Rövşən Əhmədli: “Əgər şərəf və ləyaqətimizi, tariximizi, torpağımızı bu ləkədən təmizləmək istəyiriksə, onda savaşa başlamalıyıq”
m/Aran Agentliyi
Ölkə ictimaiyyəti arasında nüfuzunu sürətlə itirən Ermənistan prezidenti Serj Sərkisyan prosesləri öz hakimiyyətinin xeyrinə dəyişmək üçün hər dəfə yeni bəyanatları, çıxışları ilə gündəmdə qalmağa çalışır. Və şübhəsiz ki, dövlətin birinci şəxsinin dilindən çıxan “mən Qarabağı Azərbaycana qaytaran prezident kimi tarixə düşmək istəmirəm”, “Qarabağın Azərbaycana qaytarılması mənim dövrümdə baş verməyəcək” kimi ifadələr problemin danışıqlar yolu ilə cözümünə heç bir ümid yeri qoymur. Belə olan halda münaqişənin həllinin başqa variantları üzərində düşünməyin vaxtı çatmayıbmı? Ümumiyyətlə, Sərkisyanı dilləndirən nədir? Sözügedən çıxış Azərbaycana göndərilən mesaj deyilmi?
Məsələyə münasibətini açıqlayan Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini, Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının (QAİMH) sədri Rövşən Əhmədli əvvəlcə AİP olaraq 1999-cu ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar konkret mövqe ortaya qoyduqlarını xatırlatdı. Və məsələnin həllinin üç yolundan – hərbi, siyasi və hərbi-siyasi yollardan birini təklif etdiklərini bildirdi: “Qeyd edim ki, biz o zaman üçün hərbi-siyasi yola üstünlük verirdik. Yəni danışıqların aparılmasından ötrü konkret vaxt qoyulmalı, həmin vaxt ərzində Azərbaycan dövlətinin bütün resursları münaqişənin ədalətli həllinə yönəlməlidir. Dövlətin daxili və xarici siyasətinin prioriteti də məhz bu olmalıdır. Və əgər danışıqlar müəyyənləşdirilmiş vaxtda məsələnin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmayacaqsa, onda Azərbaycan tərəfi öz ərazilərini hərbi yolla işğalçılardan təmizləmək hüququndan istifadə etməlidir”.
Rövşən bəy daha sonra vurğuladı ki, bütövlükdə atəşkəs rejimindən (həmin dövrdə də ordumuzun itkiləri azalmayıb – R.Ə) və yuxarıdakı mövqeyimizi ortaya qoyduğumuz 1999-cu ildən bu yana aparılan danışıqlar yalnız imitasiya xarakteri daşıyıb. Məsələnin guya ədalətli həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupu da bölgələrə səfəri ilə görüntü yaradıb, əslində ədalətsiz mövqe nümayiş etdiriblər: “Bütün bunlar danışıqların heç bir nəticə vermədiyi barədə açıq təsəvvür yaradırdı ki, problem artıq ölkəmizin Konstiusiyası və beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunmasına da əslində hüquqi maneə yoxdur. Sadəcə, siyasi iradə ortaya qoyulmalıdır”.
R.Əhmədov dedi ki, Ermənistan Azərbaycan torpaqlarını öz gücü ilə işğal etməyib. Və heç işğalı da öz gücü ilə davam etdirmir. AİP funksionerinin sözlərinə görə, Ermənistan beynəlxalq güclərə, ilk növbədə Qərbin, Amerikanın birtərəfli yardımına arxalanır, çıxışlarındakı “cəsarəti” də onlardan alır: “Ermənilər əslində bu bölgəyə gəlmədirlər. Arxalandıqları güclər hesabına işğal yolu ilə Azərbaycanın tarixi torpaqları üzərində artıq dövlət yaradıblar. Onların himayəsi ilə indi də ikinci bir dövlət yaratmağa çalışırlar. Mən özünü Ermənistan prezidenti kimi təqdim edən Azərbaycan Respublikasının keçmiş vətəndaşı S.Sərkisyanın çıxışını cəsarətli saymıram. Çünki münaqişə tərəflərinin hər ikisi dəqiq bilir ki, müharibənin başlayıb-başlamaması birbaşa onların iradə və mövqelərindən asılı deyil. Tərəflərin çıxışları sadəcə daxili auditoriyaya hesablanıb. Bu baxımdan Sərkisyan sözügedən sərsəmləməsi ilə demək istəyir ki, bəli, mən vaxtı uzadıb mövcud status-kvonu saxladım, hazırkı situasiyanı növbəti hakimiyyətə ötürəcəyəm. Və beləliklə zaman keçəcək, Qarabağı hüquqi baxımdan Ermənistanın tərkibinə salacağıq”.
Rövşən bəy hesab etdiyini bildirdi ki, Azərbaycan xalqı heç vaxt Qarabağın işğalı ilə barışmayıb və bundan sonra da barışmayacaq: “Biz QAİMH kimi Azad Qarabağ uğrunda Alyansda da öz sözümüzü demişik ki, münaqişənin yeganə həlli Azərbaycanın öz ərazilərini müharibə yolu ilə azad etməsidir. Başqa alternativin olmadığını artıq Azərbaycan hakimiyyəti də səsləndirir. Əgər şərəf və ləyaqətimizi, tariximizi, torpağımızı bu ləkədən təmizləmək istəyiriksə, onda Azərbaycan hərbə başlamalıdır”.
İşğal faktı mövcud olandan bəri İrəvanın mövqeyinin dəyişilməz qaldığını xatırladan R.Əhmədlinin qənaətinə görə, mövcud status-kvo Azərbaycandan başqa bütün tərəflərə - Rusiyaya, Qərbə, ABŞ-a və ən çox da Ermənistana sərf edir. Və buna görə də bütün danışıqlar münaqişənin ədalətli həllinə deyil, yalnız status-kvonun saxlanmasına yönəlib: “Ermənistan onsuz da iqtisadi, hərbi baxımdan, ümumiyyətlə bütün parametrlərinə görə Azərbaycandan dəfələrlə zəifdir. Rusiyanın olmadığı halda Ermənistanın da mövcudluğu mümükün deyil. Ermənistan əslində Rusiyanın protektariatıdır. Yəni onun tabeliyindədər, əyalətlərindən biridir. Bu baxımdan əslində danışan Sərkisyan deyil. Azərbaycandan zəif olan Ermənistanın 20 ildən çoxdur ki, ərazilərimizin 20 faizini işğal altında saxlaması, status-kvonun dəyişməməsi tragikomik vəziyyətdir. Bütün bunlar Azərbaycanın təkləndiyini, haqqının tanınmadığını göstərir. Bunu bilən Ermənistan rəhbərliyi də zaman-zaman müxtəlif sərsəmləmələrlə gündəmə gəlir. Ermənistan lap ilk gündən bilir ki, bölgədə marağı olan böyük güclər mövcud vəziyyəti hələ dəyişmək fikrində deyillər. Ona görə də rahatcasına istədiyi fikirləri səsləndirir. Belə çıxışlar ilk dəfə deyil. Bir də axı Ermənistan nəyə görə işğal etdiyi torpaqları danışıqlar yolu ilə geri qaytarmalıdır? Məgər bundan ötrü işğal etmişdi?. Əgər bu gün beynəlxalq aləmdə İrəvana sanksiyalar tətbiq olunmursa, Ermənistan işğalçı dövlət kimi tanınmırsa, onda nəyə görə bunu etməlidir? Bununla belə əminəm ki, Azərbaycan tərəfi mütləq siyasi iradə ortaya qoyub daxili və xarici situasiyanı dəyişdirsə, milli həmrəyliyə nail olsa, onda Sərkisyanın çığırtısını, bağırtısını, hay-harayının səsini eşidə bilərik”.(Islamin sesi)