Tarix : 2012 Nov 12
Kod 34138

Milli-Dini ideologiya və sabahkı Azərbaycan

/Aran Agentliyi

Həzrət Məhəmməd (s) bütün millətlərin möminlərini özündən bilmiş və heç vaxt üstünlüyü milli zəmində ərəblərə verməmişdir

Zərərli əqidələrdən çıxış edənlər bu gün məmləkətimizdə artıq gizli yox, rəsmi qurum formasında fəaliyyət göstərirlər

Azərbaycan Qafqazın etnik və dini cəhətdən ən endogen yerlərindən hesab olunur. Respublikamızda əhalisi az olmayan digər dilli millətlər də mövcuddur. Bunların içərisində ləzgi, talış, rus, kürd millətləri əhalisinin sayına görə nisbətən digər azsaylı etniklərdən üstünlük təşkil edir. Əhalinin son siyahıya alınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi azərbaycan türkləri, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir. Ləzgilər, əsasən, respublikanın şimalında, talışlar cənubunda, kürdlər Qarabağ müharibəsindən sonra məcburi köçkün kimi digər şəhərlərdə məskunlaşmışlar. Ruslar isə ən çox Bakı və digər böyük şəhərlərdə yaşayırlar. Əhalisinin əksəriyyətini mənşəcə azəri türkləri təşkil edən Azərbaycanda ta qədimdən təbii şəkildə dini və etnik zəmində problem demək olar ki, qeydə alınmayıb. Əlbəttə ki, bu məsələlərdə dövlət başçılarının idarəetmə siyasəti birinci növbədə hesab edilməlidir.

Bəs görəsən, hazırda vəziyyət necədir? Fərqli millətlər və dini təriqətlər arasındakı hərarət müsbətə doğru istiqamətlənir, yoxsa mənfiyə doğru? Mənfiyə doğru istiqamətlənən prosesin həlli nədir? Bu məsələyə müvafiq orqanlar həssas şəkildə yanaşmalıdır. Keçək birinci millət məsələsinə. Ümumiyyətlə, insanpərvər nəzəriyyələrdə, həmçinin bu nəzəriyyələrin əsas cövhəri sayılan İslam dinində millətçilik prinsipləri əsas tutulmur. Əsas tutulan millətlərin birliyidir. İslam peyğəmbəri Həzrət Məhəmməd (s) bütün millətlərin möminlərini özündən bilmiş və heç vaxt üstünlüyü milli zəmində ərəblərə verməmişdir. Peyğəmbər (s) üçün bir toplum, bir ümmət var idi. O da mömin insanlar birliyi. Peyğəmbərin (s) xilafəti dövründə türk də, fars da, ərəb də bir hüquqa malik idi.

İndi də bəzi superdövlətlər – formal da olsa – millətlərarası bərabərliyi əsas götürür. Keçmiş sovetlər birliyində deyilmirdi ki, “bütün ölkələrin rusları birləşin”. Üzdə də olsa, bütün dünyanın zəhmətkeş qüvvələrinin birliyini şüar etmişdi. İslam dünyasının millətlərini özlərindən aşağı hesab edən və onların qanına susamış, güclü hərbiyə malik ABŞ bu gün qaradərili Obamanı hakimiyyətə gətirməklə dünyaya göstərmək istəyirdi ki, guya onlarda bütün millətlər eyni hüquqlara malikdir. Fransa kimi inkişaf etmiş ölkə dünyada obyektiv mövqe tutmasa da, öz vətəndaşlarını fransız, türk, ərəb, ingilis yox, fransalı hesab edir. Türk millətlərinin ən qüdrətli dövləti olan Türkiyədə türk, kürd, fars yox, türkiyəli statusu önəmlidir. Halbuki sadaladığımız bu dövlətlərin hamısında həmişə və elə indi də milli zəmində problemlər yaşanır. Baxmayaraq ki, zahirdə də olsa, rəsmi olaraq millətlərin birliyi həmin dövlətlər üçün bir şüardır.

Azərbaycanda isə tam əksinədir. Məmləkətimizdə reallıqda etniklərarası problemlər yoxdur. Rus, talış, ləzgi, kürd, tat hamısı azəri türkləri ilə canbir, qanbirdir. Bütün xeyir-yas məclislərində həmin azlıqlar heç də qohum-əqrəbadan az can yandırmır. Hər bir nəsildə rus, ləzgi, kürd, talış millətindən nümayəndə var. Bütün bunlar da təbii ki, vahid Azərbaycan xalqının bir olması üçün mühüm faktordur. Lakin bu gün ölkəmizdə elə qüvvələr var ki, bu birliyi pozmaqdan ötrü əllərindən gələni edirlər. Onlar bu əməlləri ilə millətlərin arasına nifaq salır və öz havadarlarından vəd olunmuş mükafatlara yiyələnirlər. Daha acınacaqlısı isə odur ki, həmin ideyaya mənsub şəxslərin bir neçəsi bu gün millət vəkili, təşkilat-partiya sədri, yazıçı və digər auditoriyaya mənsub yerlərdə çalışırlar. Onlar xalqın sosial problemlərini həll etməyə söz verir, seçildikdən və ya hər hansısa vəzifəyə təyin olunduqdan sonra bu xalqın mənəviyyatına, milli birliyinə, mentalitetinə terror edirlər. Tez-tez “biz türkük” deməklə türkçülüyümzlə fəxr etmirlər, bəlkə də, digər millətlərin məmləkətimizdə çaxnaşmasına çalışırlar. (Düzdür, biz bir xalq olaraq türkçülüyümüzlə fəxr edirik və bu ölkədəki etniklər də bu dövlətin inkişafında ən azı mənəvi cəhətdən azəri türklərinə borcludurlar. Lakin bu gün hər hansı bir Azərbaycan vətəndaşı “mən azərbaycanlıyam” cümləsini işlətməlidir. “Mən türkəm”, “talışam”, “rusam”, “ləzgiyəm”, “kürdəm” kəlmələri ancaq xalqı parçalamaq naminə işlədilir.) Və belə millətçi təşkilat və partiyalar hansısa dövlətlərin missiyalarını həyata keçirirlər. Həmin qurumlar “azərbaycanlı” deyəndə də yalnız və yalnız türk nəzərdə tuturlar. Halbuki ən böyük Türk dövlətlərindən hesab olunan Türkiyə ölkəsində türk yox, Türkiyəli anlayışı var və bu da həmin dövlətdə yaşayan ərəblərin, kürdlərin, rusların və qeyri-xalqların türklərlə birliyini yüksək mənada təmin edir. Bunun nəticəsidir ki, əmin-amanlıq istəyən Türkiyə kürdləri həmin millətin nümayəndələrindən olan terrorçu PKK-nı yox, Türkiyə dövlətini üstün tutmağa çalışırlar. Hətta yaxın həssas illərdə türkləri özlərinə həmişə düşmən bilən Türkiyə erməniləri də hazırki Türkiyəni öz vətənlərindən çox istədiklərini qeyd etdilər. (29.03.2010 “TRT”) Bizdə isə əksinə, bu gün boğazdan yuxarı “türkçülük bizim əsas qayəmizdir” deyən təşkilat və partiyalar imkan olsa talışları İrana, rusları Rusiyaya, ləzgiləri Dağıstana (Rusiyada muxtar respublika), kürdləri İraqa sürgün edərlər. Onların bu hərəkəti ölkəmizi sevməkdən irəli gəlmir. Ölkəmizdə milli zəmində problem yaratmaq istəyən millətçi, qeyri-müsəlman dövlətlərin planlarını həyata keçirmək və bununla da qədim tarixi dövlətçiliyə malik Azərbaycanımızı parçalamaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməyəcəklər. Heç vaxt Azərbaycan ərazisində etniklərarası münaqişə düşməyib. Azəri türkləri daima məmləkətimizdə yaşayan digər millətlərə qardaş münasibəti bəsləmiş, qız verib- qız almış, onlarla qan qohumu olmuşdur. Bu, Azərbaycan türklərinin humanistliyindən, İslam dininə düzgün əməl etmələrindən, xeyirxah əmələ vərdişlərindən, qonaqpərvərliyindən, bəşərpərvər olmalarından irəli gəlir. Nankor erməniləri çıxmaq şərti ilə Azərbaycan türkləri də heç vaxt digər etniklərdən pislik görməyiblər. Ümumiyyətlə, Azərbaycan adlanan məmləkətimizdə bütün millətlər istər sosial- ictimai sferalarda, istərsə də qeyri-ictimai işlərdə həmişə bərabərhüquqlu olublar.

***

Daha bir yaşanacaq problem isə dini mənsubluq məsələsidir. Xalqımız heç vaxt “bu xristiandır”, “bu yəhudi dinindədir” ifadəsini işlətməmiş, həmişə digər din daşıyıcılarına dözümlülük nümayiş etdirmişdir. Lakin hal-hazırda ölkəmizdə qeyri-ənənəvi İslami və qeyri-islami təriqətlər formalaşmaqdadır. Bunların əksəriyyəti vaxtı ilə yarandıqları məntəqələrdə öz radikallıqlarına görə fəaliyyət göstərə bilməsələr də, onların ideyası həmişə Qərb tərəfindən “dağıdıcı arxivdə” saxlanmış və məqam gəldikdə ideoloji boşluq yaranmış müsəlman dövlətlərində ortaya atılmışlar. Sovetlər birliyi dağıldıqdan sonra belə təriqətlər Azərbaycana məharətlə yeridilmiş və bu gün də onların fəaliyyəti davam etdməkdədir. Ən təhlükəlisi isə odur ki, həmin təriqətlərin bir neçəsi artıq DQİDK ( Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi) tərəfindən qanuni olaraq qeydə alınıb. Həmin qurum bunu demokratik addım kimi qiymətləndirsə də, əslində, xalqımıza xəyanətdən başqa bir şey deyil. Çünki Azərbaycan üçün ənənəvi təfəkkürə malik olmayan bu təriqətlər gələcəkdə yerli əhali ilə heç bir sahədə uzlaşmayacaq. Bu, kimlər üçünsə uzaq görünsə də, əslində, reallıqdır. Bu gün bəzi radikal təriqətlər Novruzu dinsizlərin bayramı kimi qələmə verirlərsə, Füzulini, Nəsimini ateist kimi qələmə verib söyürlərsə, Şah İsmayılı təfriqəçi kimi nümayiş etdirirlərsə, bu artıq həyəcan siqnalıdır. Əgər demokratiklik üzündən belə təriqətlər qeydə alınırsa, Azərbaycan üçün ən böyük antidemokratiklikdir. Xalqın mentalitetinə zidd bir cəmiyyət yetişdirmək xalqa qarşı haqsızlıq deməkdir. Belə getsə, heç də uzaq olmayan bir dövrdə ölkəmiz süni şəkildə İraq, Əfqanıstan, Yəmən kimi dövlətlərin gününə düşər və radikal təriqətlərin kənardan idarə olunan poliqonuna çevrilə bilər. Əlaqədar qurumlar üçün bəlkə də elə gəlir ki, istədikləri icmaları qeydə almaqla, istəmədiklərini isə qeydiyyatdan keçirməməklə məsələni həll etmiş olurlar. Məsələnin həlli tam başqadır. Qeydə alınmış bütün icmalar Azərbaycanın tarixi, ədəbi şəxsiyyətlərinin əqidəsindən kənara çıxmamalıdır. Əgər çıxırsa, demək, həmin icmaların təbliğ etdiyi təriqət üzvlərinin milli təfəkkürü Dədə Qorqudun, Nizaminin, Tusinin, Nəsiminin, Fizulinin, Xətainin, Sabirin, Şirvaninin, Natəvanın, Sabirin əqidəsi ilə mayalanmış hazırki milli təfəkkürümüz ilə uyğun gəlməyəcək. Belə olan təqdirdə gələcək Azərbaycan əqidə problemi yaşayacaq. Bir qisim vətəndaş milli təfəkkür mövzusunda klassik Azərbaycan şairlərini, orta əsr alimlərini, tarixi sərkərdələri önə çəkəcək, digər qisim vətəndaş isə peyğəmbər və onun nəslinə istinad etməyən və radikal fikirlərinə görə tarixdə təqib olunmuş şəxsləri özləri üçün nümunə götürəcəklər. Azərbaycan ərazisində Türk dilini ilk dəfə dövlət dili hesab edən Şah İsmayıl Xətai xalqımıza düşmən kimi tanıtdırılacaq. Heydər Əliyevin tikdirdiyi “Bibi Heybət” ziyarətgahı, İlham Əliyevin Gəncədə bərpa elətdirdiyi “İmamzadə” ziyarətgahı sabah kim deyə bilər ki, Əfqanıstan və Ərəbistan ziyarətgahlarının gününə düşməyəcək. 1000 ildən çox tarixi olan abidələrin neçəsini yuxarıda sadaladığımız ölkələrin radikal dindarları “şirk” adlandıraraq dağıtmışlar. Əfqanıstanda radikal dini qruplaşmalar hakimiyyətə gəldikdən sonra neçə min yaşı olan “Budda”nın heykəlini dağıtdılar. Halbuki Əfqanıstanda demək olar ki, bütpərəst yox dərəcəsindədir. Yəni ən azı, həmin heykəli tarixi abidə kimi qorumaq düzgün olardı. Bundan başqa, Ərəbistanda “Bəqi” qəbiristanlığının vəziyyəti də göz qabağındadır. Həmin əqidədən çıxış edənlər bu gün məmləkətimizdə də artıq gizli yox, rəsmi qurum formasında fəaliyyət göstərirlər. Qanunlarımıza görə hər hansı bir dini və qeyri-dini ideologiya Azərbaycanın milli mentalitetinə, mədəniyyətinə, milli təfəkkürünə, ədəbiyyatına –bir sözlə azərbaycançılığa ziddirsə, təbliği yolverilməzdir. Həmin dindarların arasında təhsil, mədəniyyət, mətbuat sahələrində çalışanlar da var. Əlaqədar qurumlar üçün bu adi görünə bilər. Ancaq maraqlı burasıdır ki, belə şəxslər öz müvafiq auditoriyalarına tarixi şəxsiyyətlərimizi necə tanıdacaqlar? Kafir, fanatik, təriqətbaz kimi, yoxsa əsl mütəfəkkir kimi. Çətin ki, mütəfəkkir kimi. Çünki onlar bizim tarixi irsimizə kənar dövlətlərdə olan və öz maraqlarını güdən missionerlərin analizi ilə yanaşacaqlar. Həmin analiz ki, Şah İsmayılı sünni-şiə davası salan hökmdar təki qələmə verir. Həmin analiz ki, Nəsimini, Füzulini müşrik kimi təbliğ edir.

Bu gün bütün bu proseslər davam edirsə, sabah öz acı nəticəsini verəcək. Əlaqədar qurumlar isə öz işində, təbii olaraq, radikal təriqətlər də fəaliyyətlərindədirlər. Sonda isə buna diqqətlə yanaşmalıyıq. Ənənəvi milli-dini ideologiyanın möhkəmlənməsi sabahkı dağılmaz Azərbaycan deməkdir.

Vüsal Hətəmov

İslaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Nov 12