Ermənistanda prezidentliyə 15 iddiaçı var. Namizədliyin irəli sürülməsi yanvarın 4-də başa çatıb. Qeydiyyat mərhələsi isə yanvarın 14-də bitəcək
/Aran Agentliyi
Ermənistanda prezidentliyə 15 iddiaçı var. Namizədliyin irəli sürülməsi yanvarın 4-də başa çatıb. Qeydiyyat mərhələsi isə yanvarın 14-də bitəcək.
İslaminsesi.az xəbər portalının“Media forum” saytına istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bəyan edib ki, prezidentliyə 15 iddiaçıdan 7-si 8 milyon dram (20 min dollara yaxın) seçki girovunu ödəyib. Bunlar prezident Serj Sərkisyan, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, İrs Partiyasının nümayəndəsi Raffi Ovannisyan, politoloq Andrias Qukasyan, “DQR”in sabiq “xarici işlər naziri” Arman Məlikyan, Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan, Vardan Sedrakyandır.
Prezidentliyə Mqer Ayrapetyan, Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan, Pavlik Sərkisyan, Milli Mətbuat Klubunun rəhbəri Narine Mkrtçyan, Taron Abramyan, Robert Simonyan, Ruben Ayvazyan, Robert Aqaronyan da iddia edir.
Prezident seçkisi fevralın 18-də keçiriləcək. Qələbəyə ən çox şansı olan iddiaçı dövlət başçısı Serj Sərkisyandır. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda separatçı və işğalçı hərəkatın əsas nümayəndələrindəndir. Ermənistanın müdafiə, milli təhlükəsizlik və daxili işlər naziri, baş naziri olub. 2008-ci ildən prezident postunu tutur.