''Əziz vətəndaşlar! YAP-çı deputat Gülər Əhmədovanın videosundan hər birimiz xəbərdarıq''
/Aran Agentliyi
"Əziz vətəndaşlar! YAP-çı deputat Gülər Əhmədovanın videosundan hər birimiz xəbərdarıq"
HaqqYolu - Bu video açıq-aşkar sübut etdi ki, ölkəmizdə parlament xalqın iradəsi ilə yox, ”gülərlərin", “ramizlərin” və “milyon manatlar”ın köməyi ilə formalaşır. İndi hakimiyyət Gülər Əhmədovanı qurban verib diqqəti parlamentin saxta mahiyyətindən uzaqlaşdırmaq istəyir. Biz bununla razılaşmayan, saxta insanların formalaşdırdığı parlamentin buraxılmasını istəyən hər kəsi meydana səsləyirik.
Bu həm də bir ləyaqətin müdafiəsi aksiyasıdır. Dinc və sivil yolla saxta parlamenti istəmədiyimizi ifadə edək. Aksiya 20 oktyabr saat 15:00-da Fəvvarələr meydanında keçirilir".
Bu elan artıq sosial şəbəkələrdə bir neçə gündür yayılıb və kütləvi hal almağa başlayıb. Əsasən fəal gənclər xalqa parlamentin buraxılması tələbi ilə aksiyalara çağırışlar edirlər. Artıq qeyri-rəsmi olaraq qərara gəlinib ki, oktyabrın 20-də Fəvvarələr meydanında etiraz aksiyası keçirilsin. Bununla bağlı təbliğat və təşkilatlanma tədbirləri yalnız sosial şəbəkələrdə müşahidə olunur. Narazılar bir-bir dostlarını nümayişdə iştirak etməyə çağırırlar. Və bu müxalifət partiyalarının, liderlərin qərarı olmadan keçiriləcək ilk mitinq deyil.
Gənclərin bu istiqamətdə müəyyən təcrübəsi var və onlar 2011-ci ilin 11 martında, 2012-ci ilin 17 martında icazəsiz və icazəli aksiyalar təşkil ediblər. Ona görə də ictimai fəalların, aktiv gənclərin, müxalifət partiyalarında, gənclər təşkilatlarında təmsil olunan şəxslərin fərdi təşəbbüsü ilə şəhərin mərkəzində mitinq keçiriləcəyi şübhə doğurmur.
Aksiyanın təşkilatçıları siyahısında olan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı hesab edir ki, bunu İctimai Palatanın mitinqi kimi qiymətləndirmək olmaz: “Aksiya ictimai sektorda olan, hətta partiya üzvü olmayanlar tərəfindən irəli sürülən təşəbbüsdür. Belə desək, təşkilatçı sosial şəbəkədir. Bu günə olan planlarımıza görə, aksiya olacaq. Ancaq meriyaya müraciət olunacaq. Cavabdan asılı olmayaraq aksiyanın keçirilməsinin tərəfdarıyam. Amma mən tək deyiləm, meriyanın cavabından sonra təşkilatçılar arasında bu məsələ müzakirə olunacaq. Ümumi razılaşmadan sonra qərar qəbul olunacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd etdi ki, istənilən halda aksiya keçiriləcək: “Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Ancaq yenə də meriya ”sərbəst toplaşma haqqında" qanuna zidd hərəkət edib aksiyanın bizim təklif etdiyimiz yerdə keçirilməsinə, çox güman ki, icazə verməyəcək. Buna baxmayaraq Fəvvarələr meydanında, oktyabrın 20-də, saat 15-də aksiya keçirəcəyik. Bunu müxalifət partiyalarının aksiyası kimi təqdim etmək doğru olmaz. Hərçənd ki, təşkilatçılar arasında partiyalarda təmsil olunanlar var. Amma cəmiyyətin narazı təbəqəsi, müstəqil insanlar, narazı fəallar sosial şəbəkələrdə qərara gəliblər ki, bu etiraz tədbiri keçirilsin".
“NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər aksiyada fərdi şəkildə iştirak edəcəklərini açıqladı: “Təşkilat olaraq aksiyaya qatılmayacağıq. Ancaq üzvlərimiz iştirak etməkdə sərbəstdir”.
VHP sədrinin gənclər üzrə müşaviri Samir Əsədli hakimiyyətin Gürcüstandan ibrət dərsi götürməsini tövsiyə etdi: “Gürcü müxalifəti Azadlıq meydanında mitinq keçirdi. Azərbaycan iqtidarı qorxmursa, şəhərin mərkəzində aksiya keçirilməsinə icazə versin. Biz qanun çərçivəsində aksiya keçirəcəyik. Aktiv siyasi kəsim bu etirazların təşkilini nəzərdə tutub. VHP təşkilat olaraq aksiyada iştirak etməyəcək. Sadəcə, üzvlərimiz iştirak etmək hüququndan istifadə edəcək”.
Azad Gənclik təşkilatının sədri Ülvi Həsənli də aksiyaya dəstək verəcəklərini söylədi: “Bu məsələ gənclər arasında müzakirə olunub və ümumvətəndaş etirazı olacaq. Ola bilər ki, bir gün qabaq hansısa dəyişikliklər olsun. Ancaq indiki vəziyyətdə oktyabrın 20-si Fəvvarələr meydanına toplaşmaq planı qüvvədə qalır”. (musavat)