Tarix : 2013 Aug 22
Kod 39957

“Bir addım irəli, iki addım geri...”

Milli Şuradan kritik qərar-26 avqust son gün oldu; Demokratik qüvvələrin koalisiyası qəribə manevrlər edir; 21 avqust toplantısında seytnota tərəf daha bir qərar verildi; MŞ 4 gün sonra sessiya çağırıb, yeni vahid namizəd seçəcək...

Arannews - Milli Şuranın 19 avqust sessiyasında ehtiyat vahid namizəd təklifi ilə bağlı ikitirəliyin yaranması qurum rəhbərliyinin təcili toplanmasına səbəb oldu. Bununla bağlı avqustun 21-də şura sədri Rüstəm İbrahimbəyovun İçərişəhərdə yerləşən ofisində qapalı toplantı keçirilib.

Toplantıdan əvvəl “Yeni Müsavat”a verilən xəbərdə qeyd olunurdu ki, yığıncağın səbəbi seçkiyə sayılı günlər qalmış vəziyyətdən çıxış yolları axtarmaqdır. Prosesin gedişində Rüstəm İbrahimbəyovun da müzakirələrə telefonla qatılacağı gözlənilirdi. Məlumatda o da vurğulanırdı ki, Müsavat və AXCP professor Cəmil Həsənlinin müxalifətin vahid namizədi olması ideyasını dəstəkləyirlər.

Nəhayət, iclas saat 13:30-da başladı və müzakirələrdən öncə yalnız “Yeni Müsavat”ın əməkdaşına fotogörüntülər almağa imkan yaradıldı.

Bağlı qapılar arxasında baş tutan görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan və EL Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iştirak edirdi. Onlar əməkdaşımıza bildiriblər ki, yalnız şəkil çəkmək olar, suallara cavab verilməyəcək.

İclas saat 15.00 radələrində yekunlaşdı. Görüşün nəticəsini gözləyən mətbuat nümayəndələrinə isə yığıncaqla bağlı müfəssəl məlumat verilmədi. Müsavat başqanı ofisdən çıxarkən jurnalistlərə bildirdi ki, bütün suallara Eldar Namazov cavab verəcək.

Liderlər toplantıdan sonra getdilər və El Hərəkatının yığıncağı öz işinə başladı. Təqribən 1 saata yaxın davam edən tədbirdən sonra E.Namazov brifinq keçirdi. E.Namazov qeyd etdi ki, şuranın növbəti sessiyası avqustun 26-da keçiriləcək və yeni vahid namizəd müəyyən olunacaq.

 

 

 

Liderlərin görüşündə müəyyən razılıqlar əldə olunduğunu və konsensusa gəlindiyini deyən E.Namazov söylədi ki, qurumun dağılması barədə yazılan məlumatlar şayiə xarakterlidir. Onun sözlərinə görə, 26 avqust sessiyasında seçiləcək yeni vahid namizədlə paralel olaraq Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunacaq: “Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması haqda sənədlər, arayış artıq Bakıdadır. Təşəbbüs qrupu bu sənədlərin hazırlanmasına başlayır. Sənədlər hazır olan kimi MSK-ya təqdim ediləcək. Hesab edirik ki, ilkin qeydiyyatla bağlı problem yoxdur. Yəni MSK imza toplamaq üçün vərəqələri verməlidir. Namizədliyin qeydə alınması üçün lazım olan bütün sənədlər hazır olana kimi vətəndaşlıqla bağlı problem də həll olunacaq. Əgər qarşıdakı hüquqi problemlər həllini tapmasa, o halda yeni vahid namizədlə seçkiyə gediləcək. Milli Şura üçün seçkilərdə iştirak prinsipial məsələdir”.

E.Namazov bildirdi ki, bu toplantı barədə təşəbbüs onun özü tərəfindən irəli sürülüb:

“19 avqust sessiyasından sonra partiyalarla, ziyalılarla, gənclər təşkilatları ilə məsləhətləşmələr aparıldı. Bu gün (dünən) isə Milli Şuranın aparıcı partiyalarının rəhbərləri ilə görüşüb razılaşma əldə etdik ki, növbəti sessiyada - avqustun 26-da yeni vahid namizəd seçilsin. Partiyalarla sessiyaya qədər məsləhətləşmələr davam edəcək. Həmin gün paralel olaraq, yeni Təşəbbüs Qrupunun iclası keçiriləcək. Bu iclas üçün lazımi sənədləşmə işləri başlanacaq. Sessiyada və Təşəbbüs Qrupunun iclasında yeni namizəd irəli sürüləcək. Bununla bağlı ilkin razılaşmalar mövcuddur. Əminik ki, həmin sessiyada vahid qərar qəbul edib, konsensusa gəlinəcək. Bununla da vahid namizəd məsələsi öz həllini tapacaq. Son qərar isə Milli Şuranın sessiyasında əldə olunacaq”.

E.Namazov R.İbrahimbəyovun müsahibəsində ən yaxın adamlarına yeni vahid namizədin kimliyini açıqladığını söyləməsinə dair sualımıza belə cavab verdi: “Ancaq Rüstəm müəllim həmin şəxsin adını çəkməyib və yalnız sessiyada bilinəcək”. O, yeni namizədin partiya liderlərindən, yoxsa ziyalılardan olacağını da açıqlamadı. MŞ rəsmisi Milli Şuranın sanksiyalaşdırılmış kütləvi aksiyalarının davam edəcəyini də açıqladı: “Yeni vahid namizəd müəyyən olunandan sonra növbəti mitinqin keçirilməsi ilə bağlı müzakirələr aparıb qərar veriləcək. Bununla bağlı qərara sessiyada baxılacaq”.

MŞ rəsmisi R.İbrahimbəyovun ikili vətəndaşlıq probleminin olduğunu bildikləri halda nədən onun vahid namizəd elan olunması sualına da münasibət bildirdi: “Bu, nümunə başqa ölkələrdə də var. Qonşu Gürcüstanda da var. Bu yaxınlarda fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığına qısa bir vaxtda qəbul olundu”.

R.İbrahimbəyovun Azərbaycana gələcəyi haqda danışan E.Namazov söylədi ki, MŞ sədri kampaniya dövründə fəal iştirak edəcək.

Lakin bu prosesi cənab Namazovdan fərqli təqdim edənlər də var. Məsələn, “Qafqazinfo” portalına MŞ üzvü, EL Hərəkatının rəhbərlərindən olan Eldəniz Quliyev deyib ki, Milli Şuranın üzvü olan qurumların rəhbərlərinin keçirdiyi qapalı toplantıda ehtiyat vahid namizədin müəyyənləşdirilməsi mümkün olmayıb. E.Quliyev vurğulayıb ki, toplantıda Cəmil Həsənli, Mehman Əliyev və Eldar Namazovun vahid namizədliyi ilə bağlı təkliflər irəli sürülüb. Lakin müzakirələrin gedişində təklif olunan şəxslərlə bağlı yekun qərar əldə olunmayıb: “Buna görə də qərara gəliblər ki, daha 5 gün gözləsinlər və bu müddətdə müzakirələr davam etdirilsin. Yəqin ki, yekun qərar Milli Şuranın növbəti iclasında veriləcək”.

Onu da deyək ki, görüşə Milli Şuranın müstəqil üzvləri buraxılmayıb. Bunu AzadlıqRadiosuna MŞ üzvü Ülvi Həsənli bildirib. Onun sözlərinə görə, görüşdə ancaq siyasi partiyaların iştirakına imkan verilib: “Biz eşitdik ki, bu gün görüşdür. Biz də iştirak etmək istəyimizi bildirdik. Bizə söylədilər ki, burada ancaq Milli Şuranın siyasi partiya təmsilçilərinin görüşü nəzərdə tutulub”.

Ü.Həsənli bildirib ki, hazırda Milli Şuranın müstəqil üzvləri ilə İsa Qəmbər və Əli Kərimlinin görüşü başlayıb. Qeyd edək ki, MŞ-nin avqustun 19-da keçirilən toplantısında ehtiyat namizəd variantı tək səs çoxluğu ilə (43-42) qəbul edilmişdi.

Bu durumu “Yeni Müsavat”a şərh edən adının çəkilməsini istəməyən Milli Şura yetkililərindən biri dedi ki, vəziyyət heç də ürəkaçan deyil. Həmsöhbətimizin qənaətinə görə, MŞ-nin 21 avqustda qəbul etdiyi qərar “bir addım irəli, iki addım geri” məşhur düsturu ilə tərif olunmalıdır. Bizə danışan digər MŞ üzvləri də bu qərarı qəzəblə qarşılayıblar. Onlar deyirlər ki, açıq-aydın şəkildə MŞ rəhbərliyindəki bəzi təşkilatlar, xüsusilə EL Hərəkatı, Liberal Partiyası və AXP tərəfindən seçki prosesi “sabotaj” olunur: “Biz bunu demokratik qüvvələrə qarşı təxribat hesab edirik. Sessiya dərhal çağırılmalı və ehtiyat namizəd müəyyən olunmalıdır. İbrahimbəyov gələr, daha yaxşı - həmin ehtiyat namizəd elə ehtiyatda da qalar. Bu qədər uzatmaq ancaq xüsusi məqsədlərdən xəbər verir. Bu təşkilatlar sanki elə etmək istəyirlər ki, İlham Əliyevin qarşısına ənənəvi müxalifətdən kimsə çıxmasın. Hamını və bütün prosesləri iflic ediblər”.

Qeyd edək ki, Milli Şura adından verilən son qərar sosial şəbəkələrdə də böyük etirazlar yaradıb. Daha çox da Müsavatın və AXCP-nin üzvü olan virtual avtoritetlər sessiyanın uzanmasına üsyan püskürürlər. Onların arasında AXCP sədrinin müavini Razi Nurullayev və Müsavat başqanının müşaviri, politoloq Yeganə Hacıyeva da var.

Fəallardan biri isə öz statusunda belə yazıb: "Bu, xalqla, elektoratla, bizə güvənən və dəyişiklik arzusunda olan tərəfdarlarımızla sözün birbaşa və siyasi mənasında məzələnməkdir".(musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 22