Tarix : 2013 Jan 27
Kod 35832

Vilayəti: Suriyaya hücum İrana və İranın müttəfiqlərinə hücum sayılır

Əli Əkbər Vilayəti deyib: Qərblilər və regionun irticaçı rejimləri Suriyaya hücum etməklə, Müqavimət cəbhəsinin “qızıl halqası”na hücum etmiş olacaqlar
/Aran Agentliyi

Əli Əkbər Vilayəti deyib: Qərblilər və regionun irticaçı rejimləri Suriyaya hücum etməklə, Müqavimət cəbhəsinin “qızıl halqası”na hücum etmiş olacaqlar.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Mehr Xəbər Agentliyi ilə müsahibədə deyib: İran İslam Respublikasının Suriya olayları ilə bağlı təhlili bundan ibarətdir ki, Suriya layihəsi regionda İslami Oyanış hərəkatını durdurmaq məqsədini daşıyır. Əgər bu layihə iflasa uğrayarsa və Əsəd hökuməti öz müstəqilliyini qoruya bilərsə, Müqavimətin vəziyyətində ciddi dəyişiklik olacaq.

Ə.Vilayəti əlavə edib: Sionistlər qarşısındakı Müqavimət cəbhəsi əleyhinə mövqe tutanlar, regionun irticaçı rejimləri və qərblilər bilməlidirlər ki, Suriyaya hücum Müqavimətin “Qızıl halqasına” edilmiş hücum sayılır.

“Əgər Suriyanın locistik dəstəkləri olmasaydı Livan Hizbullahı 33 günlük və Həmas 22 günlük müharibələrdə İsrail rejimi qarşısında qələbə çala bilməzdilər. Suriya regionda xüsusilə Müqavimət siyasətinin yürüdülməsi və ya iflasa uğramasında təsirli və önəmli rola malikdir. Buna görə də, Suriyaya hücum İran və müttəfiqlərinə hücum sayılır.” – deyə İnqilab Rəhbərinin müşaviri qeyd edib.

O, Suriyanın məğlub olacağı və Əsəd hakimiyyətinin devriləcəyi təqdirdə növbənin İraq və İrana çatacağı ilə bağlı düşüncələrə gəlincə isə deyib: Şifahi xarici siyasətdən fərqli olaraq, praktiki və əməli xarici siyasətdə nəzəriyyələrin irəli sürülməsi heç də asan iş deyil. Əsas məsələ budur ki, İran Fələstində, Livanda və Suriyada Müqavimət tərəfdarlarını himayə edir. İran İraqın da demokratik xalq hökumətini və bu ölkənin ABŞ-ın caynağından xilasını himayə edir və bundan sonra da belə olacaq.

İraqın nəhayət Səddamın şərindən xilas olduğuna işarə edən Vilayəti “Xalq müqaviməti sayəsində ABŞ İraqda Səddamın yerini tuta bilmədi” dedi.

“Biz də bundan artığını istəmirik. İstər İraq xalqının Səddam rejiminə qarşı müqavimət göstərdiyi, istərsə də ABŞ-ın işğalçılıqlarına qarşı mübarizə apardığı zaman İran onları himayə edirdi” deyə Vilayəti qeyd edib.

Əli Əkbər Vilayəti Mehr Xəbər Agentliyi ilə müsahibəsinin davamında İran və ABŞ arasına birbaşa müzakirələrin aparılması, Vilayətinin bu müzakirələri aparan tərəf seçilməsi və Oman və ya digər ölkə üzərindən Amerika ilə danışıqlar aparmaqda olması haqdakı suala da belə cavab verib: Mənim nə Omanda, nə də digər yerdə Amerikalılar ilə danışıqlarım olmayıb.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri ölkənin xarici siyasəti ilə bağlı problemlər və bu problemlərin ölkə daxilində bir sıra digər problemlərə səbəb olması habelə, bütün bunları nəzərə alaraq, bu problemləri həll etmək üçün Rəhbərə yaxın tanınmış bir diplomatın hakimiyyətə gətirilməsi haqda hansısa qərarın olması ilə bağlı suala gəlincə isə deyib: Hər iki sualın cavabı mənfidir.

Vilayəti ABŞ hökumətinə ağıl və məntiqin hakim kəsiləcəyi təqdirdə öz siyasətlərini dəyişməli olduğunu bildirərək, deyib: Nüvə məsələsi bizim üçün strateji bir məsələdir. Nüvə enerjisindən dinc məqsədlər üçün istifadə elə bir haqdır ki, İran İslam Respublikası heç bir vəchlə ondan vaz keçməyəcək. Və bu məsələ ilə bağlı İranda bütün tərəflər ortaq fikrə malikdirlər.

“Amerikalıların etdikləri İrana məhəbbət sayılmır. Əksinə, onların seçdikləri yolun çıxılmaz vəziyyətlə üzləşdiyindən xəbər verir. Müharibədə də şübhəsiz onlar İranda İraq və Əfqanıstan təcrübələrini təkrarlaya bilməyəcəklər. Bu gün İran İraq və Əfqanıstandan qat-qat güclüdür.” – deyə Vilayəti bildirib.

Əli Əkbər Vilayəti əlavə edib: Amerikalılar İraq və Əfqanıstanda məğlubiyyətə uğradılar. Ağır insan tələfatı və maddi zərər və ziyanlarla üzləşdilər. Şübhəsiz əgər ağılları olsa İrana hərbi hücum fikrindən daşınarlar. İsrail rejimi o qədər də modern olmayan Vəl-Fəcr 5 raketləri qarşısında məğlub oldu. İslami Cihad Hərəkatı Təl-Əvivə bir neçə raket atmaqla 3 milyon israillini yerin altına, zirzəmilərə soxdu və bildirdi ki, bu raketləri İrandan alıb. Bu onların əlində olan minimum imkan idi.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jan 27