Tarix : 2013 Aug 27
Kod 39992

Avqustun 29-da Ermənistan qarışacaq

Sərkisyanın istefası tələbi ilə keçirilən aksiyalar vüsət alır və regionlara yayılır; siyasi partiyalardan “Ermənistan bir dövlət kimi məhv olur” bəyanatı...; Sərkisyan gedərsə, hakimiyyətə kim gələ bilər?; Xaçik Avetisyan: “Ermənistan adlı müstəqil dövlət yoxdur”

Arannews - Ermənistanda siyasi böhran getdikcə daha da gərginləşir. Cəmi 6 ay əvvəl-fevralın 18-də keçirilmiş prezident seçkisində 58.64% səslə qalib elan edilmiş Serj Sərkisyanın hakimiyyəti ciddi şəkildə laxlamağa başlayıb. Qeyd edək ki, seçicilərin 36.75%-nin dəstəyini qazanan Raffi Ovannisyan Sərkisyanın seçkilərin nəticələrini saxtalaşdırdığını bəyan edərək uzun müddət İrəvanın Azadlıq meydanında tərəfdarları ilə birgə oturaq aksiyalar keçirmişdi.

Sərkisyanın ikinci prezidentlik müddətində ötən 6 ayda ölkədə iqtisadi vəziyyət daha da pisləşib, sosial təbəqələşmə dərinləşib. Üstəlik, Ermənistanın Rusiya kimi müttəfiqi ilə münasibətlərində də ciddi çat yaranıb ki, bu da ölkədə siyasi böhranı sürətləndirir.

Xəbər verildiyi kimi, müxalifət avqustun 24-də İrəvanda yenidən aksiyalara start verib. Raffi Ovennisyanın rəhbərlik etdiyi Varis Partiyasının keçirdiyi mitinqdə Sərkisyanın istefası tələb edilib. Ter-Petrosyanın fəal siyasətdən çəkilməsindən sonra Ermənistanda indi əsas müxalifət lideri kimi Ovannisyan qəbul edilir. Keçmiş xarici işlər naziri Ovannisyan bəyan edib ki, sentyabrın 23-dək ölkədə yeni siyasi situasiya yaranacaq və bu, Sərkisyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Erməni müxalifətinin lideri ölkədə bir müddətdir müxtəlif sosial qrupların, xüsusilə tələbələrin aksiyalarını yada salaraq hamını birləşməyə çağırıb: "Biz müxtəlif dövlət idarə və müəssisələrinin qarşısında aksiyalar keçirməklə heç nəyə nail ola bilməyəcəyik. Nə qədər ki, qələbə 90% bizimdir, birləşməli və birgə mübarizəyə başlamalıyıq". Onun sözlərinə görə, birgə mübarizə nəticəsində ölkədə yeni siyasi vəziyyət yarana bilər və hakimiyyət ilin sonunadək istefaya gedər: “Ermənistan hazırda fövqəladə vəziyyətdə yaşayır. Ona görə də ambisiyalardan vaz keçərək ölkəni uçuruma gedən bu yoldan döndərmək lazımıdır”.

Ovannisyan bəyan edib ki, aksiyaları təkcə paytaxt İrəvanda deyil, ölkənin əyalətlərində də keçirməyi planlaşdırır. “Avqustun 30-da Vanadzorda və Gümrüdə aksiyalar olacaq” deyə, o bildirib.

Mitinqdə çıxış edən Varis Partiyasının baş katibi Stepan Safaryan da Sərkisyan hakimiyyətini sərt tənqid edərək Ermənistanın uçuruma doğru getdiyini söyləyib: “Ermənistanın müstəqilliyini elan etməsindən ötən 23 ildə gerbimiz, bayrağımız, himnimiz və formal olaraq fəaliyyət göstərən dövlət strukturlarımız var. Amma bu atributların heç biri Ermənistan cəmiyyətinə deyil, bir qrup adama xeyir gətirir”.

Partiya funksioneri David Sanasaryan isə deyib ki, 23 illik müstəqilliyin xeyrini Ermənistan cəmiyyəti duya bilməyib. “Hakimiyyəti zəbt edən adamlar Qərbə və Rusiyaya işləyirlər. Ölkədə yaradılmış ordu ölüm statistikasını aparan quruma çevrilib. Zabitlər isə əsgərləri seçkilərdə məntəqələrə apararaq saxtakarlıqda iştirak etməyə məcbur edirlər.

Ancaq bizim vəziyyəti dəyişmək üçün vaxtımız var. Bunun yolu isə birgə mübarizədən keçir" deyə, Sanasaryan çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 29-da Ermənistanda bir sıra aksiyaların keçiriləcəyi səbəbindən vəziyyətin nəzarətdən çıxma ehtimalı var. Belə ki, həmin gün hakimiyyətin onlara münasibətindən narazı olan ən mütəşəkkil təşkilat - Qarabağ müharibəsi veteranları Azadlıq meydanına aksiya təyin edib. Bundan başqa elə həmin gün ali məktəblərdə təhsil haqqının qaldırılmasına etiraz edən tələbələr də Ermənistanın Hökumət Evinin qarşısında aksiya keçirəcəklər. Ovannisiyan deyib ki, onun təşkilatı hər iki aksiyaya ciddi dəstək verəcək. Ermənistanın aldadaraq Qarabağa göndərdiyi başkəsənlər ordusunun muzdluları isə indi səhvlərini başa düşüblər. Onlardan biri Xaçik Avetisyan deyib ki, müstəqillik günündə ermənilərin bir-birlərini təbrik etməyə haqları yoxdur: “Çünki belə bir müstəqil dövlət yoxdur. Ermənistanın bütün hakimiyyət qanadları bir qrup tərəfindən zəbt edilib”.

Ermənistanda hakimiyyət böhranının yaxınlaşdığı barədə daha bir xəbərdarlıq “Daşnaksütyun” Ali orqanın rəhbəri Armen Rustamyanın bəyanatında səslənib. “Ermənistan hakimiyyətinin sosial-iqtisadi, o cümlədən daxili və xarici siyasəti ölkəni fars-mojor vəziyyətə salıb və hər an partlaya bilər. Hakimiyyət elə zənn edir ki, onların dayaqları güclüdür və vəziyyət heç vaxt nəzarətdən çıxa bilməz. Onlar sadəcə, bu təhlükəni görmürlər. Əgər onlar fikirləşirlərsə ki, hələ qarşıda 4-5 il zamanları var, çox böyük səhvə yol verirlər. Çünki cəmiyyətdəki təhlükəli situasiyanı biz görürük” deyə, Rustamyan vurğulayıb. “Daşnaksütyun” Sərkisyanın xarici siyasətini də tənqid edərək yaranmış vəziyyətin “Ermənistanın bir dövlət kimi taleyini sual altına qoyduğunu” söyləyib. O, ölkənin sürətlə boşaldığının dediklərinə sübut olduğunu bildirib. Rustamyan da qarşıdakı sentyabr ayında ölkədə hakimiyyətin daha ciddi problemlə üzləşəcəyini deyib və Sərkisyan hakimiyyətinə xəbərdarlıq mesajı göndərib: “İki yol var: ya seçki yolu, ya da birləşməklə hakimiyyəti zəbt etmiş adamları uzaqlaşdırmaq yolu”.

Ermənistanda hakimiyyət böhranında Rusiyanın indilikdə hansı rol aldığını söyləmək tezdir. Sərkisyan tərəfdarları Rusiya ilə münasibətlərin gərginləşməsini rəsmi İrəvanın guya müstəqil siyasət yeritmək istəyi ilə əlaqələndirirlər. Ermənistanın Avrasiya və Gömrük ittifaqlarına daxil olmaqdan imtina etməsi təbii ki, bu birliklərin əsas ideya müəllifi Vladimir Putini ciddi narazı salıb. Regiondakı ciddi beynəlxalq projelərdən özünü kənarda qoyan Ermənistanın indi Avropa İttifaqı ilə əməkdaşlığı onu ağasını-Rusiyanı qəzəbləndirib. Sərkisyan Kremlin gözündən düşüb və Rusiya istəsə, onu gecə ikən yatağından belə oğurlaya bilər. Amma görünür, Kreml indilikdə Sərkisyanın əsəblərini yoxlayır. Ermənistanın indi “birlik”, “müstəqillik” bağıran siyasi dairələri də bu və ya digər şəkildə Kremlə bağlıdır. Ermənistanda hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olmayaraq onu tam anlamda müstəqil dövlət kimi siyasət yürüdəcəyi ermənilərin növbəti xülyasından başqa bir şey deyil.

Ölkədə vəziyyətin gərginləşməsi indilikdə daha çox ağır iqtisadi durumla əlaqələndirilir və yaranmış fürsətdən istifadə edən Rusiya da ehtimal ki, bu gərginliyi körükləyəcək. Çünki asılı və bundan da ələbaxan Ermənistan Kremlin maraqlarına daha çox uyğundur.

Qeyd edək ki, Ermənistandakı vəziyyətin nə dərəcədə faciəvi olduğunu elə bu ölkənin açıqladığı rəsmi rəqəmlərə baxanda tam mənasında anlamaq mümkündür. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-iyul ayında Ermənistan ümumi dəyəri 9.1 milyard dram, yəni 22.1 milyon dollar həcmində humanitar yardım alıb.

Rəsmi statistikaya görə, iyun-iyul aylarında Ermənistanda bütün növ məhsulların qiymətində artım müşahidə edilib.

Ötəni ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiyməti artıb. Rəsmi məlumatda o da deyilir ki, ərzaq məhsullarının artımı bütün iri rayon və şəhərlərdə müşahidə edilib.

Ermənistan mətbuatı isə yazır ki, Serj Sərkisyan daxildə polis rejimi yaradaraq hakimiyyətini gücləndirib və gələcək üçün planlar da qurur. İddialara görə, Ermənistan siyasi kuluarlarında konstitusiyaya dəyişikliklər gündəmdədir və bu xəbərlər mətbuata sızdırılmaqla cəmiyyət bu prosesə hazırlanır. “Ola bilsin ki, bu il və ya növbəti il ölkə konstitusiyasına dəyişikliklə bağlı referendum keçirilsin. Bu dəyişikliklə də ölkə parlamentli respublikaya çevrilsin və prezident səlahiyyətləri azaldılsın. Serj Sərkisyan bunu özü üçün etmək istəyir ki, 2017-ci ildə istefa verərək hakim Respublika Partiyasının siyahısına başçılıq etsin. Seçkilərin nəticələri saxtalaşdırılaraq Sərkisyanın partiyası lider olur və beləliklə, əbədi olaraq hakimiyyətdə qalır” deyə, erməni bloggerlərdən biri yazır.

Başqa bir məlumata görə, isə Sərkisyan hakimiyyətdən gedəcəyi təqdirdə özünə ehtiyat namizəd də tapıb. Erməni mətbuatının iddialarına görə, bu, Ermənistanın baş naziri Tiqran Sərkisyandır. Onun reytinqi Ermənistanda təbii ki, yüksək deyil və ölkədə yaranmış ağır iqtisadi böhranın əsas günahkarlarından biri hesab olunur. Amma onu prezident Sərkisyandan fərqli edən bir sıra populist və publikaya təsir edən addımlar atmağı bacarmasıdır. Məsələn, o, adamların gur olduğu yerlərə hərdən mühafizəsiz gedir, gənclərə qoşulub gitara çalır və Ermənistan mətbuatının dili ilə desək “çox bərbad mahnı oxuyur”. Ermənistanda onun haqqında danışarkən deyirlər ki, əslində ölkəni idarə edən Serj yox, Tiqrandır. Onun prezident ambisiyaları rəhbəri olduğu Ermənistan Sosial-Demokrat Partiyasını dirçəltmək istəyindən də bilinir.

“Onun yaxın ətrafı artıq gizlətmir ki, gələcək prezident məhz Tiqran Sərkisyan olacaq” deyə, bu barədə xəbərlərdə deyilir.

Adı offşor hesablarının olmasında hallanan baş nazirin prezidentliyə iddiası mümkündür. Amma nəzərə almaq lazımdır ki, Kreml T.Sərkisyandan bərk aclıqlıdır. Rəsmi Moskva Ermənistanın Avrasiya və Gömrük birliklərinə üzvlükdən imtinasında ondan şübhələnir. Belə xəbərlər də var ki, Kreml bir neçə dəfə onun dəyişdirilməsi üçün prezident Sərkisyana müraciət də edib. Amma prezident ehtimal ki, həm də öz hakimiyyətini qarantiyalamaq üçün soyad adaşını vəzifədə saxlayır. Bəlkə də qurbanlıq kimi....(musavat) 

  • Yazılıb
  • da (də) 2013 Aug 27