Tarix : 2012 Dec 06
Kod 34667

ABŞ və gödəniyyət

g/arannews

Azərbaycanda da bəziləri oturub ABŞ-dan demokratik proseslər dəstək bəkləyir

Bütün günah Gülər Əhmədovadadır. Əgər o, indi olmayan ABU-nun rektoru Elşad Abdullayevdən onu parlamentə keçirmək üçün 1 milyon dollar almasaydı, bəzi politoloqların siyasi həyatın seçkidən yalnız 3 ay öncə canlanacağı haqda dedikləri doğrulacaqdı. Gülərə görə, indi yerli politoloqların 80 faizi Zərdüşt Əlizadənin gününə düşüb - nə deyirlər, fıs çıxır.

Seçkiyə 1 il qalıb, indidən aləm dəyib bir-birinə - YAP-da Hiçkok ləqəbi ilə tanınan Elşad Abdullayev Parisdən “film-ujas”ları bir-birinin ardına düzüb, ölkədə insult qripdən daha yayğın hala gəlməkdədir, “Milyarderlər ittifaqı” Bakıda Rusiya küləkləri əsdirir, dünyaca ünlü kinematoqraf Rüstəm İbrahimbəyov ölkəni “julik”lərin və “banditlər”in idarə etdiyi haqqında açıq bəyanatlar verir, hakimiyyət içərisindəki naxçıvanlı ermənistanlıya, ermənistanlı şirvanlıya, qarabağlıya qarşı çıxır, quzeydə Sadval xortladılır, güneydə talışlar qızışdırılır... Gör dünyanın harasıdır ki, iki qəlbdə bir can olan Naxçıvan və Qərbi Azərbaycan klanı yola getməməyə başlayıb. O gün Qərbi Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətini yaradanlardan köhnə baş prokuror Əli Ömərov deyib ki, niyə jurnalistlər Prezident Aparatındakı Fuad Ələsgərova qərbi azərbaycanlı deyir: “O, naxçıvanlıdır. Nə gəlib öz ermənistanlılarımıza? Bizim o qədər tanınmış adamlarımız var ki... Fuad Ələsgərovun atası Murtuz Ələsgərov Şərurda doğulub, babası Naxçıvanın qlavası olub”. Yeri gəlmişkən, “qlava” Vasif Talıbovunku kimi bir vəzifədir. Bu yandan YAP-çı Siyavuş Novruzov Rüstəm İbrahimbəyova mənəviyyat dərsi keçməyə başlayıb ki, sayın politoloq Eldar Namazov bunu bəsbəlli qiyamət əlaməti sayır.
Sonra da deyirlər camaat 21 dekabrda dünyanın dağılacağına niyə inanır. Necə inanmasınlar? Özünü az qala 300 illik Romanovlarla müqayisə etmək eşqinə düşən Azərbaycan iqtidarı göz qabağında tir-tir əsir.
Ancaq 20 ildir mədəniyyətdən çox gödəniyyət haqqında düşündüyünü dəfələrlə isbatlayan Azərbaycan iqtidarının bəzi təmsilçiləri hələ də elə düşünür ki, indiyə qədər yürütdükləri siyasətlə gedişatı öz xeyirlərinə dəyişə biləcəklər. Bu zehniyyətin sahiblərindən biri nəqliyyat naziri Ziya Məmmədovun əziz-girami oğlunu bu vurhavurun içərisində ABŞ-a amerikalılara qonaqlıq verməyə göndərib. Bilirsiz də, YAP zehniyyətinə görə yeri gəldi-gəlmədi yeyib-içmək rifah əlamətidir, qonaqlıqda iştirak edənlər isə özlərini hər zaman qonaqlıq verənə borclu hesab eləməlidir... Oğulbala Anar da xeyli dəf-dumbul çalanı, oxuyanı, rəqs eləyəni götürüb gedib ABŞ-da yeyib-içmək verməyə. Bu, heç nəyə dərman olmayan amerikalılar da dünyanın o biri başından gələn rəqqasələrin böyür-başına düşüb o ki var oynayıblar. Hətta bir sıra şərurluların acığına bir dövrə Şərur yallısı da gediblər. Arada da Xəzər ağ balığının kürüsünü qaşıqlayıb Azərbaycan iqtidarının şərfinə tost da deyiblər. AzTV-nin xəbərlərinə görə, qara zurnanın səsi amerikalılara Sendi qasırğasının ağrı-acısını unutdurub.
Azərbaycanda da bəziləri oturub ABŞ-dan demokratik proseslər dəstək bəkləyir. A kişi, ABŞ-da demokratiya nə gəzir? Demokratiya olsaydı, üçüncü partiyalarını qurardılar da... Fillə uzunqulağı nə qədər vuruşdurmaq olar axı? Necə illərdir 1 adam tapırlar, onu 2 dəfə prezident seçirlər. Hələ üstəlik ABŞ-ın 700 siyasətçisi, ictimaiyyət adamları oturub ayıyeyən Anar Məmmədovun hesabına delikates tıxışdırır. Qəbahət ABŞ-dan demokratiya küləyi əsəcəyinə inananlardadır. Xəbəriniz yoxdu, Anar Məmmədov ABŞ-dakı qonaqlığın pulunu ödətmək üçün hansısa qəzeti məhkəməyə verməyib?

Aygün MURADXANLI
/MUSAVAT/

  • Yazılıb
  • da (də) 2012 Dec 06