Tarix : 2012 Dec 17
Kod 34950

İran: Cırtdan ölkələr həddini bilməlidirlər!

''Cırtdan ölkələrə tövsiyə edirəm ki, öz həddi və yerini bilsinlər, ayaqlarını yorğanlarına görə uzatsınlar
/Aran Agentliyi

"Cırtdan ölkələrə tövsiyə edirəm ki, öz həddi və yerini bilsinlər, ayaqlarını yorğanlarına görə uzatsınlar. Ölkələrinin boyuna və əhlisinin sayına uyğun mövqedən çıxış etsinlər. Çünki, neft və qaz dollarları onların əvəzinə rol oynaya bilməz".

Bu sözləri İran İslam İnqilabının Böyük Rəhbərinin hərbi məsələlər üzrə müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi deyib.

Səhər kanalının internet saytının məlumatına görə, general Səfəvi şənbə günü jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında deyib: Fars körfəzi məntəqəsi zəngin enerji resurslarına malik olduğu üçün dünya iqtisadiyyatının ən mühüm bazası hesab olunur. Gün ərzində 17 milyon barel neftin Hörüz boğazından dünya bazarlarına nəql olunması və beynəlxalq rəqabət səhnəsində neftin rolunu nəzərə aldıqda, bu məntəqənin nə qədər önəmli olduğu ortaya çıxır.

General Səfəvi sözlərinin davamında Fars körfəzinin cənubunda yerləşən ölkələrə işarə edərək, deyib: Fars körfəzi hövzəsində yerləşən ölkələr İran istisna olmaqla ötən 10 ildə silah almaq üçün 100 milyard dollardan çox vəsait xərcləyiblər. Biz yaxşı bilirik ki, alınan silahlar Qüdsü azad etmək və sionist rejimin qarşısında durmaq üçün deyil. Bu Amerikan-Sionist plan əsasında həyata keçirilən bir fitnədir.

İran İslam İnqilabının Böyük Rəhbərinin müşaviri və köməkçisi daha sonra regionda davamlı təhlükəsizliyin yalnız kollektiv əməkdaşlıq yolu ilə mümkün olduğunu bildirərək, deyib: İran indiyə kimi bu ölkələrə doğru birlik, qardaşlıq və əməkdaşlıq əlini uzadıb.

Səfəvi sözlərini belə davam etdirib: İran təhlükəsizlik baxımından region və dünya çapında güclü, qüdrətli, nüfuzlu və müstəqil bir ölkədir və Fars körfəzi məntəqəsində sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu davamlı sülh və təhlükəsizlik Fars körfəzində yerləşən digər 7 ölkə ilə konstruktiv əməkdaşlıq və anlaşmaya habelə, regionun inkişafına və iqtisadi-təhlükəsizlik strukturlarının gücləndirilməsinə ehtiyaclıdır. İran İslam Respublikası isə regionun inkişafı və təhlükəsizliyi üçün əsas dayaq nöqtəsi ola bilər.

Səfəvi daha sonra belə deyib: Əlbəttə regional çapda təhlükəsizlik oyunçuları İran, Türkiyə, Ərəbistan və İraqdır. Cırtdan ölkələrə isə tövsiyə edirəm ki, öz həddini və yerini bilsinlər, ərazilərinin ölçüsü və əhalilərinin sayına uyğun mövqedən çıxış etsinlər və bilsinlər ki, neft və qaz dollarları onların əvəzinə rol oynamağa qadir deyil.

İran İslam İnqilabının Böyük Rəhbərinin müşaviri və köməkçisi sonda deyib: Fars körfəzinin cənubunda yerləşən ölkələrə tövsiyə edirəm ki, İran şahının taleyini özləri üçün ibrət dərsi qəbul etsinlər və ondan dərs alsınlar. Çünki, şahın Amerikadan aldığı silahlar bir gün amerikalılara qarşı mübarizə aparmaları üçün İran xalqının əlinə düşdü. Bu hadisə bir gün onların da başına gələ bilər.

 

  • Yazılıb
  • da (də) 2012 Dec 17