Tarix : 2012 Dec 01
Kod 34526

Aşura- Azadlıq meydanı

/Aran Agentliyi

(Mübarizə hekayəsi)

Ötən əsrin 88-ci ilində Azadlıq Hərəkatının gerçəkləşdiyi və Azərbaycanın azadlıqsevər xalqının, azadlıq carçılarının fəth elədiyi Bakı meydanı sonradan rəsmi şəkildə “Azadlıq Meydanı” elan edildi. Çünki həmin ildə 17 -18 gün ərzində meydan hərəkatçıları, azadlıq carçıları meydandan getmədi, öz azadlıqlarını tələb etdilər. O zamandan illər ötüb.

Bu gün məhərrəmliyin şah zirvəsi olan Aşura günüdür. Dövrün huseynçiləri Azadlıq meydanına toplaşıb, öz azadlıqlarını tələb edir və zalim rejimə qarşı haqq səslərini ucaldırlar. Azadlıq meydanı “Meydan Hərəkatı”ndan sonra ilk dəfə idi ki, bu qədər haqqtələb insanla dolurdu. Bu meydanda “Azadlıq” şüarları ilə birlikdə, “Allahu Əkbər”, “Ya Huseyn!” şüarları da səsləndirlir. Meydana toplaşanların sayı hesabı bilinmir. Bütün dünya media vasitəsiylə bu meydan hərəkatına, azadlıq carçılarının, haqqtələblərin fatehliyinə tamaşa edir. Meydan bayraqlarla, bayraqdarlarla, şüarlarla doludur. Qocalar, azyaşlılar, məktəblilər, tələbələr, hətta, körpələr analarının qucağında gəliblər bu meydana. Hamı bir ağızdan qışqırır: A- zad- lıq... İs- te- fa..

-Redd olsun diktatura;

-Rədd olsun Yəzid hakimiyyəti..

Hərəkat liderlərindən biri tribunadan xalqa səslənir;

- Bismillahir-Rəhmanir-Rəhim! Həmd olsun O Allaha ki, bu gün, bu Aşura günü biz azadlıqsevər xalqı bir araya topladı. Salam olsun Muhəmməd (s) və Ali-Muhəmmədə (s)..

- Azadlıqsevərlər: Allahummə salli əla Muhəmməd və Ali Muhəmməd!

- Bildiyimiz kimi, bu gün Aşura günüdü. Bu gün sübh-tezdən husençi xalq toplaşıb bu meydana və məqsədləri öz haqqlarını tələb etməkdir. Mən sözü çox uzatmayacağam, çünki burada sinəsi sözlə dolu olan nə qədər insanlarımız var. Mən çox şadam, özümü xoşbəxt hiss edirəm və Allaha şükür edirəm ki, İmam Huseyn (ə) bayrağı altında bu xalq bir yerə toplanıb. Bizi bir yerə toplayan İmam Huseyn (ə) eşqi və hərarətidir. O eşq ki, Quran onu bizə vacib bilir, o hərarət ki, Peyğəmbər (s) buyururb ki, o heç zaman sönməz və soyumaz huseynçilərin qəlbində. Bu meydan tarixən azadlıq meydanıdır və azadlıqsevər, haqtələb xalqın daim azadlıq meydanı, Aşura meydanı olaraq qalacaqdır. Biz huseynçi xalqıq, İmam Huseyn (ə) azadlıq tələb etdi, huseynçi xalqlar da, tələb etməlidir, huseynçi xalq azad olmalıdır, çünki o, şəhidlik məktəbi keçib, onun torpaqları azad olmalıdır. Huseynçi xalq- onu soyub talan edən, ölkəni rüşvətə, haqsızlığa, pozğunluğa, diktaturaya qərq edən zalim rejimlərə, yəzidi rejimlərə etiraz etməlidir.. Allahdan sizə tofiqat diləyirəm və möhkəm iradə, güclü iman arzu edirəm; Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat;

-Allahummə salli əla Muhəmməd və ali Muhəmməd (ə)!

-İndi sözü əziz ziyalımıza vermək istərdim;

-Əziz xalq, hörmətli qardaş və bacılar, atalar, analar! Bura yığılan çoxunuzun yaxşı yadındadır ki, Meydan Hərəkatı zamanı bizim xalq necə rəşadət, hünər göstərdi. Mən qürur duyuram ki, bu gün müxtəlif görüşlü insanlar, müxtəlif təbəqənin nümayəndələri- ziyalılar, şairlər, siyasətçilər, ən əsas ruhanilər, dindarlar, siyasi müxalifətçilər, liberallar, sağçılar, solçular toplaşb bu meydana. Mən bir ziyalı kimi deyirəm ki, dünyada iki dəstə insan olmalıdır. Haqlı olan tərəf, haqsız olan tərəf. Haqsız olan tərəf iqtidardadırsa və o zalım, qəddar, quldur rejimdirsə, bütün vicdan sahibləri, insanpərvər olan hər bir kəs, zalıma qarşı müxalif olmalı, əks cəbhədə yer almalıdır. Üçüncü səbhə ola bilməz. Bu gün müxtəlif görüşlü insanlar var burda. Hər biri birləşib- kimin əleyhinə, əlbəttə ki, zalımın əleyhinə. Bu gün gördüyünüz kimi, Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı, İmam Huseyn (ə) bayrağları da dalğalanır burda. O bayraqlar İmam Huseynin (ə) bayraqlarıdır. Allah sizi var eləsin, hamınıza müvəffəqiyyət arzu edirəm.

Uşaqlardan tutmuş, böyüklərə qədər- insanlar alınlarına “Ya Huseyn” şüarları əks olunan qara lentlər bağlayıb, qara bayraqlar dalğalanır, İmam Huseyn (ə) şüarları səsləndirilir Azadlıq Meydanında. Meydanın mərkəzində əzadarlar uca səslə mərsiyə oxuyur, sinə vururlar.

 

Carçı: Əbəlfəzl..

Camaat: Ələmdar..

Carçı: Ələmdar..

Camaat: Əbəlfəzl..

Vay, vay, Huseyn vay..

Vay, vay, Huseyn vay..

Huseyn, Huseyn şüarımız,

Şəhadət iftixarımız..

Xalqa- hərəkat liderləri növbə ilə çıxış edib öz ürək sözlərini çatdırırlar;

- Əziz həmvətənlərim, bu gün bu xalqın başına gətirilən zülmlər, bu gün bu xalqa yaşadılan kərbəlalar, aşuralar başqa millətlərə yaşadılsa idi, indi çoxdan o xalqlar etiraz etmişdi və zalimləri ölkədən qovub gün üzü görmüşdülər. Gözəl bilirsiniz ki, uzun müddətdir ki, bir para korrupsioner, zalim, talançı, saxtakar, xalqı öz şəxsi ambissiyalarına görə dubinka altına alan insanlar- ailə hakimiyyəti idarə edir bu xalqı. Amma, sən bu gün bu meydana yığılmısan, sən bu gün azadlıq istəyirsən. Getmə bu meydandan, bu meydan sənindir. Bu vətən sənindir. Bu dövlət sənindir. Bu haqq sənindir. Bu rejim artıq, partlaq verib, sütunları darmadağın edilib, bu qorxaq hakiiyyətin artıq, sonu çatıb. Sona qədər bu meydanda qalırıq və getmirik meydandan..

Meydana toplaşmış minlərin, milyonların haqq səsləri ucalır səmalara...

A- zad- lıq.. İs-te- fa.. Rədd olsun zalım rejim.. Rədd olsun korrupsioner hakimiyyət.. Rədd olsun avtoritarizm.. Rədd olsun diktatura...

Siravi vətəndaşın xalqa sözü var;

-Əziz camaat, mən siravi vətəndaşam. Özümü tanıyandan dindarlıqla məşğulam. Mənim qardaşımoğlu ötən aşuraların birində zalim polis dəyənəyinin qurbanı oldu, şəhid elədilər bu zalimlər onu. Özünüz bilirsiz ki, bu zalim rejim haqqı deyən hər kəsi həbs edir, narkoman damğası vurur alnına, dövlət əleyhinə çevrilişdə ittiham edir onları. Nə qədər ruhanilərimiz, dindarlarımız bu rejimin repressiyasının qurbanı olub. Dini ayinləri, atributları, ədəbiyyatı qadağan edən rejimdir bu rejim. Adicə bir vətəndaş işıq pulu borcundan şikayət edib bu rejimə zalım deyəndə belə, incidirlər, oğlunu işdən atırlar, evini söküb başına uçururlar. Hər il Aşura bizim huseynçi xalq tərəfindən izdihamlı şəkildə qeyd edilir. İmam Huseyn şüarları səslənir, İmam Huseyn (ə) bayraqları dalğalanır. Hər zalım rejimin bir sonu var. Bu rejimin də sonu çatıb artıq. Mən o vaxt balaca olsam da, 88-ci ilin meydan hərəkatını da, elə sovet dövründəki gizli şəkildə babamın İmam Huseyn (ə) təziyəsi saxlamasını da, məhərrəmliyi yüksək şövqlə keçirtməsini də, gözlərimlə görmüşəm. O vaxt bütün bunların mahiyyətini anlamasam da, uşaq ağlımla da olsa, düşünürdüm ki, əgər 14 əsr əvvəlki Aşura məktəbi bu gün də yaşadılır və şəhidlər bu gün də anılırsa, İmam Huseyn (ə) bu gün də yad edilirsə, deməli, bu elə-belə, sıradan bir məktəb, sıradan bir siyasi inqilab olmayıb və vaxt gələcək bu məktəbi özlərinə rəhbər bilən bütün huseynçi xalqlar- İmam Huseyn (ə) bayrağı altında öz azadlıqlarını tələb edəcəkdir. Və əlbəttə ki, bu gün bura yığılanların böyük əksəriyyətinin evində vaxtıykən gizli şəkildə təziyələr saxlanılıb, İmam Huseyn (ə) ehsanları verilib və bura yığılan bu minlər, milyonlar- onların xələfləridir. Allah-Təala, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) xatir bizim hərakatımızı mübarək eləsin, qədəmlərimizi möhkəmləndirsin!

Müharibə əlili olan canlı şəhidlərin də, xalqa sözü var;

-Əziz bura yığılan xalq! Mənə də söz verdiyiniz üçün sizə minnətdaram.

Mən müharibə əliliyəm, Qarabağda savaşmışam. Atam da müharibə veteranıdır. Çox sevincliyəm ki, o vaxtın meydan hərəkatını həyata keçirən bu xalq, bu gün öz əvvəlki əzmini itirməyib, bu xalqı tam sındıra bilməyiblər. Biz o vaxtdan bu vaxtacan nə qədər mitinqlər, aksiyalar keçirtmişik, amma, bu günkü qədər camaat bu qədər bura toplanmayıb. Yaxşı yadımdadır, 2003-cü ildə bu xalq bu meydana toplaşanda nə cür Kərbəla müsibəti yaşatdılar bu xalqa. Yaşlısını, qocasını, cavanını, uşağını, qadınını belə dubinka altına alıb döydülər, polislər dörd-dörd, beş-beş bu camaatı döyüb qan-qaysan etdi.

Bu gün bura yığılan xalq- artıq, sərvətinin talanmasına, qazının, suyunun kəsilməsinə etiraz edir, gün üzü görmək istəyir. Zalımları qovmaq istəyir burdan. Azadlıq istəyir. Bu rejim artıq neçə illərdir ki, boş-boş vədlər verir, Qarabağı alacağıq deyir, millətin başını qatır. Televiziyası əxlaqsızlıqla doludur bu xalqın, bankları müştərilərə sələm divanı tutur. Rüşvətxorluq baş alıb gedir. Bütün bunlara yox demənin zamanıdır.. Rədd olsun bu zalım hökümət..

Huseynçi xalqın etirazları davam edir.. Əllərində Huseyn (ə) bayraqları, dillərində Huseyn şüarları olan xalqın huseyni etirazları yəzidləri qorxuya salıb, zalım hakimiyyətlərinin sütunlarını dağıdıb.. Xalq kütlələrinin isə etiraz səsləri ərşə ucalıb; Huseyn, Huseyn şüarımız, şəhadət iftixarımız.. Huseyn, Huseyn şüarımız, şəhadət iftixarımız..

Abdulla

  • Yazılıb
  • da (də) 2012 Dec 01