Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb
/Aran Agentliyi
Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.
Bu barədə Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev məlumat verib.
H. Nuriyev həmçinin qeyd edib ki, ötən gün baş verən zəlzələdən sonra 40 çağırış olub, 5 nəfər isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxu və həyəcandan stress keçiriblər.
Qeyd edək ki, Oktyabrın 14-ü saat 15:13-də Balakən rayonunun Gürcüstanla sərhədində baş verən zəlzələnin gücü 7 bal olub. Yeraltı təkanlar Zaqatalada və Balakəndə 6, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax və Qəbələdə isə 5-3 bal gücündə hiss edilib. Həmin gün saat 20:40-da bölgədə 5 bal gücündə daha bir zəlzələ baş verib.
Balakən və Zaqatala rayonlarında bəzi yaşayış evlərinə və sosial obyektlərə ziyan dəyib. Balakən Rayon Fövqəladə Hallar Komissiyasından AzərTAc-a bildiriblər ki, yeraltı təkanlar nəticəsində Kortala kəndində həkim ambulatoriyası, Yeni Şərif kəndində məktəb, məscid və poçt binası, Bedağar kəndində məktəb binası, habelə Qazma kəndində 5, Tülü kəndində isə bir fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Zəlzələ nəticəsində rayon icra hakimiyyəti binasının divarlarında çatlar əmələ gəlib, Qabaqçöl qəsəbə xəstəxanasının binası zədələnib.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, zəlzələ nəticəsində Qanıx çayı vadisində yerləşən Faldarlı kəndində və digər kəndlərdə 5 fərdi yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, bəzi evlərə müxtəlif dərəcədə zərər dəydiyi müəyyənləşib.