Tarix : 2013 Apr 29
Kod 37739

''İran xalqı daim Azərbaycan ilə fəxr edir''

Əhmədinejad: Azərbaycan İranın milli iqtidarının başlıca qaynaqlarındandır
/Aran Agentliyi

Əhmədinejad: Azərbaycan İranın milli iqtidarının başlıca qaynaqlarındandır.

İran İslam Respublikası Nazirlər Kabinetinin Şərqi Azərbaycan vilayətinə olan dördüncü səfəri və Əhmədinejad hökumətinin 104-cü vilayət səfəri davam edir.

25 mühüm layihənin açılış mərasimində iştirak üçün Nazirlər Kabinetinin müşayiəti ilə Şərqi Azərbaycan vilayətində səfərdə olan İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad Təbriz əhalisi qarşısında deyib: Azərbaycan İran xalqının fəxridir və İran xalqı daim Azərbaycan ilə fəxr edir.

M.Əhmədinejad bu gün günortadan sonra Nazirlər Kabinetinin 4-cü dövr vilayət səfərləri çərçivəsində Təbrizin Təxti adına stadionunda şəhər sakinləri qarşısında etdiyi çıxışı zamanı Azərbaycanı İranın milli iqtidarının başlıca qaynaqlarından adlandırıb və deyib: Azərbaycan əhalisi İran xalqı üçün sevinc, ümid və irəliyə doğru hərəkət qaynağıdır. Bu diyarın əhalisi tarix boyu öz yorulmaz səyi və təlaşı ilə onlarla böyük alim, mütəfəkkir, ədib, sənətkar və mücahid yetişdirib, İran xalqına təqdim edib. Azərbaycan İran xalqının fəxridir və İran xalqı Azərbaycan ilə fəxr edir.

İran İslam Respublikası prezidenti əlavə edib: İran xalqının Azərbaycana olan eşq və məhəbbəti vəsfə gəlməzdir və mən burda onun yalnız kiçik bir hissəsini dilə gətirə bildim.

M.Əhmədinejad çıxışının davamında deyib: Əgər bu gün məntəqəni bürüyən fitnə alovu genişlənərsə, ara qızışdıranlar da amanda qalmayacaqlar. Şeytana inanmaq, ona etibar etmək yanlışdır. Hegemonçular yaxşı və sədaqətli dostlar deyillər. Əlbəttə, onların dövranı da başa çatıb və bu kimi plan hazırlamaqla xilas ola bilməyəcəklər. Onlar bilməlidirlər ki, bu kimi hərəkətlərlə, yalnız özləri üçün daha pis bir gələcək tədarük görürlər.

İran İslam Respublikası prezidenti bu gün günortadan sonra Nazirlər Kabinetinin Şərqi Azərbaycana olan dördüncü dövr səfəri çərçivəsində zəlzələdən zərərçəkmiş məntəqələrdəki bərpa və abadlıq işləri ilə yaxından tanış olub.

M.Əhmədinejad qısa zaman ərzində zəlzələdən zərərçəkmiş məntəqələrdə böyük işlərin həyata keçirildiyinə görə Allaha şükürlər etdiyini deyərək, vurğulayıb: Ötən il Şərqi Azərbaycanda böyük bir məntəqənin zəlzələdən zərər çəkdiyi zaman bir çoxları təsəvvür belə etmirdilər ki, bu məntəqə xalqın səyi və dövlətin himayəsi ilə yenidən abad olacaq.

Cənab Əhmədinejad daha sonra dedi: Zəlzələdən zərərçəkmiş kəndlərdə yeni ailə qurmaq ərəfəsində olan gənclərə ev tikə bilmələri üçün kreditlər verilir. Həmçinin, o şəxslər ki, bu kəndlərdə xalçaçılıq sexləri açırlar, onlara da 1 milyon tümən əvəzsiz maliyyə yardımı edilir.

Prezident zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirərkən həmçinin dedi: Ümidvaram bu dövlət yardımları hesabına bir daha gözəl Azərbaycan xalçaları dünya ölkələrinə ixrac edilsin və İran xalçasının adını həmişəkindən daha artıq başıuca etsin.

Həmçinin, Şərqi Azərbaycanda böyük yol çəkilişi layihəsi və Mehr mənzil layihəsi çərçivəsində təqribən 40 min yeni mənzil vitse-prezident və yol və şəhərsalma nazirinin iştirakı ilə istifadəyə verildi.

İran İslam Respublikası prezidenti Nazirlər Kabinetinin müşayiəti ilə 25 iri layihənin açılış mərasimində iştirak etmək üçün bu gün səhər Təbriz şəhərinə daxil olub. İstifadəyə veriləcək layihələr əsasən yeni yolların çəkilməsi, yeni mənzillərin tikilməsi, içməli su şəbəkəsinin genişləndirilməsi, neft, neft-kimya, səhiyyə, sənaye, kənd təsərrüfatı, idman və mədəniyyət sahələrini əhatə edir.

 

  • Yazılıb
  • da (də) 2013 Apr 29