Tarix : 2013 Aug 06
Kod 39786

Kumeyl duasını əzbərdən oxuyan arif

Ayətullah Şahabadinin söhbətləri cəmiyyətin siyasi agahlıq qazanmasında mühüm rol oynayırdı

Arannews - Qəməri 1292-ci ildə İsfahanın Hüseynabad məhəlləsində böyük alim Ayətullah Mirza Məhəmmədcavad Beydabadinin evində bir körpə dünyaya göz açdı. Onun adını Məhəmmədəli qoydular. Ayətullah Beydabadi böyük fəqih və arif kimi tanınırdı. Övladının tərbiyəsinə xüsusi diqqət göstərirdi. Elə uşaqlıq dövründən Məhəmmədəlinin istedadı atasının diqqət mərkəzində idi. Bu səbəbdən onun təlim-tərbiyəsinə erkən vaxtda başlanıldı. Müqəddimə elmləri atasından öyrənən Məhəmmədəli sonradan İsfahan elm hövzəsinin ustadlarından bəhrələnmişdi.

Mərhum Ayətullah Şahabadi atasından sonra, böyük qardaşı Şeyx Əhməd Müctəhiddən dərs almışdı. Şeyx Əhməd Müctəhid İsfahan elm hövzəsində tanınmış ustadlardan idi. Mərhum Şahabadi 10 yaşında Ayətullah Mirza Haşim Xansarinin sinfinə gedirdi. Şah Qacar Ayətullah Beydabadini iki oğlu ilə Tehrana sürgün edəndən sonra Məhəmmədəli Ayətullah Mirzə Həsən Aştiyanidən fiqh və üsul, Həkim Əbülhəsəndən fəlsəfə öyrənirdi. Qəməri 1310-cu ildə Məhəmmədəli 18 yaşında ictihada çatdı.

Ayətullah Şahabadi qəməri 1320-ci ildə Nəcəfə hicrət etdi, Ayətullah-üzma Məhəmmədkazim Xorasaninin dərslərinə qatıldı. Özü ictihada çatsa da axund Xorasaninin dərslərində həvəslə iştirak edirdi. Məhəmmədəli Nəcəfdə 7 il qaldı. Bu illərdə Axund Xorasaninin xaric-üsul dərslərində iki dövrə iştirak etdi. O eyni zamanda Ayətullah Şeyx Fəthullah Şəriət və Ayətullah Mirza Məhəmməd Həsən Xəlilidən dərs alırdı. Mərhum arif qəlbən istəməsə də bəzi çətinliklər ucbatından İrana dönməli oldu.

Ayətullah Şahabadinin söhbətləri cəmiyyətin siyasi agahlıq qazanmasında mühüm rol oynayırdı. Mərhum alim uşaq və gənclərin də təlim-tərbiyəsini yaddan çıxarmırdı. O öz evini mədrəsəyə çevirmişdi. Özündən başqa bir neçə saleh və mömin şəxs tədrislə məşğul idi. Mərhum Ayətullah həftədə bir dəfə şagirdlər və onların valideynləri qarşısında çıxış edirdi.

Qəməri 1347-ci ildə Ayətullah Şahabadi Qum şəhərinə hicrət etdi. Alim Qumda tədris və araşdırma ilə məşğul olurdu. Qum elm hövzəsində hər gün 10 dərsi olardı. Maraqlıdır ki, onun dərsində iştirak edən alimlər onu xibrə, elmdə birincilərdən sayırdılar. Mərhum alimin irfan dərslərində iştirak edənlərdən biri də imam Xomeyni (r) idi. Mərhum imam öz ustadını irfanda yüksək dəyərləndirirdi. Ayətullah Mirza Haşim Amili də mərhum Şahabadini fiqh və üsulda məharət sahibi sayırdı. Beləcə, mərhum alim Qum elm hövzəsində fiqh, üsul, təfsir, irfan, fəlsəfə və məntiq tədris edirdi. İmam Xomeyni, Ayətullah-üzma Mərəşi Nəcəfi, Ayətullah Hacı Mirza Haşim Amili, Ayətullah Səqəfi Tehrani, Ayətullah Təbəsi Nəcəfi, Ayətullah Bəhauddini kimi böyük alimlər mərhum Şahabadinin yetirmələridir.

Zalım Rzaxan bütün məscid və minbərlərə qadağa qoyduğu zaman Ayətullah Şahabadi cəmiyyət namazı və çıxışlarını dayandırmadı. Rzaxan ruhani libasını qadağan edəndə o öz övladlarını ruhani libası geyməyə təşviq edirdi. Onun yeddi övladı ruhani libasında idi. Rzaxanın məmurları Ayətullah Şahabadinin haqq səsini boğmaq üçün onun məsciddəki minbərini oğurladılar. Mücahid alim minbərsiz məsciddə ayaq üstə çıxış edərdi. Həmin vaxt belə buyurmuşdu: “Danışan minbər deyil, mənəm. Əgər söhbətə son qoymaq istəyirsinizsə minbəri yox, məni aparın.”

Övladları mərhum Ayətullah Şahabadinin ictimai fəaliyyətləri haqqında belə deyirlər: “Mərhum atamız sələmçiliklə mübarizədə iki mühüm addım atdı. Dindarlar vasitəsi ilə idarə olunan səhmdar şirkət yaratdı və qərzül-həsənə sandığı, büdcəsi təsis etdi. Büdcənin məsullarından olan mərhum Fəyyaz 1329-cu ildə deyirdi ki, camaata 1 milyon 700 min tümən borc paylanıb. Bu məbləğ həmin dövrdə olduqca böyük bir məbləğ idi.”

Mərhum Ayətullah Şahabadi Samirradan İrana qayıtdıqdan sonra Tehranda yaşadığı zaman elm tədrisi ilə yanaşı ictimai-siyasi fəaliyyətlərlə də məşğul idi. Səyyar heyətlərin təşkili onun xidmətlərindəndir. Evlərdə əzadarlıq məclisi keçirən heyətlərin banisi məhz mərhum Şahabadi olub. Sıxıntılı vəziyyətdə, rejimin təzyiqləri altında dini maarifin yayılması üçün müxtəlif üsullara əl atmaq zəruri idi. Böyük alim həm də siyasi mübarizə aparırdı.

Ayətullah Şahabadinin dövründə radio yenicə çıxmışdı. Amma bu kütləvi informasiya vasitəsi zalım rejimin əlində olduğundan adətən dinə zidd proqramlara yer verirdi. Bu səbəbdən bir çox alimlər radionun bütün proqramlarını haram elan etmişdilər. Bir qrup müsəlman radionun haram olub-olmaması barədə alimə sual verəndə o təəssüflə buyurur: “Radio danışan dil kimidir. O həm mədəniyyət təbliğ edə bilər, həm də günaha səbəb ola bilər. Faydalı proqramları dinləmək üçün radio almaq, evdə radio saxlamağın eybi yoxdur.

Zaman gəldi ki, Ayətullah Şahabadi həzrət Əbdüləzim Həsəninin hərəmində Rzaxan rejiminin zülmlərinə etiraz etməyə başladı. Alimlər bu addımın təhlükəli olduğunu düşünüb ona sual verəndə buyurdu: “Biz elə bir dinin varisləriyik ki, Peyğəmbər (s) dövründən bu günədək bu din yolunda məsum imamlar şəhadətə yetirilib, minlərlə alim həyatını qurban verib. Bu gün fədakarlıq növbəsi bizimdir. Nə qədər ki, gücümüz var dinin müdafiəsində dayanmalıyıq. Biz şəhidlərin qanı bahasına qorunan ilahi hədiyyəni hifz etməliyik. Görürsünüz ki, bu ilahi əmanət zalım rejimin hədəfindədir. Onu qorumaq üçün var qüvvəmizlə çalışmalı, dinə təcavüzün qarşısını almalıyıq. Etiqadımız budur ki, qanımız keçmişdəkilərin qanından rəngli deyil.”

Mərhum Hacı Mirza İsmail Dulabi mərhum Şahabadinin tələbələrindən olub. O öz ustadı haqqında deyir: “Mərhum Şahabadi çox həyalı idi. Çoxları məni onun tələbəsi kimi tanıyırdı. Dəfələrlə evimizə gəlmişdi. Misilsiz elm, həm də misilsiz həyaya malik idi. Küçə-bazarda bir uşaq qarşısını kəsib sual versəydi, uşaq özü sağollaşana qədər danışar, söhbəti kəsməyə utanardı.”

Mərhum Şahabadi qəməri 1330-1347-ci illərdə Tehranda yaşayıb. Bu dövr Rzaxanın hakimiyyətinin başlanğıc dövrü idi. Şahabadinin əsas fəaliyyətlərindən biri zalım şahla mübarizə idi. İmam Xomeyni (r) buyurur: “Mərhum Şahabadi kamil fəqih və arif olmaqla yanaşı əsil mübariz idi. Rzaxanın təzyiqləri zirvə həddinə çatdığı bir zamanda Ayətullah Şahabadi həzrət Əbdüləzimin hərəmində 15 ay etiraz çıxışlarına ara vermədi. Qəməri 1347-ci ildə tədris məqsədi ilə müqəddəs Quma köçdü.

Mərhum Şahabadinin tələbə və müridlərindən biri belə nəql edir: “Mərhum alimlə bağlı şirin xatirələrimdən biri onun cümə axşamları Kumeyl duası oxuması idi. Hər həftə cümə axşamı sübh azanına iki saat qalmış məscidə gələr Kumeyl duası mərasiminə başlayardı. Məscidin işıqları söndürülərdi. Mərhum Şahabadi Kumeyl duasını əzbərdən oxuyardı. Bir dəfə onun duasında iştirak etmək üçün dostlarla birlikdə məscidin eyvanında yatdıq. Sübh azanına iki saat qalmış oyanıb dua mərasiminə qatıldıq. Duanın sonunda əzab ayələrinə çatanda elə oxuyardı ki, məclisdəkilər ucadan ağlayardı. Məsciddəki hönkürtü səsləri bayırda aydın eşidilərdi.”

Mərhum Şahabadinin qədr gecələrinə xüsusi həssaslığı vardı. Bu gecələrdə onun məclisinə xeyli adam toplaşardı. Belə ki, həyətdə də yer olmazdı. O əhya gecəsinin proqramını şəxsən özü icra edərdi. Söhbəti, duası zamanı deyərdin ki, məscidin divarları ağlayır.

Şəhid ustad Mütəhhəri mərhum alim barədə belə deyir: “Mirza Məhəmmədəli Şahabadi əqli və nəqli biliklərin mənbəsi idi. Fəlsəfə və irfanı Mirzayi Cilvə və Mirzayi Əşkvəridən öyrənmişdi. Tehranda mərceiyyət və fətva məqamına çatmışdı. Mərhum Şeyx Əbdülkərim Hairi Qumda olduğu zaman onun hüzurundan bəhrələnmişdi. İrfanda rəqibi yox idi. Qum elm hövzəsinin əksər böyük alimləri onun yetirməsidir. Bizim o zamankı ustadımız imam Xomeyni (r) də mərhum Şahabadinin elmindən bəhrələnmişdi.”

İran İslam İnqilabının banisi mərhum imam Xomeyni Şahabadi haqqında danışanda onu kamil arif adlandırar, “ruhum fəda olsun” deyərdi. Mərhum Şahabadinin oğlu Şeyx Mehdi dünyasını dəyişəndə imam belə buyurdu: “Bu əziz şəhid bizim böyük şeyxin övladıdır. Onun mənim üzərimdə böyük haqqı var. Şükrünü yerinə yetirməkdə acizəm.” Başqa bir məqamda imam belə buyurur: “Mən ömrüm boyu Ayətullah Şahabadi kimi lətif və böyük ruhlu insan görməmişəm.” Mərhum Ayətullah Bəhauddini buyurur: “Biz mərhum Şahabadidən Əsfar öyrənməyə gedəndə imam Xomeyninin (r) qapıdan çıxdığını görərdik. Mərhum Şahabadi imama ayrıca dərs keçirdi.”

Mərhum Şahabadi bərəkətli ömür sürüb, misilsiz şagirdlər tərbiyə edib, şəmsi 1328-ci ildə (qəməri 1369) 77 yaşında uzun sürən şəkər xəstəliyindən sonra Tehranda dünyasını dəyişdi və minlərlə aşiqini gözüyaşlı qoydu.

Onun cənazəsi böyük hörmətlə Rey şəhərinə aparıldı və həzrət Əbdüləzim Həsəninin pak məzarı civarında, böyük təfsirçi Şeyx Əbül Fütuh Razinin məqbərəsində dəfn edildi. Ruhu şad olsun.

Mərhum Ayətullah Şahabadinin buyuruqlarından:

- Nə qədər ki, gənclik qüvvəsi, təravət canındadır, əxlaqi çirkinliklərə qarşı daha yaxşı qiyam qaldıra bilərsən, insani vəzifələrini daha yaxşı yerinə yetirmək imkanın var.

- Həşr surəsinin son ayələrini, “Ya əyyuhəlləzinə amənu ittəqillah...” sözlərindən axıra qədər davamlı şəkildə oxu. Bu ayələrin mənasını düşünmək, gecənin sonunda onların zikri nəfsin tərbiyəsində çox təsirlidir.

- Gecənin nafiləsi zamanı həzrət Zəhranın (s.ə) yüksək məqamını yada salın. Ondan yardım almaq mənəvi tərəqqiyə səbəb olur, insanın mərifətini artırır. Sübh azanından qabaq həzrət Zəhraya salavat göndərin.

- Hətta dünyanıza görə ola, səhərlər erkən oyanın. Sübh oyanmaq ruzini artırır, çöhrəni gözəlləşdirir, əxlaqı islah edir.

Tərtib edən: Zəhra Merac Məhəmmədi

(HaqqYolu)

  • Yazılıb
  • da (də) 2013 Aug 06