Tarix : 2012 Oct 12
Kod 33357

“PARLAMENTƏ AZCA ÜMİD VARDISA, O DA ÖLÜR”

Əkrəm Əylisli: “Nə qədər ki Yazıçılar Birliyində yaradıcı mühit yaranmayıb, Əsgəroğlu orda öz nökərçiliyini edəcək”
/Aran Agentliyi

Əkrəm Əylisli: “Nə qədər ki Yazıçılar Birliyində yaradıcı mühit yaranmayıb, Əsgəroğlu orda öz nökərçiliyini edəcək

Müxalifət bu rüsvayçı videodan istifadə etməlidir

Əslində onunla son olaylardan, gündəmi zəbt edən videomaterial məsələsindən, hakimiyyət, müxalifət və ictimaiyyətin buna münasibətindən danışmaq istəyirdik. Ancaq onunla bir sıra yazıçılar arasında bir müddətdir davam edən “atəşkəs”in pozulması, sərt ittiham və polemikalar söhbəti başqa məcraya yönəltdi. Həmsöhbətimiz sabiq deputat, xalq yazıçısı Əkrəm Əylislidir.

Onunla xalq yazıçısı Mövlud Süleymanlı, digər həmkarı Çingiz Abdullayev arasındakı “soyuq müharibə”nin səbəbləri, Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlunun da savaşa qoşularaq onu sərt tənqid etməsinin səbəbini bilmək istədik.

- Əkrəm bəy, sizinlə Çingiz Abdullayev arasında nə baş verdi ki, belə gərginlik yaşandı?

- İş orasındadır ki, heç Çingiz haqda bir söz demək fikrində deyildim. Amma birdən-birə xəbər gəlir ki, bu adam deyib əgər Əkrəm Əylisli münsiflər heyətində olacaqsa, mən orda olmayacağam. Belə sözü kim qəbul edə bilər? Ömrüm boyu ədəbiyyatın içində olmuşam. Əgər mən münsiflər heyətindəyəmsə, məgər bunun yerini daraldıram? Xeyli cavan, hər yerdə oturan bir adam bir həmkarının adicə münsiflər heyətində olmağına niyə bu qədər xəstəhal münasibət göstərir? Məndən münsiflər heyəti ilə bağlı xahiş ediblər, demişəm ki, heyətdə olmaq istəyirəm.

- Belə çıxır ki, Milli Kitab Mükafatının ötən ilki nəticələri ilə bağlı sizə belə sərt mövqe var...

- Düzdür, orda münasibətlərdə fərq var. Digər tərəfdənsə təəssüf ki, mətbuat bir çox fikirləri təhrif edir. Heç kəs də araşdırmır ki, Çingiz haqda bu sözləri deməyim hansı zəmində olub. Amma yazıçıları vuruşdurmaq niyyəti özünü göstərir. Əgər bu adam deyibsə ki, mən Əkrəmin olduğu münsiflər heyətində olmaq istəmirəm, o halda ixtiyarım var ki, onun haqqında fikrimi deyim. Pis çıxmasın, üzdə olan bəzi yazıçıların üzə çıxmasının səbəbkarı mənəm. İndi münsiflər heyətində olmağım görəsən buna niyə bu qədər ağır gəlir, onu narahat edir?

- Ədalət Əsgəroğlu isə sizi həqiqətə yaxın olmağa və onu qəbul etməyə çağırıb. Deyib Çingiz Abdullayevin şöhrəti özündən əvvəl Nyu-Yorkdan gəlir, əsərləri sevilir, oxunur...

- O, onların nökəridir, bu, məlum şeydir. Nökərin dediyinə reaksiya vermək mənlik deyil. O, həmin adamların nökərçiliyini edir. Nə qədər ki Yazıçılar Birliyində normal ab-hava, yaradıcı mühit yaranmayıb, Əsgəroğlu orda öz nökərçiliyini edəcək. Faktiki bu, nökər sözü deyib ki, Çingiz elə yazıb, belə yazıb. Ancaq bu adam əslində dediyi kimi fikirləşmir. Axı bir balaca ədəbi əxlaq, mənəviyyat da olmalıdır. Rusca cürbəcür oxunaqlı şeylər düzəldən adam hansı əxlaqlı azərbaycanlı üçün Əkrəm Əylislidən üstün ola bilər? Bu nadanlığa nə cavab verim? Nökər belə olur da.

- Yazıçı Mövlud Süleymanlı isə sizin ondan qisas aldığınızı deyib...

- Gülünc söhbətdir. Mövlud haqda nə dediyimi bir çoxları bilir. Mövluda görə mən nələr çəkmişəm, bunu bir Allah bilir. Axıra qədər də dayanmışam. Mərkəzi Komitənin katibi mənə deyib bircə kəlmə de ki, sən onun bu əsərini oxumamısan. KQB-də də bu sözü deyiblər. Mənsə demişəm ki, bu əsəri oxumuşam, bəyənmişəm, çap da eləmişəm. Halbuki bu əsərlə bağlı Mövluddan bir xahiş eləmişdim. Xüsusilə də orda bir-iki cümlə var idi, onun üstünə düşmüşdülər. Mən də məsləhət görmüşdüm ki, onu çıxarsın. Mövluda demişdim ki, hər şey qıraqda qalacaq və bir-iki cümlənin üstünə düşüb bizi vuracaqlar. İndi bu adam deyir ki, məndən qisas alır. Nəyin qisasını? Jurnalist jurnalistdirsə, bunu soruşmalı idi.

- Onu hətta duelə çağırıbsınız...

- Duelə çağırmaq bir söhbətdir. Mövlud deyir Əkrəm Rəsul Rza və Anara qarşı mübarizə apardı. Gərək jurnalist soruşaydı ki, harda və necə mübarizə aparıb. Jurnalist ictimai şüura aydınlıq gətirməlidir. Bəzi jurnalistlərimizsə ictimai fikri çaşdırmağa xidmət edir. Mövludun Rəsul Rza və Anarla bağlı dedikləri şər atmaqdır, yazıçıya yaraşmayan hərəkətdir. Anarla mübahisələrim mətbuatda olub. Hamı bunun səbəbini bilir. Bir söz ki fakta əsaslanmadı, o, şərdir. Deyir ki, Əkrəmin əsərlərində xarakter yoxdur. Əkrəm Əylislinin əsərlərindəki xarakterlər, obrazlar haqda 5-10 namizədlik, xeyli də doktorluq dissertasiyası olub. Yəni yazıçı başqa bir yazıçı haqda bu sözü deməkdən əvvəl bir fikirləşər. Mənim əsərlərim xarakterlər qalereyasıdır. Jurnalistin məqsədi obyektləri toqquşdurmaq olmamalıdır. Toqquşan yerə işıq salmaqdır. Səndən qabaq çox zənglər oldu, danışmadım, ancaq sənə etimadım olduğu üçün danışıram. Ancaq artıq bu qərara gəlmişəm ki, bundan sonra jurnalistə yazıçılar haqda söz deməyim. Çünki jurnalistlər fikirləri təhrif edir. Bu, mənim ağrıyan yerimdir. Yazıçının yazıçıya şər atmaq ixtiyarı yoxdur. Mən əgər Çingiz Abdullayevi bir yazıçı kimi qəbul etmədiyimi deyirəmsə, bu, şəxsi fikrimdir. Ancaq gedib onu qəbul edən minlərlə oxucunun əlindən tutmuram ki, bunu yazıçı kimi qəbul eləmə. Məni ağrıdan odur ki, Yazıçılar Birliyi rəhbərliyində oturan, istədiyi fikri deyən bir adam Əkrəmin münsiflər heyətində öz fikrini deməsinə bu qədər xəstə reaksiya verir.

- Əkrəm bəy, əslində sizdən Ziyalılar Forumu Məşvərət Məclisinin son toplantısı, bəyanatınız, gündəmdəki digər məsələlər barədə soruşacaqdım. Ancaq yazıçılar arasındakı savaş önə çıxdı. Məlum video qalmaqalından sonra hakimiyyətə məsləhətiniz nə olardı?

- Münasibətimizi Ziyalılar Forumunda bildirmişik. Ancaq şəxsi münasibətim belə olub ki, cəmiyyətdə saflıq olsun, həqiqət gizlədilməsin, yalan ölkəni bürüməsin. Gülər Əhmədova əhvalatında fikrim budur ki, bu ölkə üçün çox qorxunc bir məsələnin üstü açılıb. Buna məhkəmə baxmasa da artıq ölkənin gündəmini zəbt edən, ictimai fikirdə təlatüm yaradan bir hadisədir. Bu hadisəyə hakimiyyət tərəfindən adekvat reaksiya olmalıdır. Məsələnin siyasi tərəfi isə mənim mövzum deyil. Məncə, bu əhvalat təkcə siyasətçiləri yox, Azərbaycanı düşünən hər kəsi düşündürməlidir. Yəni bu dərəcədə mandat alış-verişi olubsa, ondan diqqəti yayındırmaq olmaz. Bu məsələ parlamenti də hörmətdən salır. Camaatda parlamentə bir damcı ümid vardısa, o ümid də öldürülür. Ona görə də istərdim ki, hakimiyyət bu məsələyə ciddi reaksiya versin. Gülərin tutulub-tutulmamasından danışmıram. Gülər təkcə deputat deyil, o, həm də bir anadır. Heç vaxt istəməzdim ki, onun taleyi fəlakətli olsun. Amma bu, artıq Gülər söhbəti deyil. Bu, ictimai mühitin xəstə olması söhbətidir. Bu, ictimai mühitin sağalmağa ehtiyacının olduğunu göstərən faktdır.

- Hesab olunur ki, parlamentin buraxılması, yeni seçkilərin təyin olunması həm ictimaiyyətdə seçkilərə sarsılmış inamın bərpa edən addım olar, həm də hakimiyyəti sığortalayardı. Sizin təklifiniz nədir?

- Əvvəllər də seçki keçiriləndə belə deyənlər çox idi ki, parlament legitim deyil, onu xalq seçməyib. İndiki halda o sözü deyənlərin haqlı olduğu ortaya çıxdı. Bu fakt onu sübut etdi ki, bəli, siz deyənlər doğru idi, bunun əksini deyənlər yalançı idi. Bu parlamenti heç kəs buraxmayacaq, buna heç bir şübhə olmasın. Amma gələcəkdə parlament seçiləndə belə şeylər hökmən nəzərə alınmalıdır. Parlament təmizlənməli, saflaşmalıdır. Parlamentdə olan söhbətlər məmləkətin ürəyinin səsinə çevrilməlidir. Yoxsa hər kəs öz karyerası, öz deputat mandatı üçün hakimiyyətin gözünə girib ona tərif yağdırırsa, söz yox ki, bu, gələcəkdə hakimiyyət üçün təhlükəyə çevriləcək.

- Necə bilirsiniz, indiki məqamda müxalifətin üzərinə düşən vəzifələr hansılardır?

- Müxalifət onun üçündür ki, belə faktlardan istifadə edə bilsin. Məncə, bu yerdə müxalifət bu faktdan, bu rüsvayçı hadisədən istifadə etməyi bacarmalıdır. Amma haray-həşirlərlə yox, analitik üsullarla, ağılla, şüurla. Bu fikri çılpaqcasına demək istəmirəm. Müxalifət də bu məmləkətin gələcəyini düşünə-düşünə xalqla bir olaraq bu məsələdə öz obyektiv və siyasi mövqeyini üzə çıxarmalıdır.

- Bəzi YAP-çılar Gülər Əhmədovanı asıb-kəsmək üçün sanki yarışa girib...

- YAP-çılar komanda ilə işləyir. Əgər onlara Gülərə hücumla bağlı komanda verməsəydilər, ola bilsin Gülər elə parlamentdə oturardı. Əgər onlara komanda verilsəydi ki, bu məsələni açıb-ağartmayın, ağzınızı yumub oturun, biz bunu necə həll edəcəyimizi bilirik, inandırıram ki, bir nəfər YAP-çı da Gülərin əleyhinə bir kəlmə deməyəcəkdi.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Oct 12