.Ə.Yusibov onu da dedi ki, bu addım İP-in etiraz aksiyaları keçirməkdən imtinası kimi başa düşülməməlidir: “Akasiyanın daha uyğun bir şəraitdə və vəziyyətdə keçirilməsi təşəbbüsündə olacağıq. 13 oktyabr tarixini isə itirilmiş gün hesab edirik”.Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət edib. BŞİH isə İP-in göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirməsini məqsədəuyğun hesab etməyib və 20-ci sahədə Sürücülük Məktəbinin meydançasında mitinq keçirməyi təklif edib.Koordinasiya Şurasıının 13 oktyabr yürüşünü təxirə salması İP-in üzvləri arasında birmənalı qarşılanmayıb. İP-in və Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli APA-ya açıqlamasında oktyabrın 13-ə təyin olunan yürüşün keçirilməsini istəyir: “Bakı Şəhər İcra Hakimiyyətinin bu cür məhdudlaşdırmalar etməyə hüququ yoxdur, sərbəst toplaşma azadlığı təmin olunmalıdır. Paytaxt icra hakimiyyətinin qanunsuz qərarını isə müxalifət icra edir. Bu qanunsuz qərar bizim qərarlarımızın dəyişdirilməsinə səbəb olmamalıdır. Təəssüf ki, bu məsələ İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunub və qurumun digər üzvləri ilə məsləhətləşmədən yürüşün təxirə salınması barədə qərar verilib. Bu qərardan narazıyam”. M.Hacıbəyli qeyd edib ki, ötən sessiyada da aksiyaların təxirə salınmasına etiraz edib: “Prezident seçkilərinə bir il qalıb. Görəcəyimiz işlərdən biri də sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır. Kütləvi tədbirlər siyasi mübarizənin tərkib hissəsidir. Bu baxımdan da kütləvi mübarizədən yayınmaq olmaz. Eyni zamanda İctimai Palatanın ötən il qəbul etdiyi qərarlarda da kütləvi tədbirlərin davamlı keçirilməsi və dayandırılmaması göstərilib. Təəssüf ki, siyasi mübarizənin əsas elementindən biri olan aksiyalardan istifadə olunmur, İctimai Palata qəbul etdiyi qərarları təxirə salır. Görünən budur ki, İctimai Palatanın Koordinasiya Şurası çox ehtiyatlı xətt seçərək, faktiki olaraq siyasi mübarizənin səngiməsinə rəvac vermiş olur”.(musavat.com)

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Oct 12