Tarix : 2013 Aug 20
Kod 39931

Kərəm Həsənovun qardaşı MTN zabitinin evini uçurtdurdu

İmtiyazlı deputatdan ağlasığmaz özbaşınalıq; Malik Həsənov onun icazəsi olmadan tikilən evi bir göz qırpımında yerlə-yeksan elətdirdi; Cəlilabadda baş verən olay prezidentin harın məmurlarla bağlı dediklərinin tam ziddinədir; icra başçısı özünü çayçı kimi aparır

Arannews - Bu yaxınlarda Cəlilabadda şok olay baş verib. Bu heyrətamiz hadisə Cəlilabadın deputatı, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun adı ilə bağlıdır.

Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, iyulun sonlarında deputat Malik Həsənov Cəlilabadın Günəşli kəndində yaşayan valideynlərinə baş çəkməyə gedirmiş. Adəti üzrə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onu rayonun girəcəyində qarşılayaraq ata evinə kimi müşayiət edib. M. Həsənov Günəşli kəndinin girəcəyində iki yeni ev tikildiyini görüb. Deputat həmin evlərin kimə məxsus olduğunu soruşub. Ona deyiblər ki, evlərdən biri MTN-in mayoru olan Cəmil Fərhadova, digəri isə onun qaynına məxsusdur.

Məlumatı verən şəxsin bildirdiyinə görə, C.Fərhadov MTN-in nüfuzlu zabitlərindən biridir. O, 2005-ci ildə Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədov və onun dəstəsinin zərərsizləşdirilməsi ilə başa çatan “Qara kəmər” əməliyyatında iştirak edib. Bu əməliyyat uğurla başa çatdıqdan sonra mükafatlandırılıb. C.Fərhadova yaxın olan mənbələrin bildirdiyinə görə, indiyə qədərki karyerasında hər hansı mənfi xətlər olmayan və Bakıda yaşayan MTN zabiti Günəşli kəndində 3 sot torpaq alaraq, ata yurdunda özünə təvazökar bir ev tikdirib. Onun evinin yanında isə qaynı ev tikdirib və həmin evlər yeni tikildiyindən kəndə girərkən istər-istəməz, hər kəsin diqqətini çəkirmiş. Elə neçə aydır kəndində olmayan M. Həsənovun da diqqətini ilk baxışda bu evlər çəkib. Bütün kəndi öz əmlakı hesab edən deputat qəzəbli şəkildə icra başçısına deyib ki, niyə kiminsə Bakıdan gəlib Cəlilabadda özünə ev tikdirməsindən onun xəbəri olmayıb? İcra başçısı isə ona cavab verməyə ürək eləməyib.

M.Həsənov qəti şəkildə əmr verib: “Sabah Bakıya qayıdıram. Burdan keçəndə o evlərin birini də görməyim”.

M.Həsənovu atasının evinə qədər müşayiət edən icra başçısı, dönər-dönməz dərhal texnikanı Günəşli kəndinə töküb, bir göz qırpımında MTN zabiti və onun qaynının evini yerlə-yeksan elətdirib. İcra başçısı bir deputatın ağlasığmaz göstərişi ilə vətəndaşın, özü də MTN zabitinin evini bir anın içərisində buldozerin qabağına verib darmadağın elətdirib. Bu barədə həmin kəndin bütün sakinləri məlumatlıdır və “Yeni Müsavat” faktları dəqiqləşdirib.

M.Həsənovun bu cür hərəkəti eynilə prezident İlham Əliyevin kateqoriyalaşdırdığı harın məmurlar və onların qudurğan yaxınları təsnifinə uyğun gəlir. Prezidentin bu tip çetelərə barmaq silkələdiyi, onların özlərinin və qohum-əqrəbalarının harınlıq etmələrinə son qoyulmasını tələb etdiyi, məmurları vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə çağırdığı bir vaxtda Həsənov qardaşlarının bu cür davranması heyrətamizdir. Bunlar, belə çıxır ki, prezidentdən də çəkinmirlər.

Məmur harınlığı, özbaşınalığı görün hansı həddə çatıb ki, komitə sədrinin deputat qardaşı deyir ki, Cəlilabad boyda bir rayonda kimsə ondan icazəsiz ev tikdirə bilməz. Onun icazəsi olmadan tikilən evləri isə MTN zabiti Cəmil Fərhadovun evinin aqibəti gözləyir.

Rayonun icra başçısı isə onun bir sözü ilə sanki tikinti briqadiri kimi fəhlələrini də yanına salıb camaatın evinə hücum edir, vətəndaşın evinin daşını-daş üstdə qoymur. Prezidentin təyin etdiyi icra başçısı prezidentin xəbərdarlığına məhəl qoymur, dövlət başçısının çağırışını eşitmir, ancaq komitə sədrinin deputat qardaşının qarşısında tir-tir əsir.

Ümumiyyətlə, Cəlilabaddan gələn xəbərlərdə deyilir ki, əslində Ə.Əzizovun adı icra başçısıdır. Rayonla bağlı bütün qərarları Kərəm və Malik Həsənov qardaşları verir. Ə.Əzizov isə demək olar ki, onların qara işlərini görür, rayondakı və Bakıdakı obyektlərini işlədir.

Cəlilabaddan aldığımız digər məlumata görə, iki il əvvəl K. Həsənovun ana nənəsi rəhmətə gedəndə Ə. Əzizov 7 gün yas mağarından çıxmayıb. Az qala çay qaynadan, çayçı kimi məclisdə lazım olan işləri görürmüş. Ə. Əzizov bilir ki, onu bu vəzifəyə K.Həsənov təyin elətdirib. Onların bir sözünü iki eləsə vəzifəsini itirə bilər. Buna görə Həsənovların bütün tapşırıqlarını canla-başla yerinə yetirir.(musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 20