Tarix : 2013 Aug 17
Kod 39896

Naxçıvanda Vasif Talıbova qarşı görünməmiş olay

Ali Məclis sədri yeni parkı açarkən bir qrup “istefa” qışqırdı; etiraz edən gənclər döyülərək saxlanıldılar; “Yeni Müsavat”ın əməkdaşı Vasif Talıbovun ayaqları altına özünü atan qadının linc edilməsini görüntülədi...

Arannews - Avqustun 15-də Naxçıvanda parkın açılışı zamanı görünməmiş olay yaşanıb. Naxçıvan müxbirimizin “Yeni Müsavat”a verdiyi məlumata görə, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun iştirak etdiyi şəhər parkın açılışında bir qrup gözlənilmədən “istefa” şüarları səsləndirərək əl çalmağa başlayıb.

Əməkdaşımızın sözlərinə görə, bu zaman Vasif Talıbov şəhər zəhmətkeşləri qarşısında çıxış edirmiş. O nitqini yarımçıq saxlayaraq əli ilə mühafizəçilərə “istefa” qışqıranların uzaqlaşdırılması göstərişini verib. Naxçıvan polisi və Ali Məclisin Təhlükəsizlik İdarəsinin əməkdaşları şüar qışqıran gənclərdən üçün saxlayıb.

Müxbirimiz deyir ki, açılış törənini işıqlandırmağa təkcə Naxçıvan Dövlət Televiziyası və “Şərq qapısı” qəzetinin əməkdaşları buraxılıblarmış. Elə bu səbəbdən olay zamanı çəkiliş apara bilməyib.

Əməkdaşımız deyir ki, gənclər döyülərək polis maşınına əyləşdirilərək ərazidən uzaqlaşdırılıblar. Bu zaman “şəhər zəhmətkeşləri” arasında Vasif Talıbovun nitqinə qulaq asan yaşlı bir xanım özünü Ali Məclis sədrinin ayaqları altına atıb. Təhlükəsizlik Xidmətinin əməkdaşları eyni münasibəti yaşlı xanıma da göstəriblər. Sevinc (soyadını dəqiqləşdirə bilmədik- F.İ) adlı Naxçıvan sakini təhlükəsizlik əməkdaşları və polis tərəfindən maşına basılıb.

Xəbəri verən əməkdaşımızın sözlərinə görə, Sevinc adlı xanım tutulan gənclərdən birinin anasıdır. Vasif Talıbovun istefasını tələb edən hər üç gənc “Gəmiqaya” holdingin sabiq işçiləridir. Onlar ötən ilin dekabrında holdinqdən səbəbsiz yerə işdən çıxarılıblar. Üstəlik, onlar işdən çıxarılan zaman satdıqları malın pulunu mənimsədikləri ittihamı ilə polisə veriliblər. Naxçıvan polisi hər üç gənci saxlayıb. Gənclər polis bölməsində saxlanılan zaman günahsız olduqlarını sübut ediblər. Amma buna baxmayaraq gənclərin hər üçü polislə kobud danışdıqlarına görə 5 günlük həbs cəzasına məhkum ediliblər.

Gənclər “Gəmiqaya” holdinqdən haqsız yerə uzaqlaşdırıldıqlarına görə məhkəməyə müraciət ediblər. Lakin bir müddət sonra onlara xəbər göndərilib ki, holdinq rəhbərliyindən kürd əsilli, Türkiyə vətəndaşı Emin Uçar onları qəbul etmək istəyir. E.Uçarın qəbuluna gedən gənclərə yaxın müddətdə işə bərpa olunacaqları ilə bağlı söz verilib. İşdən çıxarılan hər üç gənc sonradan öyrənib ki, əslində E.Uçarın onlara dediyi bu söz quru vəddən başqa bir şey deyil.

Məlumat üçün bildirək ki, “Gəmiqaya” Vasif Talıbova məxsus olsa da, hazırda holdinqi qardaşı Məhərrəm Talıbov idarə edir.

Hadisə ilə bağlı Naxçıvan Daxili İşlər Nazirliyi və Naxçıvan Şəhər Polis İdarəsi ilə əlaqə saxlasaq da, suallarımıza cavab verən tapılmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 17