Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin neftçiləri növbəti etiraz aksiyasına hazırlaşır
/Aran Agentliyi
Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin neftçiləri növbəti etiraz aksiyasına hazırlaşır. Onlar “Balakhani Oil Company” tərəfindən hüquqlarının pozulmasına etiraz edirlər. Bu barədə “Yeni Müsavat”a neftçilər məlumat veriblər. Onların sözlərinə görə, əvvəlki aksiyadan keçən 20 günə yaxın müddət ərzində rəhbərlik tərəfindən verilən vədlər özünü doğrultmayıb: “Biz sentyabrın 26-da aksiya keçirmişdik. Bundan sonra rəhbərlik bizə vəd verdi ki, problemimizin həllinə çalışacaq.
”Balakhani Oil Company" rəhbərliyi uzağı bir ay ərzində problemlərimizin həllini tapacağını bildirmişdi. 17 gün keçir, ortada heç bir nəticə yoxdur".
Neftçilər həm də deyiblər ki, onları sakitləşdirmək üçün ustaların bir hissəsinin maaşları artırılıb: “O da az miqdarda. Qalanlar isə gözləyir”.
Qeyd edək ki, sentyabr ayında fəhlələr iki dəfə aksiya keçiriblər. Hətta sonuncu dəfə onlar bir neçə saatlıq tətil də ediblər. Aksiya iştirakçıları maaşlarının azlığından, iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətçidirlər. Neftçilər həmçinin sosial sığortalarının olmamasından, onlarla bağlanan əmək müqaviləsinin müddətli olmasından və surətinin onlara verilməməsindən, həmçinin maaş kağızlarının onlara göstərilməməsindən narazılıq edirlər.(musavat.om)